Belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri ağır həyat şəraitidir
Bakıda keçirilən vərəm və ağciyər xəstəliklərinə dair 5-ci beynəlxalq elmi-praktik konfransda Azərbaycanda həyəcan təbili çalmağa əsas verən bir sıra məlumatlar açıqlanıb.
Tədbirdə çıxış edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri Institutunun direktoru Elcan Məmmədbəyov bildirib ki, ötən ilin nəticələrinə əsasən, Azərbaycanda 5000-ə yaxın vərəmli xəstə var. Ən pisi odur ki, son illər ölkədə ilkin vərəm xəstələri arasında aşkarlanma əvvəlki illərə nisbətən 56,2 faiz artıb.
Məlumdur ki, vərəm xəstələri üçün düzgün qidalanma əsas şərtdir. Sosial həyat şəraiti baxımından əksəriyyəti orta səviyyədən çox aşağı yaşayan Azərbaycan əhalisi üçün belə artım faizini başa düşmək çətin deyil. Eyni zamanda, havanın təmizliyinin vərəmli xəstələr üçün əsas şərtlərdən olduğunu da unutmaq olmaz. Lakin son illər aparılan intensiv tikinti işi ekologiyaya çox ciddi zərbə vurub. Təbii ki, bu da insanların səhhətinə təsirsiz ötüşmür.
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Azərbaycanda vərəmə yoluxmanın yüksək faizi bir sıra faktorla bağlıdır. Rusiya həbsxanalarındakı məhbusların xəstəliyilə bağlı bir neçə il əvvəl yaşanan hadisə, həmçinin qapalı yerlərdə işləyən insanların xəstəliyə yoluxma riskinin yüksəkliyi bu mövzunu aktuallaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müvafiq proqramı isə xəstəliyin mümkün profilaktikasının aparılmasına istiqamətlənib: “Vərəmin profilaktikası üçün mütləq dövlət proqramı olmalıdır. Əlbəttə, ayrı-ayrı dispanserlərdə xəstəlik müalicə olunur, lakin əhalinin əksəriyyəti bu məsələyə fərqli yanaşır, qeyri-profil yerlərdə müalicə alır”.
Adil Qeybullanın fikrincə, vərəm əleyhinə dərmanların keyfiyyət parametrləri də istənilən səviyyədə deyil. Xəstəliyi yaradan sosial amillərə gəlincə, onun qarşısını almaq üçün burada qidalanma faktoru əsasdır, həmçinin qapalı yerlərdə çalışan adamlarda xəstəliyə yoluxma riski yüksəkdir.
Nigar


