A.M.A.Y-la TexnikaBank arasında növbəti “atışma”

İş adamı baş prokurora müraciət etdi, bank isə Abdulla Abdullayevi ermənipərəst adlandırdı

Demokratik Islahatlara Vətəndaş Dəstəyi Ictimai Birliyinin sədri, A.M.A.Y-ın rəhbəri Abdulla Abdullayev baş prokuror Zakir Qaralova məktub yazıb. Məktubda yazılıb: “…Müasir demokratik ölkələrdə, insanlar prokurorluq orqanlarına, pozulmuş hüquqlarının bərpa edilməsi və qorunması məqsədilə müraciət edirlər…
Bir daha nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi TexnikaBank ASC-nin əsassız şikayəti və erməni xislətli (özgəsinin əmlakını və mülkini zəbt etmək istəkli) himayədarlarının marağı və sifarişi əsasında vətəndaşlar – Kərimov Yusif Eldar oğlu və Məmmədov Zakir Tofiq oğlunu 10 (on) il müddətinə, Novruzov Elşən Firudin oğlunu isə 11 (on bir ) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib… Dələduzluq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdir. Əgər kredit verməni TexnikaBank ASC-nin özü təklif edirsə və istənilən məbləği, bir firmaya deyil, bir neçə firmaya verilməsi şərtini irəli sürürsə və bunu necə etməyin yolunu göstərirsə, burada hansı aldatmadan söhbət gedə bilər. Əksinə Texnika Bank ASC-nin verdiyi təkliflər, bankın hələ 2007-ci ildən düşünülmüş və planlı şəkildə himayədarlarının köməkliyi ilə həyata keçirməyə başladıqları “piramida” tipli dələduzluq cinayətindən xəbər verir. Keçən müddət ərzində baş verənlərə nəzər yetirdikdə, istintaqın necə canfəşanlıqla onlara ayrılmış rolu ustalıqla oynadıqlarını görmək olur. Bunun üçün, hətta hüquq elmində xüsusi biliyə ehtiyac yoxdur… Hətta bir gün əvvəl yaradılmış firmalara küllü miqdarda kredit vermişlər. Bəlkə də belə hal bir dəfə baş vermiş olsaydı, bunu təsadüf və ya bank əmakdaşlarının aldanaraq, dələduzların qurbanı olmalarını demək olardı, ancaq belə halın, ardıcıllıqla 35 dəfə təkrarlanması TexnikaBankın aldadılmasını deyil, əksinə bilərəkdən aldatmasını sübut edir”.
“TexnikaBank”ın cavabı gecikməyib. Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Həqiqətən Abdulla Abdullayevin dolayısı və ya birbaşa rəhbərlik etdiyi bir neçə şirkətin bank qarşısında kredit öhdəliyi mövcuddur… Bank qanunvericiliyə müvafiq olaraq hüquq-mühafizə orqanları qarşısında həmin şirkətlərin öhdəliklərinin yerinə yetirilməməsi səbəblərinin araşdırılması üçün iddia qaldırmışdır. Abdulla Abdullayev indi də Demokratik Islahatlara Vətəndaş Dəstəyi Ictimai Birliyi adından çıxış edərək, ictimaiyyət arasında çaşqınlıq yaratmaqla öhdəliklərinin yerinə yetirilməsini təmin etmir və hüquq-mühafizə orqanlarına şər-böhtan yağdıraraq, məhkəmə orqanlarına bu cür təsir etməklə, eyni zamanda özünə demokratik imic yaradaraq öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmağa cəhd edir. Abdulla Abdullayev banklardan və digər dövlət təşkilatlarından götürdüyü kredit resurslarını mənimsəmək, vətəndaşları aldatmaqla vəsaitlərini mənimsəyərək, özünün dediyi kimi erməni xisləti siyasət apararaq dolayısı yolla elə erməni siyasəti apardığını açıqlamışdır. Abdulla Abdullayevin Demokratik Islahatlara Vətəndaş Dəstəyi Ictimai Birliyi adından istifadə edərək özünü müdafiə etmək cəhdi son dərəcə təhlükəli olmaqla biznes aləmində yolverilməz və utancverici hərəkətlərdir”.

Ramin DEKO