Sözdə sahibkara qayğıdan danışıb, əməldə 3250 sahibkarı məsuliyyətə çevirmək «humanizm»i
Hər gün məlum olur ki, vəziyyət biz düşündüyümüzdən də pisdir. Xüsusən də statistik rəqəmlərə nəzər salanda, hökumətin “sahibkar ovu”na başladığı açıq görünür. Ölkə başçısı Ilham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərdən sonra ortaya xeyli məqamlar çıxdı.
Ötən yazımızda yazmışdıq ki, 1621 sahibkar cinayət məsuliyyətinə cəlb olunub və müşavirədən sonrakı müddətdə də bu “proses” səngiməyib. Amma məlum olur ki, bu 1621 rəqəmi yüngül forma imiş. Belə ki, Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib və nazir Fikrət Məmmədov “sürpriz” rəqəmlər açıqlayıb. Sən demə, bu il icra məmurlarının tələblərini yerinə yetirməyən, vergi borclarını ödəməkdən boyun qaçıran 3250 nəfər məsuliyyətə cəlb olunub. Bəli, 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o sıradan 1800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Göründüyü kimi, hakimiyyətin “sahibkarlara qayğısı” bütün il ərzində davam edib. Belə bir şəraitdə iqtisadiyyatı şaxələndirmək, biznes mühitini yaxşılaşdırmaq, rəqəbətli bazar yaratmaq mümkündürmü? Ötən yazılarımızda da qeyd etmişdik ki, sahibkarlara qarşı yüksək məbləğdə vergi cərimələri tətbiq etmək, “qodovoy” vergi tələbi, yaranmış böhranlı vəziyyətlə bağlıdı. Yəni hakimiyyət uzun illər ərzində neftin qiymətinə arxayın olaraq, heç bir real sektoru inkişaf etdirməyib. Üstəlik, ölkənin rezervləri mənasız layihələrə xərclənib, məmurlar pulları mənimsəyib. Indi isə ciddi problem yaranıb və problemi həll etmək üçün vətəndaşın cibinə girmək, “pul tələsi” düzəltmək lazımdır.
Ona görə də potensial “şikar” kimi sahibkarlara “stavka” ediblər. Ən dəhşətlisi isə budur ki, ölkə başçısı uzun illər ərzində bundan xəbərdar olub və “qırmızı işığ”ı yandırmayıb. Indi bıçaq sümüyə dirənəndə “sahibkarlar heç kimə borclu deyil” söyləyir. Amma bu etirafdan sonra da yumşalma müşahidə olunmur. Əgər 3250 sahibkar məsuliyyətə cəlb olunubsa, 4000 nəfər sahibkarın ölkədən çıxışına qadağa qoyulubsa, deməli, vəziyyət həddindən artıq kritikdir. Açıq şəkildə xırda və orta sahibkarlara qarşı “müharibə” elan eidlib. Bu proses iş adamlarının ölkədənm qaçmasına, kütləvi işsizliyə gətirib çıxarır və pullu adamların dövlətə etimadını sarsıdır.
Bir daha aydın olur ki, ölkənin bu vəziyyətə düşməsi, bütün sahələrin monopoliyaya alınması məqsədyönlü siyasətin nəticəsidir. Milyardları mənimsəyənlər, dünyanın müxtəlif yerlərində biznes imperiyası quranlar azad şəkildə gəzir, xırda sahibkarlar da həbsə atılır. Tam əminliklə demək olar, həmin 1000-lərlə sahibkarın vergi borcu, bir iri məmurun illik mənimsəməsindən azdır.
Samir