“Azərbaycanda baş verənlərə göz yummaq olmaz”

«Guardian» Əliyevlərin Avropa liderlərilə münasibətlərinin gərginləşdiyini yazır

«Rəsmi Bakının «demokratiya» bəyanatı həqiqəti əks etdirmir»

Böyük Britaniyanın “The Guradian” qəzeti Azərbaycanla bağlı növbəti məqalə dərc edib. Məqalədə Azərbaycanın “Eurovision-2012”yə ev sahibliyinə hazırlaşmasından və ölkədəki vəziyyətdən bəhs olunur. Müəllif Meri Fitsqerald yazır ki, Azərbaycanın “Eurovision-2011” musiqi yarışmasında qalib gəlməsi ölkədə böyük təmtəraqla qeyd olundu. Əhalisinin 85 faizi şiə olan Azərbaycan cənub sərhədlərindən Iranın ciddi təbliğat təhlükəsilə üz-üzədir. Şimaldan isə qonşu Rusiyanın güclü təsiri Azərbaycan hökumətinin müstəqil xarici siyasət yürütməsinə mane olur.
“Bu keçmiş sovet ölkəsi Avropa və Qərblə münasibətlər qurub. BMT, Avropa Şurası, ATƏT kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir. Rəsmi Bakının əsas şüarlarından biri ”Demokratiya bizim yolumuzdur” şüarıdır. Lakin Bakının bəzi bəyanatları həqiqəti əks etdirmir”, – deyə məqalədə vurğulanır.
Müəllif qeyd edir ki, rəsmi Bakı Qərblə imzalanmış neft-qaz müqavilələrinə zərbə vurmamağa çalışır. Bununla yanaşı, Avropa liderləri ilə münasibətlər gərginləşməkdədir.
Məqalədə daha sonra yazılıb: “Ölkə başçısı Ilham Əliyev son rəhbər Heydər Əliyevin oğludur. Ailə 1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkəni idarə edir. Ilham Əliyevi 2003-cü ildə baş nazir postunu formal olaraq tutması da narahat etmədi.
2009-cu ildə keçirilən referendumla isə ölkə başçısı postunu tutmağa qoyulan məhdudiyyət aradan qaldırıldı. Beynəlxalq müşahidəçilər Azərbaycanda baş tutmuş bütün seçkiləri azad, ədalətli və şəffaf keçirilmədiyi üçün sərt tənqid edib. Müxalifət fəallarının keçirdiyi dinc aksiyalara polis müdaxiləsi olur. Kütləvi zorakılıq və həbs halları baş verir.
Son prezident seçkiləri zamanı da zorakılıq, təhdidlər, saxtakarlıq halları müşahidə olunub. Ötən il “Sərhədsiz reportyorlar” təşkilatı hesabatında qeyd edirdi ki, Azərbaycanda fəaliyyət göstərən bloqçu və jurnalistlər hakimiyyətin təzyiqlərilə üzləşir. Hazırda isə ictimai fəallar bu ilin aprelində keçirilən dinc etiraz nümayişlərində həbs olunan müxaliflərə qarşı çıxarılan sərt məhkəmə qərarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.
Aprel aksiyalarına münasibət bildirən Avropa Parlamentinin rəhbəri Yeji Buzek Azərbaycandakı bütün siyası məhbusların azad olunmasını tələb edib. Avropa rəsmisi onu da əlavə edib ki, Azərbaycanla Avropa Birliyinin münasibətlərinin güclənməsi insan haqları və siyasi azadlıqların inkişafından daha çox asılıdır. Azərbaycandakı hazırkı rejimin regionun digər ölkələrində olanlar qədər çirklənmədiyini söyləyə bilərik. Ancaq biz Azərbaycanda baş verənlərə göz yuma da bilmərik. Tarix göstərir ki, belə yanaşmanın sonu Qərb üçün dəhşətli nəticələrə gətirib çıxarır. Biz bütün bu cür ölkələrə eyni standartlarla yanaşmalıyıq”.

Siyasət şöbəsi