Gəncədə növbəti özbaşınalıq

Üç gün əvvəl söz azadlığından danışan icra başçısı dünən şəhərdə treninq keçirilməsinə imkan vermədi

Gəncə şəhər Icra Hakimiyyəti Media Hüququ Institutuna (MHI) jurnalistlər üçün treninq keçirməyə imkan verməyib. Tədbir mediada peşəkarlığın, informasiya əldə etmə vərdişlərinin artırılmasıyla bağlı nəzərdə tutulmuşdu.
Bir neçə gün əvvəldən treninqin yeri dəqiqləşdirilib, müraciət edənlər sırasından 25 iştirakçı seçilib. Oktyabrın 21-də MHI-yə bildirilib ki, treninqlə bağlı şəhərin icra hakimiyyətini də məlumatlandırmaq lazımdır. Təşkilatçılar Icra Hakimiyyətinə məktub göndəriblər, hətta bu qurumun informasiya siyasətinə məsul təmsilçilərinin də treninqə qatılmasını istəyiblər. Lakin günün sonunda Icra Hakimiyyətindən MHI-yə tədbirin təxirə salınması barədə xəbərdarlıq olunub. Xəbərdarlıqda sadəcə onu vurğulayıblar ki, “Icra Hakimiyyətinin rəhbərliyi Gəncədə belə treninqin keçirilməsini məqsədəuyğun hesab etmir. Treninqlərdən öncə bunun üçün Prezident Administrasiyasından icazə almaq tələb olunur”.
MHI rəhbərliyi yaranmış problemin çözülməsi üçün Prezident Administrasiyasına müraciət etsə də nəticə əldə edə bilməyib.
MHI-nin proqram koordinatoru Xalid Ağaliyev deyir ki, Icra Hakimiyyətinin treninqin keçirilməsinə imkan verməməsi qanunsuzdur. Heç bir qanun treninqlərin, təlimlərin keçirilməsilə bağlı razılaşdırma, icazə rejimi nəzərdə tutmur.
“Vətəndaş cəmiyyəti qurumlarının fəallığını daraltmağa yönəlik belə pozuntular təəssüf doğurur, hüquq və azadlıqları hədəf alan təhlükəli tendensiyaları ifadə edir”, – deyə Xalid Ağaliyev vurğulayıb.
Xatırladaq ki, bugünlərdə Gəncədə “Dövlət müstəqilliyimiz və media” adlı ümumrespublika konfransı keçirilmişdi. Gəncənin icra başçısı Elmar Vəliyevin, həmçinin Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun da iştirak etdiyi tədbirdə Azərbaycanda söz və ifadə azadlığının mövcudluğundan ağız dolusu danışılmışdı. MHI-yə münasibətdə baş verənlər hökumət təmsilçilərinin bu haqda danışdıqlarının nə dərəcədə doğru olduğunu bir daha ortaya qoydu.

Aytən