Ölkənin qaz gəlirləri niyə gizlədilir?

İlham Şaban: «Hökumət qaz satışındakı geriləməni etiraf etmək istəmir»

Qubad Ibadoğlu: «Azərbaycanda neft və qaz satışında əsas problem imzalanan kontraktların şəffaf olmamasıdır»

Ölkənin qaz gəlirləri gizlədilir. Bunu rəsmi statistika da təsdiq edir. “Bizim yol” qəzetinin yazdığına görə, Neft Fondu və Gömrük Komitəsi xaricə satılan mavi yanacaqdan gələn vəsaiti açıqlamır. Dövlət Gömrük Komitəsinin hesabatlarında ölkədən ixrac olunan enerji resurslarına dair məlumatlarda “Şahdəniz I” yatağından çıxarılan qazın nəzərə alınmadığı göstərilir. Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 11,9 milyon manat olub. Amma həmin gəlirlər sırasında neft və qaz satışından əldə olunan pullar bir göstərilib.
Araşdırma nəticəsində isə məlum olub ki, 2010-cu ildə Türkiyə mətbuatı Azərbaycandan idxal olunan qazın həcmi barədə 6 müxtəlif rəqəm səsləndirib.
Bəs qaz satışı ilə bağlı rəqəmlərin gizlədilməsində məqsəd nədir?
Ekspert Ilham Şabanın sözlərinə görə, son ildə Azərbaycanın qaz ixracı aşağı düşdüyünə görə hökumət sadəcə olaraq rəqəmlərlə bunu ifadə etmək istəmir: “Azərbaycan məmurları sadəcə olaraq iqtisadi inkişafla bağlı iri rəqəmlər verməyə öyrəşiblər. Amma son ildə Azərbaycanın əmtəə qazı üzrə ixracatı səkkiz, texniki qaz üzrə isə ixracatı 3 faiz aşağı düşüb. Bu rəqəmləri isə hökumət etiraf etmək istəmir. Çünki 100-110 faizlik inkişafdan danışıldığı bir zamanda geriləməni söyləməyi istəmirlər”.
Iqtisadçı Qubad Ibadoğlu isə bildirdi ki, Azərbaycanda neft və qaz satışında əsas problem imzalanan kontraktların şəffaf olmamasıdır. Iqtisadçının sözlərinə görə, bir çox hallarda satılan neft və ya qazla ölkəyə gələn gəlirlər arasında müqayisə apardıqda ortaya ciddi fərq çıxır: “Bizim təşkilat dəfələrlə müracəit edib ki, imzalanan kontraktların şərtləri ictimaiyyətə açıqlanmalıdır. Bu məqamların açıqlanmaması nəticədə ciddi suallar meydana çıxarır. Müqayisə zamanı məlum olur ki, Azərbaycanın satdığı neft məhsulları ilə əldə etdiyi gəlir arasında ciddi fərq var. Indi də qaz satışı ilə bağlı rəqəmlərin açıqlanmaması sırf hasilatın aşağı düşməsi ilə bağlıdır. Artıq həm neft, həm də qaz satışında hasilatın aşağı düşməsi özünü ÜDM-də göstərib”.

Xəyal