Qəzzafi sağdır!

(Kaddafi is condemned to death. Who is the next?)

Diktatorun kanalizasiya borusunda – belə demək mümkünsə, cəhənnəmin qapısı ağzında murdar olması tam məntiqi və ədalətli sonluqdu. Burda yanlış nəsə aramağın özü yanlışlıq olardı. Vətəndaşlarını 42 il cəhənnəmdə yaşadan, diktatura nəcasətinin içində boğan bir adamın eyni aqibətlə də bitməsindən qanunauyğun nə ola bilər ki?
Ümumiyyətlə, neçə vaxtdı bunu müşahidə eləyirəm – əməllər bumeranqdı. Sonunda özünə qayıdır. Indi, hələ sağ olan diktatorların insanlara necə davrandığını ciddi incələyərək, onların aqibətinin necə olacağını təxmin eləmək olar. Hər halda, bu ilahimi, doğalmı faktdan ibrət götürüb həmin şəxslərin, qaniçənlərin öz talelərini dəyişmək imkanları var. Sadəcə, iş ondadır ki, bu, mümkün deyil. Çünki Tanrı (təbiət) onlara elə bir korluq verir ki, gerçəyi görə bilmirlər və bir-birinin ardınca eyni pislikli sonu yaşamalı olurlar. Necə ki, Səddam özündən qabaqkılardan dərs götürməmişdi. Necə ki, Hüsnü Mübarək, Bin Əli, Salehi, hələ dəli Qəzzafi…
O, lap açıq-açığına demişdi ki, Misir hadisələri bizdə təkrar oluna bilməz. Hadisələr yox, yoldaş Qəzzafi, bütöv tarix təkrar olunur, özü də bal kimi. Hələ sən o dünyadan, cəhənnəmin ən sənəlayiq yerindən nə qədər səninkimilərin nəcasət borularında qəhr olacağını müşahidə eləyəcəksən, darıxma. Bacarsan, onların yuxusuna gir, xəbərdar elə, qəflət yuxusundan oyat. Nə qədər olmaya, dəli dəlinin, zalım zalımın, şərəfsiz şərəfsizin sözünü daha tez eşidər. Onlara anlat ki, qardaşlar, Tanrının hürr yaratdığı insanlara zülm, sitəm eləmək haqqını biz nanəciblərə heç kim verməyib. Barı balalarınıza yazığınız gəlsin, onsuz da yerdə qalan adamlar sizinçün tarakandan başqa bir şey deyil.
“YouTube” saytında Qəzzafi ilə bağlı xeyli video-material yerləşdirilib. Məzmun eyni olsa da, material başlıqları fərqlidi və o fərqli başlıqlar da təxminən eyni məzmunludu. Məsələn: “Putini də Qəzzafinin aqibəti gözləyirmi?”, “Nədən Putinə də eyni tale qismət olmasın?” və ya ümumi şəkildə belə: “Qəzzafi gəbərdi. Sırada kimdir?”.
Bunlar aydın məsələlərdi. Iki vur iki qədər dəqiq olan məsələlər. Insanın həyatdakı aqibəti də məhz bu cür vurmalarla müəyyənləşir. Kim nəyi nəyə, neçəni neçəyə vurursa, onun da cavabını alır. Demək, hər şey bizim, biz insanların əlindədi. Elə dinlər də məhz bunu deyir. Qəzavü-qədər məsələsini də elə bu məntiqlə anlamaq lazımdı. Yəni Tanrı sadəcə kimin neçəni neçəyə vuracağını bilir, bunu bildiyinə görə də sonluq onun üçün qaranlıq deyil. Iş ondadı ki, bəzi insanlar yenidən riyaziyyat kəşf eləməyə qalxır, ayrı cavablar alacağına inanırlar, sonu da bu cür başa çatır. Qumara girən adam heç vaxt uduzmaq ümidilə girmir oyuna…
Mənim Qəzzafi sonluğunda ilgimi çəkən isə ayrı şeydi. Onun eybəcər hala düşmüş şəkli gözümün qarşısındadı. Insanların qanını 42 il şüşəyə tutmuş adamın qanına bələnmiş topa saqqalı, buruq saçları, üzü, ehtiraslı burun pərəkləri və kəsilmiş qoyun gözü kimi yarıaçıq qalmış kor gözləri. “Allahu-əkbər” nidaları altında onun küçələrdə sürünən çılpaq cəsədi! Vəhşilik insanı dəhşətə gətirir. Əlbəttə, bu onun nəsibidi. Ama həm də insanlığın hansı kökə düşdüyünü göstərir. Qəzzafi təkcə insanlara zülm eləməyib, həm də onların hər birini Qəzzafiyə çevirib. Budur əsas məsələ! Budur diktatorların ən böyük cinayəti! Ona qarşı savaşanları belə, öz şəklinə salmaq. Indi insanlıq bu qədər Qəzzafi ilə necə və nə vaxtacan vuruşsun ki, yer üzü diktatorlardan xilas olsun?!