“Şəxsən Ziya Məmmədova… şikayət etdim”

qanimatzahid-yeniAmma heç bir dəyişiklik olmayacaq

Qənimət Zahid

Azərbaycan avtoritarizmi ölkənin qapılarını bağlayıb öz işi ilə məşğuldur. Hətta parlament seçkiləri də bağlı qapılar arxasında keçirilir. Ilham Əliyev arabir ölkənin pəncərəsindən xarici aləmə baxır. Ruslar Suriyada bir az hay-küylü əməliyyat keçirəndə, eyni açılır. Amerikanlar Medvedevi qəbul etmədən geri qaytaranda sifəti tutqunlaşır. Dünyanın bütün diktatorları rusların Suriyadakı raketlərinin trayektoriyasını izləməklə məşğuldular. Hətta Şimali Koreyadakı axmağın adından bir bəyanat da yayıldı ki, “əgər Türkiyə yerində farağat oturmasa, onun daşını-daş üstündə qoymarıq”. Bu bəyanatı rus saytları yaydılar və bir zəruri qeydlə ki, “o, sözü havaya tullamır”.

Beşinci, ya altıncı Kim bu sözü deyib, ya yox – başqa məsələdir. Əsas odur ki, avtoritar rejimlər dünyanın təkərini geri fırlamaq iddiasına düşüblər və yəqin ki, yaxınlarda bu iddialar çilik-çilik olacaq. Axı, pul yoxdur! Türkiyəni məhv etməklə hədələyən Koreya liderinin təbəələri ot yeyir.

Elman Rüstəmovun vəzifəsi nədir?

Pul Azərbaycanda da yoxdur. Pulun qıtlığı yaranıb. Elman Rüstəmovluq bir iş yoxdur. O, pul sayandır, pul qazanmaq onluq deyil. Baxmayaraq ki, bank, elə pulu artırmaq işinə baxır. Elman Rüstəmov da pulu başqa yollarla artırdığına görə indi rəsmi vəsaitlərin qıtlığı yaranıb. Həm də başqa səbəblərə görə. Bu səbəblərin hamısını siz bilirsiz və sadalamaq istəmirəm. Əsas budur ki, pul azalır. Pul azaldığına görə də, əmlak bölgüsü yenidən başlayır.

Ziya Məmmədovun vurulmasını siyasi səbəblərlə əlaqələndirmək cəhdləri barədə yazıları oxuyanda gülməyim gəlir. Axı, Ziya Məmmədov hara, siyasət hara?! O binəvanın heç ictimai proseslərdən anladığı bir şeylər yox idi, hələ bir siyasi kombinasiyalar haqqında nəsə düşünməyi cəhənnəmə. Pul söhbəti isə başqa məsələ.

“Ziya Məmmədov Putinlə nələri müzakirə edib?”

Bir müddət əvvəl Ziya Məmmədovun oğlunun sabiq “teloxranitelləri” Türkiyədə bir-birini güllələyəndən sonra bəlli olmuşdu ki, bu mühafizəçilər çirkli pulların nəğdləşdirilməsi əməliyyatlarını icra edirmişlər və çırpışdırılan pulların üstündən kimin nə qədər çırpışdıra biləcəyi üstündə mübahisə yarandığına görə həmin pulların hesabını tapançalarla saymağa başlayıblar. Söhbət yüz milyonlarla nəğd pullardan gedirdi. Ziya Məmmədovun adı bu cür əməliyyatlarda hallananda daha yaxşı yaraşır. Yoxsa, Putinlə məxfi görüş-filan. Bu zarafatları boş verin, siz Allah! Hər kəsin bir ampluası var və Ziya Məmmədovun da öz ampluası var. O, ayda 2 dənə kitab oxusa da, həmin ampluadan çıxa bilməz.

Azərbaycanda əmlakın bölgüsü prosesi paşlayıb. Daha doğrusu, əmlakın yenidən bölgüsü. Yumurta müşavirəsini xatırlayırsınızmı? Kimin ağlına gələrdi ki, qos-qoca ölkənin prezidenti qos-qoca nazirləri toplayıb müşavirə təşkil edə və bu boyda mötəbər məclisin şıdırğı zamanında hay-haray sala ki, yumurtanın qiymətini yuxarı qaldıranlara qarşı cinayət işi qaldırılıb və onların hamısı cəzalandırılacaq? Belə bir şey ağlınıza gələrdimi? Əgər bunu bir zamanlar Vəzirov etsəydi, millət hələ də həmin yumurtaların içindən nəyin çıxdığı ilə bağlı min dənə lətifə düzüb-qoşardı. Amma bu dəfə millət bu fikirləri ciddiyə aldı. Ona görə yox ki, yumurta müşavirəsi ciddi ictimai nəticələr verə bilərdi. Sadəcə olaraq, ona görə ki, intiusiyalar, məhz, ona kökləndi ki, bu işin altında nəsə bir fırıldaq var.

Həmin zamandan üzü bəri əmlakın təkrar bölgüsü başlayıb.

Ziya Məmmədovun hansısa hesaba hansısa səhlənkar münasibəti bu prosesə təkan verə bilər, sadəcə.

Azərbaycanda növbəti əmlak savaşı başlayır

Indi kəmərləri bərk sıxmaq və daha strateji düşünmək məqamı yetişib. Bu zamana qədər Azərbaycan oliqarxlar arasında bölüşdürülərək idarə edilir və mənimsənilirdi. Həmin idarəçilik mükəmməldir, hər kəs öz pay bölgüsünü, öz hüdudlarını bilir. Bir zamanlar dövriyyəyə daxil olan “Paşa Holdinq” elementləri də hamını bir az daha sıx oturmağa dəvət (məcbur) edərək, Günəş altında yerini möhkəmləndirdi. Indi həmin yerin böyüdülməsi müzakirə mövzusu ola bilər. Yoxsa, Ziya Məmmədovun Vladimir Putinlə görüşüb Azərbaycanın gələcəyilə bağlı məsələləri müzakirə etməsi faktı qeydə alınsa, onu bu şəkildə doğrayıb atmazdılar, onun keçmişini yandırardılar ki, gələcəyinə dərs olsun.

Ziya Məmmədov əmlak bölgüsü üçün ciddi bəhanələr verib, amma bu bölgü onsuz da, baş verəcəkdi. Azəraycanda əmlak məsələləri qanunla tənzimlənmir. Bu münasibətləri tənzimləyən qaydalar var idi. Əvvəllər var idi. Ilham Əliyev hakimiyyətə gələndə bu qaydaları “like” etmişdi, amma həm də bildirmişdi ki, o da atasının yolu ilə gedəcək, çünki həmin yol yeganə doğru yoldur. Sizcə, Heydər Əliyev çevrəsindəki adamların hər hansı birinə əmlak üzərində müstəsna hüquq tanıyırdımı? Məncə yox. O rəhmətlik belə düşünürdü ki, çevrəsindəki insanların, nomenklaturada təmsil edilən hər kəsin topladığı sərvətlər onların heç birinə məxsus deyil. Indi Ilham Əliyev də belə düşünür və belə düşünməkdə haqlıdırmı, bu başqa məsələdir. Bu düşüncənin haqlı və ya haqsız olduğunu Ilham Əliyevlə şərikli biznesi və ya onun buyruğu ilə ayrılmış payı olanlar bilməli idilər.

Oliqarxların təqaüd yaşı olmur

Indi elə bir mərhələ yetişib ki, Ilham Əliyev əmlakın və sərvətlərin əvvəlki bölgü prinsiplərini yenidən müəyyən etmək fikrinə düşüb. Bu prinsip buraya qədər yarayırdı. Bu prinsip siyasi münasibətlərin də bəlli düzümünü yaradırdı. Əmlak həddindən asılı olaraq oliqarxlar inzibati qərarların çıxarılmasında iştirak edirdilər. Axı, qanunlar işləmirsə və qanunların işləməsinə nəzarət haqqı olan parlament də yoxdursa, hansısa qaydalar olmalıdır və bu qaydaları kimlərsə qəbul etməlidirlər. Bu zamana qədər qaydalar belə müəyyən edilirdi. Oliqarxların mənafeləri nəzərə alınaraq. Indi isə onlardan imtina etmək lazımdır. Ilham Əliyev oliqarxları başından rədd edib ölkədəki əmlakın idarə edilməsini xüsusi olaraq bunun üçün ixtisaslaşan yeni menecerlər ordusuna həvalə etmək niyyətindədir. Bu menecerlərin əmlak üzərində heç bir haqqı olmayacaq və buna görə də hansısa qərarların çıxarılmasında, qaydaların müəyyən edilməsində iştirak etməyəcəklər.

Bütün işlər yalnız onun əlində və onun iradəsi altında cəmlənəcək – “bitdən sirkəyə qədər” hər şey.

Azərbaycan oliqarxiya dövrü ilə vidalaşır və avtoritar təkhakimiyyətlilik dövrünə doğru itələnir. Köhnə oliqarxlardan isə heç birinin təqaüdə göndəriləcəyini zənn etmirəm. Onları, sadəcə olaraq, rədd edəcəklər.

Bunun yaxşı və ya pis olduğunu hər kəs öz arşını ilə ölçə bilər. Bəzilər belə hesab edə bilər ki, oliqarxlar ölkəni soyub talayırdılar və onların cəzalandırılması ədalətlidir. Mən bu qədər sadəlövh ola bilmirəm. Mən hesab edirəm ki, proses daha ağır məcraya yönəlir. Oliqarxlar ölkəni özbaşına soyub-talamırdılar. Onların bütün davranışları, bütün əməlləri qəbul edilən qərarların icrası idi və həmin qərarların qəbulunda Ilham Əliyev həmişə həlledici səslə iştirak edib. Indi həmin həlledici səs eyni qərarları qəbul edəcək, amma bu qərarların icrası ilə oliqarxlar deyil, sadəcə olaraq, direktorlar məşğul olacaqlar. Oliqarxlar bahalı zümrə idilər və onların saxlanması böyük xərc tələb edir. Sistem daxili xərclərini azaltmaq üçün onları qurban verməlidir. Ölkənin talanması üçün sxem və düsturlar isə oliqarxiya dövründə olduğu kimi qalacaq. Yerində qalmayan bəzi başqa sosial görüntülər də olacaq. Məsələn, bu zamana qədər adamlar deyirdilər ki, “şəxsən Ziya Məmmədova”, yaxud “şəxsən Kəmaləddin Heydərova”,.. şikayət etdim. Bundan sonra bu söhbətlər olmayacaq. Çünki həmin şikayət ünvanları qapanacaq.