Türk ordusu 53 terrorçu öldürüb; xüsusi təyinatlılar “Tap, gir, məhv et, tərk et” taktikası tətbiq edir
Hakkarinin Çukurca bölgəsində törədilən xain hücumdan sonra Türkiyə silahlı qüvvələrinin PKK-ya qarşı əməliyyatları davam edir. Əməliyyatlar Türkiyənin daxilində və İraqın şimalında aparılır. Əməliyyatlara 22 taborun 10 min əsgəri cəlb edilib. Quru əməliyyatları ilə yanaşı PKK düşərgələri və hərbi obyektləri havadan bombardman edilir.
PKK-çıların gizləndiyi yerlər müəyyənləşən kimi bölgəyə vertolyotlar vasitəsilə xüsusi təyinatlılar endirilir. Kobra helikopterləri də davamlı Çukurcadakı Qazan vadisinə havadan zərbələr endirir. Türkiyə mediasının yazdığına görə, 3 gündür davam edən əməliyyatlar nəticəsində 53 terrorçu öldürülüb.
Çukurcada dünən gecə silah və top səsləri eşidilib. Əməliyyatın ilk günündə bölgəyə göndərilən bölüklər yenilənib. Səhər saatlarından etibarən vertolyotlar Qazan vadisi və İşıqlı bölgəsinə əsgər və hərbi sursat daşıyıb. Bölgəyə uçan vertolyotlar Qazan vadisi üzərində PKK-nın düşərgələrinə istilik bombaları atıb. Qeyri-rəsmi məlumatlara görə, əməliyyatın sürətləndiyi Qazan vadisində çoxlu sayda terrorçunun cəsədi aşkarlanıb.
Çukurca bölgəsində xüsusi təyinatlı polislər də əməliyyatlara cəlb olunub. Kekliktəpəyə hücumdan sonra polislər kəndin girişində olan Yeşilçeşme məhəlləsində xüsusi əməliyyat keçirib. Zirehli maşınlarla məhəlləyə girən polislər evlərdə axtarış aparıblar. Məhəllənin yolları nəqliyyata bağlanıb. Əməliyyat PKK-nın gerçəkləşdirdiyi terror hücumuna qatılan bəzi silahlıların həmin məhəllədə gizlənməsinə dair kəşfiyyat xəbəri alındıqdan sonra başlanıb.
Bundan başqa müxtəlif mənbələrdən gələn kəşfiyyat məlumatlarından sonra “Bordo Beretliler” adlandırılan xüsusi təyinatlılar Şimali İraq ərazisinə girərərək PKK-nın Hatfanin düşərgəsində əmliyyat keçiriblər. “Tap, gir, məhv et, tərk et” taktikasını tətbiq edən xüsusi təyinatlılara hər cür hava şəraitində hərəkətetmə qabiliyyətinə sahib olan xüsusi təchizatlı “Sikorsky”lər dəstək verib.
Türkiyə Silahlı Qüvvələri bu dəfə keçmişdəki quru əməliyyatlarından fərqli üsul tətbiq edir. Əvvəllər tanklar da daxil olmaqla quru zirehli qoşunları və piyada qüvvələrindən istifadə edən ordu rəhbərliyi bu dəfə daha çox “Bordo Beretlilər” adlı xüsusi təyinatlılara üstünlük verib.
Xatırladaq ki, PKK terror təşkilatının törətdiyi son qanlı aktlar nəticəsində 26 türk əsgəri və 5 polis şəhid olub. Onlarla yanaşı 3 mülki şəxs də həyatını itirib. Bundan sonra Türkiyə hökuməti PKK-ya qarşı əməliyyatlara start verib. Prezident və baş nazir artıq terrorçularla heç bir danışıq aparılmayacağını bildirib. Rəsmi Ankara sərt bəyanat verərək PKK-dan və onun havadarlarından iniqam alacağını açıqlayıb.
İnformasiya şöbəsi


