
Qızı Aişə isə atasının öıüm xəbərini onun öz telefonunda eşidib
İki gün əvvəl həlak olan Liviyanın keçmiş lideri Müammər Qəzzafinin dul arvadı Safiyə Farkaş ərinin meyitini tələb edir. Bu barədə məlumatı İraqın “Ər-Ray” telekanalı yayıb. Qəzzafinin arvadı BMT-yə və digər beynəlxalq institutlara müraciət edərək, Liviyada hakimiyyəti ələ almış Milli Keçid Şurasına təzyiq göstəriməyə çağırıb. Safiyə çağırış edib ki, yeni hökumət Qəzzafinin və onun həlak olmuş tərəfdarlarının meyitlərini yaxınlarına təhvil verməlidir. O, Qəzzafinin, oğlunun və onların dostlarının ölümü ilə bağlı araşdırma aparılmasının vacib olduğunu da bildirib. “Mən 40 ölkə və onların casuslarına altı ay müqavimət göstərmiş döyüşçü ərimin, oğullarımın rəşadəti ilə fəxr edirəm. Bu mübarizə həlak olanların şəhid hesab olunmasına imkan verir”, – deyə Safiyə bəyan edib.
“İnterfaks” agentliyi isə xəbər yayıb ki, Qəzzafinin bir müddət əvvəl Əlcəzairə qaçmış qızı Aişə oktyabrın 20-də peyk telefonu vasitəsilə atasına zəng vurub. Lakin həmin vaxt Qəzzafi artıq həlak olubmuş. Onun telefonuna müvəqqəti hökumətin nümayəndələrindən biri cavab verib və Aişəyə atasının öldürüldüyünü bildirib. Bundan sonra Aişə Misurata şəhər rəhbərliyinə zəng vuraraq Qəzzafinin cəsədinin aqibətilə maraqlanıb. Lakin heç bir cavab ala bilməyib.


