AXCP sədrinin müavini Fuad Qəhrəmanlı başı üzərində “qara bulud”lar dolaşan oliqarx məmurlardan yazıb. Fuad Qəhrəmanlı özünün Facebook səhifəsində yazır:
“Elə bir mərhələ çatıb ki, uzun illər ərzində mövcud hakimiyyətin əsas dayaqları hesab olunan nazir oliqarxlar artıq toxunulmaz deyillər. Bu gün hələ ki, hədəfdə Ziya Məmmədovdur. Ancaq ondan sonra növbə başqalarına da çatacaq. Niyə?
Səbəblərini yazım, adamları da oxuyub onlara çatdırsınlar.
1) Böyük neft gəlirlərini bölüşdürdükdən sonra mərkəzləşmiş qaydada mənimsəmək və iqtisadiyyatın ayrı- ayrı sektorlarını əldə saxlamaq üçün müxtəlif sahələr oliqarxların nəzarətinə verilmişdi. Beləcə dövlət səviyyəsində həyata keçrilən korrupsiya nəticəsində toplanan vəsaitlər oliqarxlar vasitəsi ilə piramidanın yuxarısına ötrülürdü. Bu zaman oliqarxlar özləri də əldə olunan vəsaitdən böyük paylar götrürdülər. İndi buna daha ehtiyac qalmayıb. Neft gəlirləri azalıb və iqtisadiyyatın bütün sahələrində tənəzzül gedir. Deməli, korrupsiya nəticəsində toplanan vəsaitin pay bölgüsündə daha az itkiyə yol vermək üçün, özlərinə böyük paylar götürən oliqarxları, daha aza qane olan məmurlarla əvəz etmək zərurəti yaranıb.
2) İqtisadi tənəzzül nəticəsində gəlirlərin azalmasını kompensasiya etmək üçün, oliqarxların sahib olduğu milyardlarla kapitalı geri almağa ehtiyac yaranıb. Eyni zamanada iqtisadi böhrandan çıxıç imkanı görülmədiyinə görə, hakimiyyətin gələcəyinə də inam qalmayıb. Ona görə də ətrafda “kimin nəyi var tutub əlindən almaq” marağı indi həmişəkindən daha güclü hiss olunur. Bu səbəbdən də oliqarxların uzun illər ərzində yığıdıqları milyardları əsl sahibinə qaytarmaq vaxtı gəlib çatıb.
3) Uzun illər ərzində büdcə və xalq məhz oliqarxların rəhbərlik etdiyi korrupsiya mexanizmi ilə talan edilib. İqtisadi böhran üzündən cəmiyyətdə narazılıq artdığı üçün, mərhələ – mərhələ oliqarxları qurban vermək yolu ilə dövlət başçısı ictimai narazılığı səngitməyə, mövcud problemlərin əsas günahkarı kimi onları təqdim edib qurban verməyə çalışacaq. Bu baxımdan məşhur “nələrisə qurban vermək lazımdır ki, əsas olanı qoruyub saxlamaq mümkün olsun” prinsipi indi daha aktual görünür. Beləcə sistemə qarşı gələn narazılıqarı səngitmək üçün,
oliqarxlar qurban veriləcək və bu zaman bir güllə ilə bir neçə dovşan vurulacaq”.