Guya seçicilərin 82 faizi ölkədə dəyişiklik istəmir
Hakimiyyət seçki öncəsi o qədər ciddi zərbələr alıb ki, artıq qeyri-ciddi, gülməli təbliğat formalarına start verilib. Qeyd edək ki, real müxalifətin seçkiyə qatılmaması, Avropa Parlamentinin seçkilərlə bağlı məlum mövqeyi, ATƏT-in seçki müşahidəçiliyindən imtinası ciddi legitimlik problemi yaradıb.
Hakimiyyət başa düşür ki, belə bir vəziyyətdə seçkinin nəticələri daxildə və xaricdə tanınmayacaq. Ona görə də “qapı-qapı” gəzib, süni legitimlik axtarırlar. Və uzun axtarışlardan sonra ABŞ-da “Arthur C.Finkelstein&Associates” adlı sorğu şirkəti tapıblar. Guya bu şirkətin apardığı sorğu nəticəsində məlum olub ki, Azərbaycanda seçicilərin 80%-i dəyişiklik istəmir. Yəni xalq bu hakimiyyətin siyasətini dəstəkləyir və YAP hökumətinə ömürlük etimad göstərmək fikrindədir. Konkret Ilham Əliyevin fəaliyyətinə gəlincə, guya seçicilərin 82%-i bunu “əla” qiymətləndirir.
Başqa vaxt ABŞ təşkilatlarını “ermənipərəsət” adlandıranlar, ABŞ-dan gələn tənqidləri “ikili standart” kimi təqdim edənlər indi heç kimin tanımadığı ABŞ təşkilatının keçirdiyi sorğudan yapışıblar.
Yuxarıda qeyd etdiyimiz kimi, parlament seçkilərində ciddi legitimlik problemi yaranıb və hakimiyyət təriflənmək üçün ünvan axtarır.
Çox maraqlıdır, yaşayış səviyyəsinin yüksək həddə olduğu Avropa ölkələrində, ABŞ-ın özündə heç vaxt belə nəticələrə qeydə alınmır. Amma sosial-iqtisadi vəziyyətin kəskinləşdiyi, korrupsiyanın meydan suladığı Azərbyacanda seçicilərin 80%-i mövcud hakimiyyətə “getmə gözümdən, gedərəm özümdən” deyir. Göründüyü kimi, bu “sorğu”nun hər yerində hakimiyyətin “dəst-xətti” hiss olunur. Necə ki, prezident seçkisində prezidentimiz 90 faizdən çox səs toplayır, necə ki, parlament seçkisində hakim partiya böyük faizlərlə qalib gəlir, eləcə də peyda olan sorğularda bu hakimiyyəti “qalib” edilir.
Məsələ burasındadır ki, bu tanınmamış sorğu şirkətinin nə vaxt, harda, kiminlə sorğu keçirdiyi məlum deyil. Yəqin, sorğu şirkətinə “dəqiq” məlumatı MSK-mız ötürüb.
Əgər ölkə vətəndaşlarının 82%-i Əliyev hakimiyyətinə “hə” deyirsə, niyə bu 82% seçkiyə gəlib YAP-a səs vermir? Hakimiyyət xalqın sevgisindən arxayındırsa, niyə rəqiblərinə imkan tanımır, tənqidçilərini şərləyib həbs edir, azad mətbuatı boğur, sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır?
Əslində, belə bir sorğu keçirilməsinin özü də hakimiyyətin qeyri-ciddi obrazını ortaya çıxarır. Ən mötəbər qurumlardan “yox” cavabı aldıqdan sonra heç kimin tanımadığı şirkətdən “hə” almağın nə önəmi var?
Bir sözlə, ölkə vətəndaşının cavabı “bu hökuməti istəmirik” olsa da, hökumətimizin dəyərləndirməsi “bu hakimiyyətin dəyişməsini istəmirik” olub. Həqiqətən də utanmasan oynamağa nə var ki. Vətəndaşı ən ağır məhrumiyyətlərə düçar edib, sonra da “xalq məni sevir” təbliğatı aparmağa qalın üz lazımdı.
Azad



