Azərbaycan – imperiya dövləti (II yazı)

Politoloq Vəfa Quluzadənin “Ömrümüz boyu bizim nə dövlətimiz, nə dövlətçiliyimiz olub”, deməyi “politoloq” anlayışının özünü absurda çevirir. Ölkəsinin mifik tarixini demirəm, gerçək tarixini danan politoloq! Bu necə ola bilir? Bu bir absurd deyilmi? Bizim dövlət, dövlətçilik tariximiz min illəri aşır. Yer üzündə bir neçə xalqın bizdəkinə oxşar çoxminillik, üstəlik, gələnək, görənək baxımından bir-birinə bağlı dövlət, dövlətçilik tarixi var. Bu tarixsə bizim üçün bir millət olaraq başucalığı tarixidir.

Dövlət demək, sistemli düşüncədən gələn bütöv bir quruluş, siyasi sistem, hüquq sistemi, bütövlükdə, qanunçuluq mexanizmi deməkdir. Min illər qabaq dövlət yaratmış istənilən xalq min illər qabağın yetkin, yüksək kültürlü xalqı deməkdir. Bizim xalqımız Yer üzündəki belə xalqların öncüllərindəndir. Bugünkü bir sıra bəlli – neqativ görsənişlərə baxıb xalqımızın min illəri aşan dövlət, dövlətçilik tarixini dəyərləndirmək, bu tarixi yoxa saymaq politoloq adına yaraşmayacaq bir işdir. Politoloq millət olaraq bizim bu günə düşməyimizin – indiki bəlli-neqativ görsənişlərin nədənini açıb ortaya qoymağa, sonra da düşüdüyümüz bu durumdan çıxış-qurtuluş yollarını göstərməyə borcludur.
Bu balaca yazımda qısaca olaraq, dövlət, dövlətçilik baxımından istər keçmişimiz, istərsə də gələcəyimiz üçün görk-örnək ola biləcək Şah Ismayıl faktı üzərində dayanmağı gərəkli sayıram. Şah Ismayıl, şah babamız! Rusiyanın ən ünlü dövlət başçısı I Pyotrun 18-ci yüzildə Rusiya üçün, Almaniyanın ən ünlü kansleri Otto Bismarkın 19-cu yüzildə Almaniya üçün etdiyini 16-cı yüzildə Azərbaycan üçün etmiş Şah Ismayıl bir çox baxımdan bu gün də bizə örnək olacaq bir dövlət qurmuşdu. Bizdə bu gün də Şah Ismayılı qırğın yoluyla Bütöv Azərbaycan yaratmaqda qınayıb-söyənlər var. Qoy belələri gedib Rusiyanın, Almaniyanın necə bir qanlı qırğın yolu ilə birləşdirilməsi faktlarını öyrənsinlər. Belələri indiki Amerika Birləşmiş Ştatlarının yüz illik yurddaş savaşından keçməklə yaradıldığını da bilməlidirlər.
Şah Ismayılın qurduğu Azərbaycan dövləti əski Azərbaycan-Türk gələnək-görənəklərinə uyğun olaraq qurulmuş dövlət idi. Bu dövlətin ideologiyası da çağın prinsiplərinə, gələnək-görənəklərinə bağlı ideologiya idi. Ortada bizim üçün çox önəmli, bu gün də aktual olan bir faktor var: Şah Ismayıl dövləti Demokratik çalarlarla zəngin Ulusal-milli Türk dövləti idi! Doğma ata yurdu Ərdəbildə hakimiyyət başına gələn Şah Ismayıl ulu bir missiya daşıyıcısı olaraq tezliklə Təbrizi – Azərbaycanın ulu başkəndini özünə başkənd etmişdi. Azərbaycanı qılınc gücünə birləşdirən, ölkənin sınırlarını qılınc gücünə Fəratdan Amu-dərya çaylarınadək genişləndirən Şah Ismayıl dövlətinin gücü qılıncda deyil, Demokratik yönətimdə, Qanunçuluqda idi. Xaraktercə düzən, doğru-düzgünlük baxımından dövlət Türk dövləti olduğu kimi, onun dili də Türk dili idi.
Bu gün, 21-ci yüzildə, Azərbaycanda kimlərsə Azərbaycan dövləti adına özlərinin cılız marqlarına uyğun regionçu-klançı, oğru-soyğunçu dövlət qurublar. Buna görə bu gün Azərbaycandan başqaları bir yana, özümüzünkülər baş götürüb qaçır. Böyük Türk Əri – ideal kişisi olan Şah Ismayıl dövləti Böyük, Bütöv Azərbaycan – Türk dövləti idi. O, ölkənin hər yerindən seçkin, hansısa üstünlüyü ilə ad çıxaran kimsələri hakimiyyətə gətirmiş, dövlət qulluğuna götürmüşdü. Bütün bunlara görə Türkiyədən, Misirdən Orta Asiyayadək hər yerdən Azərbaycana axınlar vardı. O çağlar yaxın-uzaq yerlərdə Azərbaycana mal-mülk toxunulmazlığına, yaşam-sağlıq güvənliyinə yüksək qarantiya qazandırılan ölkə olaraq baxırdılar. Burası tarixdə çox az görünən faktlardandır: çoxlu sayda savaşlar aparmasına baxmayaraq, Şah Ismayıl xalqın yaxşı yaşayışı üçün ölkədə vergiləri azaltmışdı!