Avropa Məhkəməsi hakimiyyətin təbliğatını ifşa etdi

avropa-mehkemesi

Ermənilərin əleyhinə çıxarılmış qərar YAP hakimiyyətinin «erməni» arqumentini boşa çıxardı

Azərbaycan hakimiyyəti uzun müddətdi “erməni” arqumenti ilə silahlanıb və bütün tənqidçilərini bu “arqument”lə  damğalamaq kursu götürüb. Xüsusən son dönəmlər belə bir təbliğata start veriblər ki, ATƏT, Avropa Parlamenti, beynəlxalq hüquq müdafiə təşkilatları erməni lobbisinin təsiri altındadır və buna görə də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Hətta dünyanın ən nəhəng ölkəsi olan ABŞ-ın da erməni lobbisindən asılı olduğunu söyləyirlər.

Məsələ burasındadır ki, Almaniya Bundestaqının məlum qətnaməsi, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməsi, ATƏT-in seçki müşahidəçiliyindən imtinası, nüfuzlu beynəlxalq nəşrlərin Azərbaycandakı korrupsiyadan, repressiyadan yazması hakimiyyəti pərt vəziyyətə saldı. Ona görə də daxili auditoriyanı çaşdırmaq üçün “erməni” kartından istifadə etməyə başladılar.

Ancaq başqa arqumentlər kimi bu arqument də ifşa olundu. Əvvəlcə, adı çəkilən beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçı olduğunu təsdiqləyən qərarlar verdilər. Təkcə Avropa Parlamenti Qarabağla bağlı 2 qətnamə qəbul edib. Yəni bu qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, hakimiyyətin avtoritar mahiyyətini də ortaya qoyublar.  Bugünlərdə baş verən bir hadisə isə hakimiyyətin “arqument”ini bir daha məhv etdi. Avropa Insan Haqları Məhkəməsi “erməni soyqırımı”nı danmağın cinayət əməli olmadığını təsdiqləyib. Belə ki, 2005-ci ildə Türkiyə Işçi Partiyasının lideri Doğu Perincek Isveçrədə mitinqdəki çıxışında Birinci Dünya müharibəsi vaxtı ermənilərin soyqırımı iddialarını “beynəlxalq yalan” adlandırıb. Buna görə də 2007-ci ildə Isveçrədə Türkiyə vətəndaşının məhkəməsi başlanmışdı. Perincəyə 3 aylıq cəzası və 3000 frank cərimə kəsilmişdi. Avropa Məhkəməsi həmin qərardan olan şikayətə baxıb və Türkiyə vətəndaşını haqlı çıxarıb.

Əgər bu qurumlar erməni lobbisinin təsirindədilərsə, Almaniyadan tutmuş, ABŞ-a qədər bütün dövlətlərin qərarlarına ermənilər təsir göstərə bilirlərsə, Avropa Məhkəməsi ermənilərin marağına zidd hökmü necə çıxara bilir?

Bir daha aydın olur ki, bu hakimiyyətin siyasəti, təbliğatı qeyri-ciddi və dayazdı. Dünya ölkədəki siyasi məhbuslardan, məmurların qanunsuz varlanmasından, hakim ailəyə məxsus varidatlardan, ofşorlardakı milyardlardan danışır, bunlar isə “bizə qarşı qərəz var”, “erməni lobbisinin sifarişidir” kimi biabırçı cavablar verirlər.

Bir daha qeyd edirik ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələri və son olaraq Avropa Məhkəməsinin ermənilərin əleyhinə qəbul etdiyi qərar, Azərbaycan hakimiyyətinin “erməni” arqumentini sıradan çıxardı.

Əgər bu hakimiyyətin zərrə qədər utanmaq hissi olsaydı, heç olmasa Avropa Məhkəməsinin məlum qərarından sonra susardı. Birdə ki, erməniyə “atalıq” edən Rusiyanın qarşısında təzim edənlərin dünyanı ermənipərəstlikdə ittiham etməsi gülüncdür. Əgər beynəlxalq təşkilatlar Qarabağı erməni torpağı kimi qəbul edib, əvəzində YAP hakimiyyətini mədh etsəydi, hökumətimiz Avropa qitəsinə heykəl qoyardı. Yəni bu hakimiyyət erməni sevgisi olanlara yox, hakimiyyətin qanunsuzluqlarına göz yummayanlara “erməni” damğası vurur.

Samir