“Həbsim siyasi məqsəd daşıyır…” – Xədicə İsmayıl yenə meydan oxudu

xedice-mehkeme-yeni«Həbsdə ikən ilk yazımın dərcindən sonra karsa salınmağım, hər dəfə yazılarım yayılandan sonra mənə təzyiqlər…»

Hakimlər jurnalistin ifşaedici çıxışını tamamlamasına bu dəfə də imkan vermədilər

Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Dünən iş üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə prosesinə sədrlik edən hakim Ilqar Murquzov jurnalistdən məhkəmə heyətinə etirazı olub-olmadığını soruşub.

Azərbaycan məhkəmə sistemində ədalətli hakim yoxdur”

Mənim üçün fərqi yoxdur. Onsuz da Azərbaycan məhkəmə sistemində ədalətli hakim yoxdur. Əgər sizin öz səbəbiniz varsa, imtina edə bilərsiniz”, – deyə Xədicə İsmayıl bildirib.

Xədicə İsmayıl vəsatət qaldıraraq, istintaq zamanı onun hüquqlarını müdafiə etmiş, lakin sonradan “Azadlıq” radiosu ilə bağlı iş üzrə şahid qismində dindirilməsi səbəbilə müdafiə prosesindən uzaqlaşdırılmış Yalçın Imanovun yenidən vəkil kimi işə qoşulmasına şərait yaradılmasını istəyib. Bildirib ki, istintaqın ilk günündən Yalçın Imanov onun vəkili olub deyə, müdafiənin səmərəli təşkili üçün onun müdafiəsinə ehtiyacı var.

Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror ittihamçısı Abbas Abbaslı bildirib ki, Yalçın Imanov şahid qismində dindirildiyindən onun müdafiəçi kimi iştirakı qanuna ziddir.

Məhkəmənin vəsatətlə bağlı qərarı da prokurorun mövqeyinə uyğun olub – vəsatət təmin edilməyib.

Daha sonra vəkil Fəxrəddin Mehdiyev jurnalistin şüşə kabinədən çıxarılaraq, müdafiəçilərin yanında əyləşdirilməsi barədə vəsatət qaldırıb. Deyib ki, Xədicə İsmayılın vəkillə ünsiyyət, istədiyi anda məsləhətləşmək hüququ pozulur, bu da nəticədə keyfiyyətli müdafiənin təşkilinə maneə olur.

Vəsatətə Xədicə İsmayıl özü də münasibət bildirib: “Siz gələnədək mən vəkillə məsləhətləşmək istədim. Vəkilimi qapının ağzında saxladılar, nəzarətçilər də yanlarında. Bununla da vəkillə konfedensial ünsiyyət hüququm pozulur. Həm də mən sizi, xüsusən də prokuroru eşidə bilmirəm. Təkcə mənim qulaqlarıma yox, öz boğazınıza da hörmət edin, səs tellərinizi zorlamayın”.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən deyib ki, Xədicə İsmayılın saxlanıldığı şüşə qəfəs Ədliyyə Nazirliyinin təlimatlarına uyğundur və orada əlverişli şərait var. Ona görə də vəsatətin təmin olunmasına heç bir əsas yoxdur.

Məhkəmənin bu vəsatətlə bağlı qərarı da prokurorun mövqeyinə uyğun olub. Məhkəmə prosesinə sədrlik edən hakim Ilqar Murquzov bildirib ki, şüşə kabinə beynəlxalq standartlara uyğundur, ona görə də təqsirləndirilən şəxsin oradan çıxarılıb vəkilinin yanında əyləşməsinə ehtiyac yoxdur: “Vəkillə ünsiyyətə ehtiyac olanda buna şərait yaradılacaq”.

Xədicə İsmayıl vəkillə ünsiyyətə ehtiyacı olduğunu bildirib və buna görə də məhkəmədə on dəqiqəlik fasilə elan olunub. Bu zaman nəzarətçilərlə Xədicə İsmayıl arasında narazılıq yaranıb. Jurnalist vəkillə ünsiyyəti zamanı qapının bağlanmasını, nəzarətçilərin qapı arxasında qalmasını tələb edib, lakin onlar buna imkan verməyib.

Mənim qadın olduğumu nəzərə almayın”

Daha sonra vəkil Fəxrəddin Mehdiyev Xədicə İsmayıl barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb: “Hazırki şəraitdə, elə istintaqın ilk günündən Xədicə İsmayılın həbsdə saxlanılmasına heç bir hüquqi əsas olmadığı fikrindəyəm. Birinci instansiya məhkəməsi onun həbsdə saxlanılmasını 2 arqumentlə əsaslandırıb: istintaqdan yayınma və istintaqa təzyiq. Xədicə İsmayıl ziyalı adamdır, onun istintaqdan yayınması və ya təzyiq etməsindən söhbət belə gedə bilməz. Istintaq çoxdan başa çatıb. Onun ziyalılığını, qadınlığını nəzərə alaraq, bu vəsatəti təmin etməyinizi istəyirəm”.

Xədicə İsmayıl vəkilinin qaldırdığı vəsatətlə razılaşsa da, bir məqama etirazını bildirib: “Söhbət mənim azadlığımdan, həm də dövlətin daha bir məhbusa xərclədiyi vəsaitə qənaət olunmasından gedir. Indiki məqamda qənaət xüsusi önəm daşıyır. Amma vəkilimlə bir məqamda razılaşmıram. Mənim qadın olduğumu nəzərə almayın. Çünki mən qadın-kişi bərabərliyinə inanan biriyəm. Istintaqdan heç bir halda yayınmamışam, əksinə xaricdə olduğum zaman geri qayıtmışam, heç kimə təzyiq göstərməmişəm. Istəsəydim, bunu edə bilərdim, amma etməmişəm. Çünki özümün haqlı olduğuna inanıram. Həbsdə saxlanmağımın əsas məqsədi yazı yazmamaq, ictimaiyyətlə əlaqədə olmamaq və jurnalist kimi fəaliyyət göstərə bilməməyimdir. Elə həbsdə ikən ilk yazım yayılandan sonra karsa salınmağım, hər dəfə yazılarım yayılandan sonra mənə təzyiqlərin olunması…”

Bu məqamda hakim masadakı düyməni basmaqla şüşə kabinədəki mikrofonu söndürüb və Xədicə İsmayılın orada dedikləri zalda eşidilməyib. Jurnalistin sözünü kəsən hakim onun mahiyyət üzrə danışmadığını iddia edib.

Vəkilin təkidi ilə Xədicə İsmayıla fikrini tamamlamaq imkanı yaradılıb: “Bunları ona görə deyirəm ki, həbsdə saxlanmağım istintaqdan yayınma ilə bağlı deyil, siyasi məqsəd daşıyır…”

Hakim yenə mikrofonu söndürüb və jurnalistə fikrini tamamlamağa imkan verilməyib.

Xədicə İsmayılın işi tezliklə Avropa Məhkəməsinə çıxacaq

Daha bir vəsatət apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda olub. Fəxrəddin Mehdiyev bildirib ki, istintaq və birinci instansiya məhkəməsində müdafiə tərəfinin saysız-hesabsız vəsatətləri təmin olunmayıb: “Bu vəsatətlər ittihamı darmadağın edən vəsatətlər idi. Birinci instansiya məhkəməsində təkrar kompleks məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi haqda vəsatət qaldırmışdıq. Amma təmin olunmadı. Işin ədalətli araşdırılması üçün həmin vəsatətlərə apellyasiya məhkəməsi yenidən baxmalı və təmin edilməlidir”.

Xədicə İsmayıl vəsatətə münasibət bildirərkən sadəlövh olmadığını, bu instansiyada da işə ədalətli baxılmasını gözləmədiyini bildirib. Qeyd edib ki, bu iş tezliklə Avropa Məhkəməsi müstəvisinə çıxacaq: “Mənim hüquqlarım həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində pozulub. Mənə cinayət işinin tələb etdiyim səhifələri belə verilməyib. Bununla belə, günahsızlığımı sübut etmək çətin olmadı. Məhkəmə bizim təqdim etdiyimiz, iş üçün mühüm əhəmiyyət daşıyan sənədləri belə qəbul etmədi. Çünki qəbul edəcəyi halda, bu sənədlər cinayət işinə tikiləcəkdi. Birinci instansiya məhkəməsinin protokolları ilə məhkəmədən sonra tanış olmuşam. Orada 29 səhifədə mənim qeydlərim var, çünki protokollarda xeyli təhriflər var. Hesab edirəm ki, birinci instansiya məhkəməsində olan qanunsuzluqları, həm də protokol saxtakarlıqlarını nəzərə alaraq, məhkəmənin istintaq aparılmaqla keçirilməsi barədə vəsatəti təmin etməlisiniz. Çünki sizin əvvəlki məhkəmə protokollarına baxıb obyektiv qərar çıxarmaq imkanınız da yoxdur”.

Hakim vəsatətlərin heç birini təmin etmədi. Bu iş üzrə məhkəmə iclası 29 oktyabra təyin olundu.

“İnamsız yaşayanlar Xədicə İsmayıldan nümunə götürə bilər”

 

Xədicə İsmayılın məhkəməsində bir sıra tanınmış ictimai siyasi xadimlər iştirak edib. AXCP sədri Əli Kərimli də onların arasında olub. Əli Kərimli məhkəmədən sonra bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb:

Nəhayət, Xədicə İsmayılın məhkəməsində iştirak edə bildim. Xədicə xanım enerjili, əzmli və inamlıdır. Nisbi azadlıqda olsalar da, inamsız və bədbin ovqatda yaşayanlar ondan nümunə götürə bilərlər. Əminəm ki, Xədicə xanımı həbs etməklə hökumət çox böyük səhv edib. Xədicə xanımı həbs etdilər ki, daha bunların korrupsiya cinayətlərini ifşa edə bilməsin. Amma yağışdan çıxıb, yağmura düşdülər. Dünya ictimaiyyətinin nəzərində Xədicə İsmayılın həbsi rejimi, hətta Xədicə xanımın korrupsiya araşdırmalarından da çox ifşa edir. Hökumət kin, hikkə və qisas hissi ilə idarə olunanda çoxlarına, ilk növbədə də özünə problemlər yaradır. Ziyanın yarısından da qayıtmaq faydalıdır. Allah özü Xədicə xanımın və digər vicdan məhbuslarının qapısını açsın!”

Aytən Məmmədova