“Ciyərim parçalanır” – Leyla Yunusun müalicəsinə imkan vermirlər

arif-leyla-mehkeme1«Alman həkim iki aylıq müalicə təyin eləmişdi, amma cəmi 6 gündən sonra «sançast»dan çıxartdılar. Bunlar həkim deyil, cəlladdılar…»

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunusun apellyasiya şikayəti üzrə ilkin baxış iclası davam etdirilib. Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyilə keçirilən iclas qısa çəkib.

Məhkəmə iclası başlamamışdan əvvəl zalda müəyyən hadisələr baş verib. Leyla Yunus məhkəmə zalına gətirilərkən prosesi izləyənlərə təcridxanada ona qarşı qeyri-insani rəftar barədə məlumat verib: “Mənim ciyərim parçalanır. Alman həkim avqustun 14-də məni müayinə edib, iki aylıq müalicə kursu yazdı. Həmin müddətdə mən təcridxanadakı ”sançast”da saxlanılmalı idim. Amma cəmi 6 gündən sonra məni oradan çıxartdılar. Bunlar həkim deyil, cəlladdılar…”

Leyla Yunus bir anlıq dayanıb bu fikirləri səsləndirərkən məhkəmə nəzarətçiləri ona mane olmağa çalışıblar. Onsuz da əl ağacı vasitəsilə çətinliklə yeriyən hüquq müdafiəçisini itələyərək, zaldakı şüşə kabinəyə salıblar.

Bundan dərhal sonra hakimlər zala daxil olub. Məhkəmə prosesinə sədrlik edən hakim Vüqar Məmmədov bildirib ki, oktyabrın 14-də Bakı Apelyasiya Məhkəməsinə Leyla Yunusun vəkili Elçin Sadıqovun vəsatəti daxil olub. Vəkil bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin məhkəmə iclas protokolları ilə tanış olmağa şərait yaradılmasını istəyib.

Hakim bildirib ki, vəkilin protokollarla tanış olması üçün məhkəmə prosesi oktyabrın 20-nə qədər təxirə salınır.

Qeyd edək ki, hakim bu fikirləri səsləndirərkən şüşə kabinədəki mikrofon işlək olmadığından Leyla və Arif Yunuslar zalda nə deyildiyini eşidə bilməyib. Hüquq müdafiəçisi bunu əl işarələrilə zaldakılara izah edib.

Məhkəmə prosesində iştirak edən Müsavat başqanı Arif Hacılı bunu hakimlərin nəzərinə çatdırıb. Buna cavab olaraq, hakim Vüqar Məmmədov Arif Hacılının məhkəmə zalını tərk etməsini istəyib. Nəzarətçilər Arif Hacılını çıxarmaq üçün ona yaxınlaşarkən Müsavat başqanı “Mən deputatlığa namizədəm, toxunulmazlıq hüququm var. Mənə əl vurmayın”, – deyə etiraz edib.

Buna baxmayaraq, hakimlər məhkəmə nəzarətçilərinə Arif Hacılını zaldan çıxarmaq barədə bir daha göstəriş verib. Müsavat başqanı da öz növbəsində “Siz nə oyun çıxarırsız, nə komediya düzəldirsiz? Guya siz hakimsiniz?” deyərək, məhkəmə zalını tərk edib.

Aytən