sabirabad-yeni

Sabirabad sakinlərinin işıq problemi

sabirabad-yeniYağış günahkardır, yoxsa işığa cavabdeh qurumlar?

Sabirabad sakinləri işıq problemindən şikayətçidir. Redaksiyamıza zəng vuran rayon sakini bildirir ki, oktyabrın 15-də yağan yağış rayonu zülmətə salıb. Rayon işıq idarəsinin rəisi Məqatil Yunusov isə sakinlərin müraciətinə əhəmiyyət vermir.

Təkcə kəndlər deyil, rayon mərkəzində də iki gün ciddi işıq problemi olub. Problem yalnız oktyabrın 17-də qismən həll edilib. Rayon mərkəzinə və kəndlərə fasilələrlə işıq verilib. Sakinlər hələ qış gəlməmiş yaranan bu problemin onlara qarşıdakı soyuq aylarda çətinliklər yaşadacağını düşünür. Sonra da sual edirlər ki, bəs ölkənin sürətli inkişafı ilə bağlı deyilənlər hara getdi? Ölkə əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıyla bağlı dövlət büdcəsindən işıq təsərrüfatına ayrılan milyonların hara və necə xərcləndiyi də sakinlərin cavab tapmadığı suallardandır. Onlar “Azərişıq” rəhbərliyindən bu suallarına cavab istəyir.

“Qabaqlar işığa məsul şəxslər işıqpulu yığa bilmədiklərindən gileylənir, yaranan problemi bununla izah edir, abonentləri suçlu sayırdılar. Artıq bir neçə ildir bu problemi həll ediblər, yeni sayğaclar qoyublar, əhali pulu qabaqcadan ödəyir ki, işığı yansın, yəni işıqpulu yığmaq məsələsi biryolluq həll olunub. Bəs indi qarınlarının azarı nədir, kimdən soruşaq bunu?” deyə sakinlər vurğulayır. Onlar bu cavabdeh qurumlardan və şəxslərdən işə məsuliyyətlə yanaşmağı tələb edir.