Hakimiyyət neft hasilatını azaltmaqdan qorxdu

mehemmed_yeniMəhəmməd Talıblı: «Azərbaycan üzərinə öhdəlik götürməkdə və hasilatı azaltmaqda maraqlı deyil»

Rəsmi Bakının OPEK-in neftin qiymətinin 70 dollara qaldırılması yollarını müzakirəsinə dair oktyabrın 21-də keçirəcəyi texniki müşavirəsinə qatılmaqdan imtina etdiyi barədə məlumat vermişdik.

OPEK-in müşavirəsində neftin qiymətinin 70 dollara qaldırılması üçün hasilatın tədricən azaldılması müzakirə olunacaq. Azərbaycanla yanaşı kartelə daxil olmayan ölkələrdən Rusiya, Qazaxıstan, Braziliya, Kolumbiya, Meksika, Norveç və Oman da müşavirəyə dəvət edilmişdi. Bundan əvvəl Rusiyanın energetika sferası üzrə yüksək rütbəli rəsmiləri ölkədə neft hasilatının aşağı salınmayacağını bildiriblər. Bununla belə Rusiya nümayəndə heyəti OPEK-in müşavirəsinə qatılacaq.

Azərbaycan isə, ümumiyyətlə, müşavirəyə qatılmır və hasilatın aşağı salınmasına dair müzakirələrə qoşulmur.

“Bizə OPEK-in dəvəti daxil olub. Lakin energetika naziri Natiq Əliyev bu tədbirdə iştirak etməyəcək. Azərbaycan müşavirədə iştirak etmək istəmir”ÿ- deyə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyevaÿ”Röyter”ə bildirib.

Nazirliyin rəsmisi bu qərarın səbəblərini izah etməyib.

OPEK-ə üzv olan və olmayan hasilatçı ölkələrin müşavirəsini çağırmaq təklifini kartelin baş katibi Abdalla əl-Badri irəli sürüb. Gözlənilir ki, iclasda Venesuela neftin qiymətinin artırılmasına dair yeni strategiya təklif edəcək. Venesuela hesab edir ki, bu strategiya sayəsində neftin qiymətini 70 dollara qaldırmaq mümkündür (Virtualaz.org).

Azərbaycanın tədbirə qatılmaması, heç şübhəsiz, üzərinə əlavə öhdəliklər götürməmək məqsədi daşıyır. Bu isə o deməkdir ki, hazırkı dönəmdə Azərbaycan neftini maliyyə əldə etmək üçün hətta ucuz qiymətə belə satmağa hazırdır.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanın bu tip tədbirlərə qoşulmaması daha çox onunla bağlıdır ki, rəsmi Bakı beynəlxalq iqtisadi bloklarda təmsil olunmaq və tərəf kimi üzərinə öhdəlik götürməkdə maraqlı deyil. Əgər Azərbaycan öhdəlik götürsə ki ölkəmiz OPEK-in hasilat kvotasında olduğu kimi hasilatı aşağı salacaq, o zaman bu, ölkəyə daxil olan neft pullarını azaldacaq: “Doqquz ayın göstəriciləri sübut edir ki, Azərbaycanın ixracatda ən çox güvəndiyi neft və neft məhsullarından gələn gəlir 47 faiz aşağı düşüb. Ötən ilin səkkiz ayı ilə rəqəmləri müqayisə edən zaman bu göstərici alınır. Bu, əhəmiyyətli bir azalmadır. Əgər dünyada neftin qiymətinin aşağı düşməsinin fonunda xarici ticarət dövriyyəsi aşağı düşübsə, gəlir azalıbsa, hasilat aşağı endirildikdən sonra ölkə iqtisadiyyatına ikiqat zərbə vuracaq. Nəticədə neftdən daxilolmalar dövlət büdcəsində, makroiqtisadi göstəricilərdə əksini tapacaq. Böhran əlamətlərinin ciddi olduğu bir zamanda zənn etmirəm ki, Azərbaycan hökuməti OPEK-in hasilat kvotasının aşağı salınması ilə bağlı təkliflərini icra etsin”.

M.Talıblı bildirdi ki, dünyada neftin qiyməti yüksəlsəydi, Azərbaycanın rezervləri artmış olsaydı, bəlkə belə qərar verilərdi. “Hazırda ölkənin daxili ehtiyatları azalıb. Belə olan halda isə neftdən daxilolmaların azalması böhranı daha da kritikləşdirə bilər”, deyə M.Talıblı vurğuladı.

Xəyal