Spiker və YAP-çı deputatın büdcə rüsvayçılığı

oqtay esedov1Ölkə üçün həyati əhəmiyyət daşıyan sənəd Oqtay Əsədovla Siyavuş Novruzov üçün mənasız imiş

“Bir neçə gün öncə prezident Ilham Əliyevin doqquz ayın yekunları ilə bağlı geniş və əhatəli çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, prezidentin həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh etdiyini, bu çıxışdan sonra müzakirələrə ehtiyac qalmadığını qeyd edib: “Prezident Ilham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məslələrə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm”.

O, müzakirələri dayandırmağa çağırıb. YAP rəsmisi bildirib ki, bununla da hökumətə büdcəni nəzərdən keçirməyə imkan yaratmaq lazımdır.

Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib:

“Bir çoxlarımız seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Ayın 20-də büdcə layihəsinə səs verək”.

Büdcə layihəsi ölkə üçün həyati əhəmiyyət daşıyan məsələlərdən biridir. Amma göründüyü kimi Siyavuş Novruzov bu vacib sənədin müzakirələrinin tez yekunlaşmasını istəyir. Ölkə başçısının bu barədə çıxış etdiyini xatırladır. Bununla Siyavuş Novruzov həm etiraf etmiş olur ki, Milli Məclis sadəcə Prezident Administrasiyasının (PA) bir şöbəsidir, yaxud notariusdur. Hər şey PA-da həll olunur, Milli Məclis isə sadəcə təsdiqləmə funksiyasını yerinə yetirir. Digər tərəfdən, sual olunur, əgər ölkə başçısının büdcə layihəsi barədə fikirləri kifayətdirsə, o zaman Siyavuş Novruzov, ümumiyyətlə Milli Məclis nəyə gərəkdir?

Gözləmək olardı ki, spiker YAP-çı deputatın bu səhvini düzəldər. Amma Oqtay Əsədov Siyavuş Novruzovdan da betər danışıb. Seçki kampaniyasını əsas gətirərək büdcə müzakirələrinin tez yekunlaşmasını istəyib. Sanki Oqtay Əsədov ciddi seçki kampaniyası aparır, hər gün seçicilərlə görüşlər keçirir…