intiqam-aliyev

Hakimiyyəti Avropa Məhkəməsini necə aldadır?

İntiqam Əliyev: «Bu cür eybəcərliklər ancaq Azərbaycan kimi ölkənin məhkəmələrində baş verə bilər»

Azərbaycan məhkəmələri Isa Qəmbərin işini «tərsə salıb»

Azərbaycandan Avropa Məhkəməsinə göndərilən seçki şikayətlərilə bağlı hakimiyyət ötən ilin sonunda saziş bağladı. Hökumət faktiki Azərbaycandakı seçki saxtakarlığından şikayətçi olanların hüquqlarının pozulduğunu etiraf etdi, ərizəçilərə kompensasiya ödənilməsi, pozuntu hallarının aradan qaldırılmasıyla bağlı fərdi və ümumi xarakterli tədbirlərin yerinə yetirilməsinə dair öhdəlik götürdü. Avropa Məhkəməsi də bunu nəzərə alaraq, seçki şikayətlərindən yeddisini baxılacaq işlərin siyahısından çıxardı.
Qərarın çıxarılmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, hökumətin öhdəliklərin icrası istiqamətində hər hansı addımlar atmadığını görən şikayətçilər bu istiqamətdə fəaliyyətə başlamaq qərarını veriblər. Hökumətin Avropa Məhkəməsi qarşısında hüquqlarının pozuntusunu tanıdığı siyasilər ölkə daxilində hüquqlarını pozan qurumlara qarşı iddia qaldırıblar. Məsələn, sabah 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Mərkəzi Seçki Komissiyasına (MSK) və Maliyyə Nazirliyinə (MN) qarşı iddiası üzrə işin hazırlıq iclası keçiriləcək. Məhkəmədə M.Mirəlioğlunun hüquqlarını müdafiə edəcək hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri Intiqam Əliyevlə söhbətimiz isə konkret bu iş ətrafında deyil, bütövlükdə Avropa Məhkəməsinə göndərilən seçki şikayətlərinin nəticəsi, hökumət öhdəliklərə əməl etməyəcəyi halda, gözlənilən perspektivlər haqda oldu:

– 2008-ci ilin ortalarından Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında seçki şikayətləri üzrə kommunikasiya başladı və bu proses təxminən 1 ilə yaxın davam etdi. Hökumət bu müddətdə pozuntuları birmənalı şəkildə tanımamaq mövqeyi tutmuşdu, şikayətlərdə göstərilən bütün pozuntuları inkar edirdi. Lakin Namət Əliyevin işi üzrə qərar elan edildikdən sonra digər seçki şikayətlərilə bağlı qərarların da qaçılmaz olduğunu, onların 2010-cu ilin parlament seçkiləri ərəfəsində elan oluna biləcəyi ehtimalının böyük olduğunu anlayanda hökumət taktikasını dəyişdi. Barışıq sazişi bağlamaq və onunla əlaqəli şikayətlərin siyahıdan çıxarılması təklifini irəli sürdü. Bu cür təklif Mirmahmud Fəttayev, Isa Qəmbər, Yaqub Məmmədov, Fuad Mustafayev, Eldar Namazov, Ilham Hüseyn və Elçin Rzayevin işi üzrə irəli sürüldü.
Barışıq sazişinin ötən ilin aprelində açıqlanan ilkin variantında hökumət yalnız kompensasiya ödəmək öhdəliyini üzərinə götürmüşdü. Bildirirdi ki, barışıq sazişi təklifilə çıxış etməsi onun şikayətçilərin göstərdiyi hüquq pozuntularını tanıması anlamına gəlmir. Bununla bağlı şikayətçilərin Avropa Məhkəməsinə göndərdikləri cavabda göstərilirdi ki, hökumət onların hüquqlarının bərpası, gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısının alınması istiqamətində addım atmaq niyyətində deyil. Onlar o zaman vurğuladılar ki, qarşıdan parlament seçkiləri gəlir, hökumət parlament seçkilərinə qədər bu qərarların elan edilməsini istəmir. Hökumətin kommunikasiyaların başa çatmasından 5 ay keçdikdən sonra barışıq təklifilə çıxış etməsi də Strasburqdakı qərarların qəbulu prosesini ləngitmək məqsədi güdür. Ona görə də Avropa Məhkəməsindən şikayətlərə mahiyyəti üzrə baxılaraq qərar verilməsi xahiş olundu.
Bundan sonra Avropa Məhkəməsinə, o cümlədən şikayətçilərə ünvanlanan yazışmalarda hökumət təkliflərinə bəzi korrektələr etdi. Ötən il oktyabrın 26-da hökumət Avropa Məhkəməsinə ünvanladığı birtərəfli bəyanatında Mirmahmud Fəttayev və yuxarıda adları çəkilən digər 6 şikayətçinin Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu etiraf etdi. Hökumət mənəvi ziyana, habelə məhkəmə xərclərinə və digər məsrəflərə görə hər bir şikayətçiyə 9.100 avro məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirdi. həmçinin seçki qanunvericiliyinin, onun tətbiqi praktikasının təkmilləşdirilməsilə bağlı üzərinə bir sıra öhdəliklər götürdü. Şikayətçilər bundan sonra Avropa Məhkəməsinə yazdıqları son məktubda bildirdilər ki, pozuntuların hökumət tərəfindən etiraf edilməsi “formal xarakter” daşıyır və əsas məqsəd işlərin siyahıdan çıxarılmasıdır. Yəni, hökumətin azad seçki keçirmək niyyəti yoxdur və onun öhdəliklərini icra etməyəcəyi əvvəlcədən bəllidir. Amma Avropa Məhkəməsi 3 dekabr 2010-cu ildə dövlətin üzərinə öhdəliklər götürməsini nəzərə alaraq şikayətləri işlərin siyahısından çıxardı. Başqa sözlə, Avropa Məhkəməsi hökumətə şans verdi ki, özü könüllü olaraq seçki sahəsində vəziyyəti qaydaya salsın. Amma bu qərardan uzun müddət ötməsinə baxmayaraq, hökumətin fərdi və ümumi xarakterli tədbirlərin görülməsi istiqamətində hər hansı addımlar atmadığını görən şikayətçilər fəaliyyətə başlamaq qərarını veriblər.

– Mirmahmud Mirəlioğludan başqa digər şikayətçilərdən də ölkə daxilində oxşar iddia qaldıranlar varmı?
– Müsavat Partiyasının başqanı Isa Qəmbər də eyni tələblərlə eyni qurumlara qarşı iddia qaldırıb. Lakin onun işi bir qədər “tərsə düşüb”. O, bu il iyulun 7-də Avropa Məhkəməsinin qərarı əsasında maddi və mənəvi ziyanın ödənilməsilə bağlı iddia ərizəsilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Həmin məhkəmənin hakimi Vüqar Həsənov iddia ərizəsini əlavə olunan sənədlərlə birgə geri qaytarıb və bildirib ki, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdır. Isa Qəmbər həmin qərardadda göstərilənləri əsas tutaraq, iddia ərizəsini 1 saylı Inzibati-Iqtisad Məhkəməsinə təqdim edib. Lakin bu dəfə 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin hakimi Q.Abbasov 22 avqust 2011-ci il tarixli qərardadı ilə işə həmin məhkəmədə baxılmasını mümkünsüz sayıb, iddia ərizəsini və əlavə olunan sənədləri geri qaytarıb. Hakim qeyd edib ki, Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların təsnifatının təsdiq olunması haqqında” qərarında MSK inzibati orqan kimi göstərilmədiyindən, o, inzibati orqan sayılmır və bu işə Inzibati-Prosessual Məcəlləyə uyğun baxıla bilməz. Məhkəmə vurğulayıb ki, işə mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Başqa sözlə, anormal bir situasiya yaranıb: şəxs ümumi məhkəməyə iddia verir, məhkəmə sənədi geri qaytarır ki, get, inzibati məhkəməyə müraciət et. O, deyilənə riayət edir, bu dəfə həmin məhkəmə onu geri – ümumi məhkəməyə qaytarır. Bu cür eybəcərliklər ancaq Azərbaycan kimi ölkənin məhkəmələrində baş verə bilər.
Inzibati Prosessual Məcəlləyə əsasən (8.2-ci maddə), predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə özü işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qanunvericiliyin müddəalarından açıq-aşkar aydın olur ki, hakim, hətta mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olmadığı hallarda belə, iddia ərizəsini geri qaytarmalı deyildi, həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərməli idi. Işi geri qaytarmaqla hakim qanunvericiliyin bu tələbini kobud surətdə pozub.
Isa Qəmbərin adından həmin qərarın qanunsuzluğu ilə bağlı şikayət verilib, həmçinin qanunvericiliyin tələbini kobud surətdə pozan hakim barədə xüsusi qərardad çıxarılması və onların intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün səlahiyyətli qurumlara müraciət olunub. Işə bu yaxınlarda hakim Elşanə Vəliyevanın sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində baxılmalıdır.
Yeri gəlmişkən, bu hadisədə başqa bir anormallıq ondadır ki, elə həmin məhkəmələr oxşar tələblər üzrə iddialardan birini icraata götürür, o birini isə geri qaytarır ki, bu işə mən baxmalı deyiləm.

– Bu işlərin perspektivilə bağlı nə düşünürsünüz?
– Hökumət ilk dəfə öz siyasi opponentlərinin hüquqlarını pozduğunu Yüksək Məhkəmə – Avropa Məhkəməsi tribunası qarşısında etiraf edib. Özü də hansı hüquqlarını – siyasi hüquqlarını və onların arasında ən vaciblərindən biri olan seçki hüququnu! Bu, yaxşı bir ibrətamiz dərsdir. Indiyə qədər hökumətin aşağıdan yuxarı bütün səviyyəli məmurları bildirirdilər ki, Azərbaycanda seçkilərdə saxtakarlıq və qanunsuzluqlar olmur. Eynilə adları çəkilən işlərdə də hökumət bu mövqeyi tutmuşdu. Indi bu cür iddialar səsləndiriləndə, həm yerli, həm də beynəlxalq cəmiyyətin əlində etiraz etmək üçün çox ciddi faktları var.
Keçək məsələnin o biri aspektinə. Avropa Məhkəməsi yuxarıda qeyd olunan şikayətlərin siyahıdan çıxarılması barədə qərarında hökumətin seçki işləri ilə bağlı görməli olduğu ümumi tədbirlərin zəruriliyi ilə bağlı öhdəliyinə əməl etmək vəzifəsini bir daha xatırladıb. Avropa Məhkəməsi qərarda qeyd edib ki, Konvensiyaya əsasən, hökumət Namət Əliyevin işi üzrə qərarda Məhkəmənin müəyyən etdiyi pozuntuların aradan qaldırılması üçün Avropa Şurasının Nazirlər Komitəsinin nəzarəti altında öz daxili hüquq sistemində ümumi, habelə zəruri hallarda fərdi tədbirləri görmək öhdəliyini daşıyır. Məhkəmə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini hökumətin diqqətinə çatdırmaq üçün xüsusi olaraq Konvensiyanın 37-ci maddənin 1-ci bəndinin sonundakı qeyd-şərti xatırladıb: Konvensiya və onun Protokolları ilə təmin olunan insan hüquqlarına riayət olunması tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir. Başqa sözlə, hökumət üzərinə götürdüyü öhdəlikləri icra etməsə və növbəti dəfə yalançı olduğunu nümayiş etdirsə, Avropa Məhkəməsi şikayətlərin siyahıdan çıxarılması barədə qərarını ləğv edə və onlara mahiyyəti üzrə baxa bilər.
Başqa sözlə, hökumət kompensasiya ödənişindən başqa hər hansı tədbir görmək istəməsə, şikayətçilər Avropa Məhkəməsini və onun qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsini məlumatlandırmaqla şikayətlərə mahiyyət üzrə baxılmasını tələb edə bilərlər.
Əslində, 2010-cu ilin parlament seçkilərində Avropa Məhkəməsinə seçki saxtakarlıqları ilə bağlı göndərilən 100-dən çox şikayət hökuməti öz öhdəliklərini nə dərəcədə yerinə yetirməsinin göstəricisidir. Amma hər halda, şikayətçilər vətəndaş cəmiyyəti qurumları ilə birgə, hökumətin öz öhdəliklərini yerinə yetirmək niyyətində olmadığını bir daha nümayiş etdirmək üçün ölkə daxilində bir sıra prosedurlara başlayıblar. Onlardan biri də yuxarıda bəhs etdiyimiz məhkəmə çəkişmələridir.
Bundan başqa, şikayətçilər seçki hüquqlarının pozuntusu ilə bağlı onların 2005-2006-cı illərdə ölkə daxilində qaldırdığı işlər üzrə qanunsuz məhkəmə qərarlarının ləğv olunması tələbilə Ali Məhkəmənin Plenumuna müraciət ediblər.
Həmçinin hökumətin öhdəliklərinə rəğmən seçki qanunvericiliyinin və tətbiqi praktikasının təkmilləşdirilməsi istiqamətində Avropa Məhkəməsinin qərarlarının qəbulundan sonra gördüyü ümumi xarakterli tədbirlər barədə hökumət qurumlarına sorğular verməyə hazırlaşırlar. Bütün bunlar nəticəsiz qalsa, Avropa Şurası Nazirlər Komitəsinə adekvat addımların atılması xahişi ilə müraciət istisna deyil.
2005-ci ili parlament seçkiləri ilə bağlı Əli Kərimlinin, Arif Hacılının, Qulamhüseyn Əlibəylinin, Bəybala Əbilin, Sərdar Cəlaloğlunun və daha bir neçə nəfərin işi üzrə qərarları yaxın vaxtlarda Avropa Məhkəməsinin elan edəcəyi gözlənilir. Bunların hər biri çox maraqlı və ümumi səylərimizə ciddi töhfələr verəcək işlərdir.

Aytən Məmmədova