Nurəddin Məmmədli: «Bu saxtakarlıq xalq qədər beynəlxalq təşkilatların da probleminə çevrilib»
«Azərbaycan hakimiyyəti özünü o dərəcədə ifşa edib ki, buna artıq rəng qatmaq, hansısa çalar vermək mümkün deyil»
Azərbaycanda növbəti parlament seçkilərinə yarım ay vaxt qalıb. Amma ölkədə qətiyyən seçki ab-havası hiss olunmur. AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli ilə söhbətimiz də ölkədəki seçkiqabağı durum haqda oldu:
– Seçki prosesinin artıq təbliğat-təşviqat mərhələsidir. Seçkidə iştirakdan imtina edən siyasi qurumun nümayəndəsi kimi, bu prosesi necə görürsüz?
– AXCP və onun təmsil olunduğu Milli Şuranın parlament seçkilərini boykot qərarının kifayət qədər əsaslı olduğu indiyə qədər keçdiyimiz bütün mərhələlərdə təsdiqini tapmaqdadır. Bu gün ölkədə seçki ab-havası hiss olunmur. Ümumiyyətlə, Azərbaycandakı seçkiyə istər ölkədə, istərsə də beynəlxalq aləmdə indiyədək müşahidə olunanlardan fərqli bir susqunluq var. Bunu şərtləndirən səbəblərdən biri odur ki, Azərbaycan xalqı seçki saxtakarlığından təngə gəlib. Ona görə də ictimai fikirdə seçki prosesi gündəmin əsas hadisəsinə çevrilə bilmir.
Eyni zamanda, namizəd olan adamlar bütün bu saxtakarlıqlar və xalqın seçkiyə etimadsızlığı fonunda gedib heç kimə deyə bilmir ki, “mənə səs verin, mən sizin etimadınızı doğruldacağam”.
Artıq Azərbaycan xalqı ilə birlikdə beynəlxalq təşkilatlar, Qərbin demokratik institutları da Azərbaycanda seçkilərin saxtalaşdırılması ilə bağlı öz etirazlarını ən kəskin formada ifadə edirlər. Bu gün Azərbaycan hakimiyyəti seçkiləri müşahidə prosesinə beynəlxalq təşkilatları qatmağa çalışsa da, bu işdə bilavasitə mandatı olan, əsas missiyası seçkiləri müşahidə edərək ona qiymət verməkdən ibarət olan ATƏT Azərbaycandakı parlament seçkisini müşahidə etməkdən imtina edir. Eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə çox etinasız münasibət bəsləyirlər.
AXCP və Milli Şura boykot qərarından əvvəl və sonra bu istiqamətdə kifayət qədər ciddi arqumentlər ortaya qoydu. Bizim əsaslandırdığımız arqumentlər artıq beynəlxalq aləmin də diqqətini cəlb eləməkdədir. Yəni o əsaslandırmalar boykotun yeganə düzgün yol olduğunu sübut edir.
– Sizcə, missiyası seçkini müşahidə etməkdən ibarət olan beynəlxalq təşkilatların Azərbaycandakı seçki ilə bağlı imtina qərarının səbəbi nə oldu?
– Səbəblər kifayət qədər çoxdur. Seçki qanunvericiliyinin əsaslarına bilavasitə nəzarət edən və məsul olan Avropa Şurasının Venesiya Komissiyası uzun illərdir Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi, indiyədək yol verilən saxtakarlıqların aradan qaldırılmasına imkan verən qanunçuluq bazasının yaradılması, seçki komissiyalarının paritet prinsiplərlə formalaşdırılması barədə tövsiyələr versə də, Azərbaycan hakimiyyəti bundan nəticə çıxarmır. 2013-cü ilin prezident seçkilərində seçki məntəqələrinin ən azı, 58 faizində seçkinin saxtalaşdırılması faktı ATƏT-in rəsmi hesabatında əks olunsa da, buna görə kimsə cəzalandırılmadı, heç bir tədbir görülmədi. Əksinə, ATƏT-in ayrı-ayrı strukturlarına kəskin iradlar oldu.
Azərbaycan xalqı artıq təngə gəlib. Bu qədər sayğısız münasibəti xalq artıq özünə yaraşdırmır. Seçkiyə maraq yoxdur. Bütün bunları nəzərə alan beynəlxalq təşkilatlar da nəticəsi əvvəlcədən məlum olan, Prezident Administrasiyasının siyahısı əsasında formalaşan parlamentin seçkilərində iştirak etməyi öz mandatlarına, öz statuslarına yaraşdırmırlar. Yəni Azərbaycandakı seçki saxtakarlığı xalq qədər beynəlxalq təşkilatların da probleminə çevrilib.
– Seçkidə iştirak edənlərin arqumentlərindən biri də pulsuz efir vaxtı vasitəsilə problemlərin xalqa çatdırılması idi. Bunu da ləğv etdilər…
– Həqiqətən opponentlərimizin bizim boykot qərarımıza qarşı ən ciddi tənqidlərin əsasında guya, seçkinin verdiyi imkanlardan bəhrələnib hakimiyyəti ifşa etmək cəhdləri var. Azərbaycan hakimiyyəti özünü o dərəcədə ifşa edib ki, buna artıq rəng qatmaq, hansısa çalar vermək mümkün deyil. Azərbaycan iqtidarının talançılıq, yalançılıq taktikası, həqiqəti deyən, ədalətin bərpasını istəyənlərə qarşı kütləvi repressiyalar yerli və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunub. Ona görə də ifşa ilə bağlı deyilənlər sadəcə, özlərinə haqq qazandırmaqdır.
Digər tərəfdən, 60 dairədən artıq namizədin irəli sürülməməsi bəhanəsilə namizədlərə televiziya vasitəsilə öz sözünü demək imkanı verilmir. Yeri gəlmişkən, AXCP bu gün yeganə təşkilatdır ki, bütün dairələrdən namizəd vermək və imza toplamaq iqtidarındadır. Bizi tez-tez ittiham edən, zəifliyimiz haqda ictimai rəy formalaşdırmağa çalışanlara demək istəyirəm ki, cəmi 60 dairədən namizəd irəli sürə bilməyən, onlarla təşkilatı birləşdirən blokun üzvləri niyə öz real güclərinə adekvat qiymət vermir? Bu səbəbdən pulsuz efir vaxtının verilməməsi üçün niyə hakimiyyətə bəhanə verir? Onu da deyim ki, bu bəhanə də insanların azad şəkildə öz fikirlərini ifadə etmək, hakimiyyətin simasını ortaya qoymaq cəhdlərinə qarşı yönəlik addımdır. Buna heç cür haqq qazandırmaq olmaz. Bu günə qədər baş verənlər birmənalı şəkildə göstərir ki, seçkinin verdiyi imkanlardan bəhrələnib hakimiyyəti ifşa etmək cəhdləri yersizdir.
– Bəs belə bir şəraitdə əsas arqumentasiya, əsas motivasiya nədən ibarətdir?
– Motivasiya çox sadədir. Psevdo-müxalifətçilər rejimlə hər hansı formada separat danışıqlara gedib parlamentdə yer götürməklə həm partiyalarının maliyyələşməsini təmin edirlər, həm də özlərinin şəxsi problemlərini həll edirlər. Bu prosesdə kimin udub-uduzacağından asılı olmayaraq, Azərbaycan xalqının uduzacağına heç bir şübhə yoxdur. Çünki heç bir Azərbaycan vətəndaşı bugünkü şərtlər daxilində demokratik, azad seçki vasitəsilə parlamentdə təmsil oluna bilməz, bunu baş verən hadisələr də göstərir. Yəni bu prosesin arxasında hakimiyyətlə alver, seçkiyə demokratik don geyindirmək niyyətlərindən başqa bir əsas tapmaq mümkün deyil.
– Indiyədək hakimiyyət təmsilçiləri balanslaşdırılmış siyasətlə öyünürdü. Amma bu gün həmin balansın Rusiyaya tərəf meylləri daha qabarıq görünür. Bəs siz necə düşünürsüz?
– Birmənalı şəkildə belədir. Əslində, uzun illərdir Azərbaycandakı bütün siyasi proseslərin həlli bilavasitə Rusiya ilə razılaşdırılır. Fikir verirsinizsə, Qərbdən gələn bir nümayəndə heyəti, bir yüksək çinli dövlət məmuru ilə hər hansı sahədə bir razılaşma əldə olunursa, müəyyən vaxtdan sonra bu razılaşmanı pozmağa cəhd edirlər. Bu da Rusiya faktoru ilə bağlıdır. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Azərbaycan hakimiyyəti uzun illərdir həm Qərbin istədiyini verməklə, həm də Rusiyanın maraqlarını təmin etməklə bu balansı saxlaya bilmişdi. Amma bu gün dünyada baş verən proseslər biristiqamətli seçimi zəruriləşdirib. Yəni hakimiyyət ya Qərbə inteqrasiya eləməlidir, ya da Rusiyanın mövqeyini dəstəkləməklə Avrasiya Ittifaqına qoşulmalıdır. Belə bir şəraitdə Azərbaycan hakimiyyəti Rusiyaya meylliliyi artırmaqdadır. Çünki Qərb dünyası inteqrasiya prosesinin əsas prinsiplərindən biri kimi, mətbuat azadlığının, siyasi məhbus probleminin çözülməsini, eyni zamanda, demokratik islahatların aparılmasını tələb edir. Azərbaycan hökuməti isə bu cür islahatlardan qorxur. Ona görə də əvvəlki repressiv metodlarla ölkədə qəbiristanlıq sükutu yaratmağa və xalqın etirazlarını boğmağa çalışır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda 100-ə qədər siyasi məhbus var. Qərb dünyası bu reallıqla barışa bilmir. Buna göz yummaq mümkün deyil. Ona görə ki, Azərbaycan hakimiyyəti Avropa strukturlarına inteqrasiya edəndə insan haqlarına dair konvensiyalar üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Avropa dəyərlərinə söykənməyən bir dövlətin həmin qurumda təmsil olunması qeyri-mümkündür. Digər tərəfdən, Rusiya istiqamətinə meyllənmə Azərbaycanın strateji maraqlarına cavab vermir və xalqın ciddi probleminə çevrilə bilər. Bunun qarşısını almaq üçün ictimaiyyətin fəal olması lazımdır.
– Son vaxtlar ölkə başçısına, yüksək vəzifəli məmurlara ünvanlanan şikayət məktubları kəskin artıb və onlar əsasən belə sonluqla bitir: “Şikayətimə baxılmasa, intihar edəcəm”. Həqiqətən də ölkədə intiharların sayı kəskin şəkildə artıb…
– Intiharların çoxalması ümidsizliyin, çıxılmazlığın ifadəsidir. Insanlar qarşılıqlı faydalılıq hesabına bir-birinə yardım edirlər. Azərbaycanda bu standartlar tamamilə məhv olub. Vətəndaşın vətəndaşa kömək eləmək imkanı yoxdur. Qohum-qohuma yardım eləmək imkanından mərhumdur. Cəmiyyətdə dərin psixoloji böhran yaranıb. Hökumət də xalqın bu problemlərini həll eləmir. Azərbaycanda kimə şikayət edirsən, ya cavab verilmir, ya da yaxşı halda, ərizəni şikayətçi olduğun adamın özünə göndərirlər. Hər yerdən ümidini kəsən, artıq xilas yolu tapa bilməyən, öz ağrı-acıları içində qovrulan insan intihardan başqa yol görmür. Bu xüsusi psixoloji vəziyyətdir. Araşdırmalar da göstərir ki, intihar son nəticədə ümidsizliyin, əlacsızlığın nəticəsidir. Azərbaycan vətəndaşını elə vəziyyətə salıblar ki, lazım köməyi heç kimdən ala bilməyəndə intiharı yeganə xilas yolu kimi görür. Çox təəssüf ki, bu proses getdikcə kütləvi tendensiyaya çevrilir.
– Narazılıqdan söz düşmüşkən, bugünlərdə prezident 9 ayın yekunları ilə bağlı müşavirə keçirdi və o da narazılıqlarını dilə gətirdi, bir sıra etiraflar etdi…
– Prinsipcə, ölkə başçısı yalnız son dövrlərdə obyektiv şəkildə reallıqları ifadə edir. Cəmi bir neçə ay əvvəl neftin qiyməti sürətlə düşəndə, valyuta ehtiyatlarımız kəskin azalanda belə, Ilham Əliyev yüksək inkişafdan, dünyadakı maliyyə böhranının Azərbaycana təsirinin olmayacağından danışırdı. Indi isə ölkədəki vəziyyəti real şəkildə təsvir etməyə başlayıb. Amma bu təsvir prosesi hər hansı kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olacaqmı? Əlbəttə, mən bir vətəndaş kimi, ölkədəki talançılığa son qoyulmasını, bank sistemində və digər sferalarda normal şəraitin yaradılmasını istəyirəm. Eyni zamanda, bunun mümkünlüyünə də inanmıram. Korrupsiya və rüşvətxorluğun tüğyan etdiyi bir ölkədə hər hansı demokratik islahatlar aparmaq mümkün deyil. Bu adamlar başqa metodlarla işləyə bilmirlər. Dünyanın aparıcı ölkələrinin praktikası Azərbaycan üçün keçərli deyil. Ona görə də mən bu etirafların fonunda hər hansı bir yaxşılaşmanın olacağına inanmıram.
– Uzun müddət təhsil sistemində çalışmış, Ali Attestasiya Komissiyasının üzvü olmuş bir alim kimi, təhsilimizin sonunu necə görürsünüz?
– Azərbaycanın təhsil sistemi artıq can vermək ərəfəsindədir. Ali məktəblərə qəbuldakı keçid balları neçə ildir ki, faktiki 5 ballıq qiymətləndirmə ilə 2,3 qiymətinə bərabərdir. 2,3 qiymətilə ali məktəbə daxil olan tələbənin yaxşı mütəxəssis olması sual altındadır. Ölkənin təhsil sistemi niyə bərbad haldadır? Birincisi, təhsil kapital qoyuluşu tələb edən sahədir. Əgər bu gün 30-40 il pedaqoji sahədə işləmiş müəllim 150 manat alırsa, ondan yüksək nəticə gözləmək absurddur, tələb eləmək isə cinayətdir. Ikincisi, təhsil sistemi başdan-ayağa korrupsiyadır. Bu ilk növbədə təyinatlarda öz təsdiqini tapir. Ləyaqətli, öz işinin peşəkarı olanların əksəriyyəti təhsil sistemini tərk edib ayrı işlərlə məşğuldur. Bu gün yalnız məddahlıqla, rüşvətlə vəzifə tuturlar. Korrupsiya müəllimlə valideyni bir-birinə düşmən etmək səviyyəsinə çatıb.
Digər tərəfdən, xeyli özəl universitetlər açılıb ki, bu da yüksək çinli məmurların qazanc mənbəyinə çevrilib. Ölkədə lazım gəldi-gəlmədi, prestijli ixtisaslar üzrə mütəxəssis hazırlığı kütləvi hal alıb. Diferensiallaşmış təhsil sisteminə keçmək lazımdır. Məktəbəqədər təhsildən başlayaraq, təhsilin bütün sahələrinə kapital artırılmalıdır. Müəllimlərə diferensial yanaşılmalıdır. Eyni zamanda, Qərbin aparıcı pedaqoji texnologiyaları tətbiq olunmalıdır. Bu gün mexaniki tətbiq olunan metodların çoxunu icraçı müəllimlər özləri başa düşmür. Bütün bunlara görədir ki, Azərbaycanda repetitor hazırlığı olmadan bir nəfər də ali məktəbə daxil ola bilmir. Valideynlər ac-yalavac qalsalar da, övladlarını oxutdurmaq üçün külli miqdarda pul xərcləyirlər.
Təzəxan Mirələmli