Azərbaycanın xarici ticarətində fantastik azalma

dollar

Xarici ticarət dövriyyəsi 36%, ixrac isə 47% azalıb

2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,7 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin 9 ayının nəticələrinə dair hesabatına görə, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 4275,2 manata bərabər olub.
Hesabata görə sənaye sahəsində istehsal olunan məhsulların 62,6 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 7,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 1,4 faiz, o cümlədən, əmtəəlik qaz hasilatı 4 faiz artıb, neft hasilatı isə 2,1 faiz azalıb. Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir.
Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Eyni zamanda iri və xırda buynuzlu heyvanların sayında artım var. Cari ilin 9 ayının göstəricilərinə görə, kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 14,082 milyard ABŞ dolları olub. Məlumatların müqayisəsi göstərir ki, ölkənin xarici ticarət dövriyyəsi bu ilin 8 ayında 10 milyard dollar (36 faizdən çox) azalaraq 27,6 milyard dollardan 17,6 milyard dollara qədər düşüb. İxrac 47 faizə qədər və ya 10,3 milyard dollar azalıb.

İxracın idxalı üstələməsi nəticəsində 2284,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. İdxal olunmuş məhsulların həcminin 22,3 faizi MDB üzvü ölkələrinin, 29,6 faizi Avropa İttifaqı ölkələrinin, 48,1 faizi isə digər ölkələrin payı təşkil edib.

Təəssüf edici məqam odur ki, ixracımızın cəmi 3.8 faizi MDB ölkələrinin, 60 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Azərbaycanın qeyri-neft sektorunda ixracı, əsasən, MDB ölkələri tutur. Avropa ölkələrinə isə yalnız neft və neft məhsulları ixrac edə bilirik. MDB ölkələrinə 3.8 faizlik ixrac bizim qeyri-neft ixracımızın vəziyyətini göstərir.

Əhalinin istehlak məhsullarına olan tələbat da kifayət qədər yüksəlib. İlin əvvəli ilə müqayisədə təqribən 6 faizə yaxın artıb. DSK-nın yanvar-sentyabr aylarına olan məlumatına görə, əhalinin nominal gəlirləri 5,8 faiz artaraq 30,1 milyard manata çatıb. Gəlirlərin 75,6 faizi son istehlaka, 9,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,1 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.