Sahibkarların qara günləri başladı

nemet-eliyevNemət Əliyev: «Ölkənin ağır sosial-iqtisadi durum yaşadığı halda vergi dərəcəsini artırmaq nə dərəcədə doğrudur?»

Ölkədə iqtisadi durumun ağırlığı ticarət obyektlərinin bir-birinin ardınca bağlanmağı da sübut edir. Bir müddət əvvəl şəhərin mərkəzi küçələrində bir çox butiklərin fəaliyyətini dayandırdığı barədə məlumat vermişdik. Şəhərin Səməd Vurğun, Rəsul Rza, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli kimi mərkəzi küçələrində fəaliyyət göstərən brend geyim mağazaları fəaliyyətini dayandırıb və bu obyektlərin üzərində “icarəyə verilir” elanları asılıb.

Müştəri qıtlığı və böhranla üzləşib fəaliyyətini dayandıran bu mağazaların sirasına yeniləri qoşulub. Yəni təkcə brend mağazalar yox, başqa bir çox iaşə obyekti də qapılarını birdəfəlik bağlamalı olub.

Belə ki, şəhərin Azadlıq prospekti, Süleyman Rüstəm, Rəşid Behbudov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Ceyhun Hacıbəyli küçələrində də qapısından “işləmir” məzmunlu elan asan kifayət qədər ticarət və iaşə obyektinə rast gəlmək olar. Onların sayı da az deyil.

“Kafe, çayxana, optika və gözəllik salonları da fəaliyyətin dayandırır”

Özü də fəaliyyətini dayandıran isə təkcə geyim mağazaları deyil. Siyahıda kafe, çayxana, optika və gözəllik salonları, toy təşkilatçılığı ilə məşğul olan şirkətlər, turizm şirkətləri də var.

Səbəblər müxtəlifdir. Amma fakt budur ki, mağazaların bağlanması halları əsasən bu ilin əvvəlində manatın devalvasiyasından sonra artıb. Iaşə obyektlərinin fəaliyyətini dayandırması da devalvasiyadan sonraya təsadüf edir.

Məsələn, Zorge parkının yanında yerləşən gəlinlik paltarı mağazasını misal çəkmək olar. Obyekt sahibi mağazanın 4 aydır ki, fəaliyyətini dayandırdığını bildirdi.

Rəşid Behbudov küçəsində yerləşən digər bir obyektin sahibinin sözlərinə görə isə həmin yerdə əvvəl turizm şirkəti olub. 8 ildən çox fəaliyyət göstərən şirkət 5 ay əvvəl bankrot olub.

Ceyhun Hacıbəyli küçəsində yerləşən və əvvəllər gözəllik salonu olmuş obyektin sahibi isə buranın 2 ay əvvəl fəaliyyətini dayandırdığını bildirdi.

Hamısında da səbəb eynidir – müştəri qıtlığı və oxşar obyektlərin bolluğu. (Virtualaz.org)

“Sadələşdirilmiş verginin dərəcəsi artırıldı”

Vergilərlə bağlı daha bir dəyişiklik sahibkarlar üçün heç də əlverişli mühit vəd etmir. Azərbaycan hökuməti ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini artırmağı təklif edir. Bu barədə parlamentdən məlumat verilib.

Vergi Məcəlləsinə düzəlişlər layihəsi parlamentə təqdim olunub.

Məcəllənin 220-ci maddəsində dəyişikliklərə əsasən, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə dövriyyənin 8%-i səviyyəsində müəyyən etmək təklif olunur.

Bu dərəcələr Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarlar üçün müəyyən edilir.

Bu dəyişikliklər parlament tərəfindən qəbul olunacağı halda 1 yanvar 2016-cı ildən etibarən qüvvəyə minəcək.

Hazırda Azərbaycanda sadələşdirilmiş verginin fərqləndirilmiş dərəcəsi tətbiq olunur. Xüsusilə Bakıda fəaliyyət göstərən sahibkarlar üçün vergi dərəcəsi fəaliyyət növündən asılı olmayaraq dövriyyənin 4%-i, ölkənin digər regionlarında fəaliyyət göstərən sahibkarlar üçün dövriyyənin 2%-ni təşkil edir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, illik dövriyyəsi 120 min manatdan çox olmayan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. (Interfaks-Azərbaycan)

Bəs, bu cür dəyişiklik iqtisadiyyata nə vəd edir? Nəzərə almaq lazımdır ki, təkcə 4000 nəfərin vergi borcu olduğuna görə, ölkədən çıxmasına qadağa qoyulub. Üç min nəfər isə vergi ödəmədiyinə görə məsuliyyətə cəlb olunub.

Sadələşdirilmiş verginin qaldırılması gələn ilin büdcə yığımlarına necə təsir edəcək?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, ümumi tendensiya bundan ibarətdir ki, ölkənin qeyri-neft sektoruna kapital qoyuluşu kəskin azalıb. Ölkə iqtisadiyyatının kreditləşməsinin də demək olar ki, dayandırıldığını deyən N.Əliyev əhali banklardan əmanətlərini geri çəkir: “Xarici ticarət dövriyyəsi aşağı düşür. Bu ümumi mənzərənin fonunda əsas zərbə əhaliyə dəyir. Artıq şübhə qalmır ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bu sektoru isə inkişaf etdirənlər sahibkarlardır. Amma sahibkarlar yetərincə sıxışdırılır. Onların üzərinə min cür bəhanələrlə hücumlar edilir. Hazırda ölkənin ağır sosial-iqtisadi durum yaşadığı halda vergi dərəcəsini artırmaq nə dərəcədə doğrudur”. Mənə elə gəlir ki, xüsusən də vergi dərəcələrinin artırılması, vergi yoxlamalarının qədərindən artıq edilməsi çox naşı davranışdır. Bütün bunların hər biri insanları sahibkarlıq fəaliyyətindən uzaqlaşmağa sövq edir. Bu baş verəcəksə vəziyyət daha da ağırlaşacaq”.

N.Əliyevin fikrincə, hökumət hazırda bütün iş-gücünü ataraq yalnız büdcəni doldurmaq barədə düşünməməlidir. N.Əliyevin sözlərinə görə, büdcəni doldurmaq üçün vergiyə cəlb olunmuş dövriyyənin artırılmasına stimul verən addımların atılmasına ehtiyac var.  “Hakimiyyət çalışmalıdır ki, ticarət dövriyyəsi, xidmətlərin sayı artsın. Istehsalın həcmi artsın. Axı vergilərin dərəcəsini artıranda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sərbəst maliyyə vəsaitinin həcmi azalır. Sahibkara kredit vermirsinsə, onun məşğul olduğu sahəyə yatırımlar qoymursansa, əlində olanı da tutub alırsansa, o sahibkar hansı vəsaitlə dövriyyəsini hansı formada genişləndirə bilər?”.

Xəyal