Əbülfəs Qarayevin müəmmalı qərarı

Nazirin lisenziyasını aldığı obyektlərdən birini Paşayevlər ələ keçirib, digərinin qalmaqallı tarixçəsi var

Mədəniyyət və Turizm Nazirliyi Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində fəaliyyət göstərən “Sahil” istirahət mərkəzi və Lənkəran şəhəri, Qala Xiyabanı, ev 11 ünvanında fəaliyyət göstərən “Xəzər” mehmanxanasına verilmiş xüsusi razılığı (lisenziya) ləğv edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qeyd olunan obyektlərin lisenziyaları Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının 7/1 nömrəli, 27.09.2011-ci il tarixli qərarının 3-cü bəndinə, həmçinin Nazirliyin 494 nömrəli 18.10.2011-ci il tarixli əmrinə əsasən alınıb. Bununla əlaqədar, yuxarıda qeyd olunan yerləşdirmə obyektlərinin fəaliyyəti 18.10.2011-ci il tarixindən qeyri-qanuni hesab olunur.
Nazirlik “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.4.5. bəndini rəhbər tutaraq bu qərarı verib.
“Azadlıq”ın araşdırmaları nəticəsində bəlli olub ki, “Sahil” istirahət mərkəzinin fəaliyyət göstərdiyi Nohurqışlaq kəndi Qəbələnin ən səfalı yerlərindən biridir. Istirahət mərkəzi yerli sakinlərdən birinə məxsus olub. Orada süni göl yaradılıb, kotteclər inşa edilib və obyekt əsasən turistlərə xidmət göstərib. Bir müddət əvvəl isə Nohurqışlaq kəndi hakim ailənin diqqətini cəlb edib. Bununla da “Sahil” istirahət mərkəzinin zəbt edilməsi gündəmə gəlib. Oranın sahibi istirahət mərkəzindən kənarlaşdırılıb. Daha sonra “zəbtetmə əməliyyatı”nın qanuniləşdirilməsi prosesi başlayıb. Və bu baxımdan istirahət mərkəzinə verilmiş xüsusi lisenziya ləğv edilib.
Lənkərandakı “Xəzər” mehmanxanasına gəlincə, obyekt ətrafında yaxın vaxtlara kimi mübahisə gedib. Obyekt Rusiyada biznes fəaliyyətilə məşğul olan 2 yerli sakinə məxsus olub. Bir neçə il əvvəl ortaqlardan biri dünyasını dəyişib. Ortaqlardan sağ qalan Əliməmməd adlı şəxs obyekti təkbaşına idarə etməyə başlayıb. Lakin Lənkəranın sabiq icra başçısı, hazırda Qaradağın rəhbəri olan Süleyman Mikayılov mehmanxananı ələ keçirmək istəyib. O, Əliməmmədə 150 min manat təklif edərək mehmanxananı almaq istəyib. Lakin adıçəkilən şəxs icra başçısı ilə razılaşmayıb. Süleyman Mikayılov Lənkəranı tərk edəndən sonra da fikrindən daşınmayıb. Mübahisənin davam etdiyi bir vaxtda Əliməmməd narkotik ittihamı ilə müəmmalı şəkildə həbs olunub.

Informasiya şöbəsi