Bu hökumətlə bu böhrandan çıxış yoxdur

akarimli-yeni5

Dostlar, bilirəm ki, çoxlu rəqəmlər, statistik məlumatlar oxumaq xeyli adamı yorur. Amma bu dəfə sizə təqdim etdiyim rəsmi statistik məlumatları oxumanızı çox istəyirəm. Biz dözümlü xalq olaraq çox vaxt içində olduğumuz sosial-iqtisadi böhranın miqyasını tam təsəvvür edə bilmirik. Çünki bizi çətinliklərlə yaşamağa artıq alışdırıblar. Amma budəfəki böhran çox ciddidir və bu hökumətlə bu böhrandan çıxış yoxdur. Özünüz baxın.

– Cari ilin 9 ayında ölkənin ixracı 47%-ə qədər və ya 10,3 milyard dollar azalıb.

– Bu ilin 9 ayı ərzində ölkə neft satışından ötən ilin 9 ayı ərzində olduğundan 8 milyard dollar az qazanıb.

– Dövət büdcəsinin xərcləri 25,7% kəsirlə yerinə yetirilib. Yəni dövlət 4 milyard manatlıq büdcə öhdəliklərini yerinə yetirməyib.

– Mərkəzi Bankın rezervləri 8 milyarddan da artıq azalaraq 15 milyarddan 7 milyarda düşüb.

– Neft Fondunun illik büdcəsi də təqribən 4-5 milyard manat kəsrlə yerinə yetiriləcək.

– Manat 34% ucuzlaşıb, daha bir devalvasiya da qapının arxasındadır.

– İlin 9 ayı ərzində əhalinin banklardakı əmanəti 2 milyarddan artıq (dollar ifadəsində) azalaraq, 9 milyarddan 7 milyarda düşüb.

– Qiymətlərin nə qədər artdığını, nə qədər iş yerinin bağlandığını, sosial zəminli intiharların necə pik həddə çatdığını da hamınız bilirsiniz.

Dostlar, indi isə sizdən soruşuram: Belə dəhşətli iqtisadi tənəzzül azad mətbuatı, ortabab parlamenti olan bir ölkədə baş versəydi, həmin dövlətin rəhbəri xalqın qarşısına çıxıb “bu il iqtisadi inkişaf ölkəmizdə çox sürətlidir” deyə bilərdimi? Amma bizim ölkədə bu mümkündür. Çünki bizim nəinki inkişafımız, hətta ölkəmiz də artıq analoqsuzlaşıb. Hakimiyyət oğru və yarıtmaz siyasətinə görə heç bir məsuliyyət hiss etmir. Xalqı saymır, xalqla hesablaşmır!

İndi bildiniz ki, müxalifətçilərin, vətəndaş cəmiyyəti fəallarının həbs edilməsinin, azad mətbuatın susdurulmasının, seçkilərin saxtalalaşdırılmasının sizin süfrənizə və cibinizə birbaşa dəxli var?