Məgər o, təhsilin məzmununun dağıldığını görmür?!
Ekspert Əlövsət Osmanlı: «Son illərdə Azərbaycan təhsilinin məzmununa vurulan zərbəni kim araşdırmalıdır?»
APA-ya istinadən xəbər verdiyimiz kimi, Misir Mərdanov Təhsil Nazirliyinin Əsaslı Tikinti Idarəsinin rəisi, yaxın qohumu Allahverdi Dəmirovun və bir neçə əməkdaşın işdən çıxarılması ilə bağlı şərh verib. O deyib ki, Baş Prokurorluq müvafiq dövlət strukturları ilə birgə Bakının 77 məktəbində yoxlama aparıb, bu yoxlamalar nəticəsində bəzi nöqsanlar aşkarlanıb və onların təqdimatı əsasında həmin şəxsləri işdən azad etmişik: “Bizə təqdimat verildi. Biz də bununla bağlı müvafiq qərar qəbul etdik və qərarı mətbuata açıqladıq”. Misir Mərdanov həmçinin Təhsil Nazirliyinin bəzi əməkdaşlarına və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıq edildiyini də söyləyib. Məsələyə ekspert Əlövsət Osmanlının münasibətini öyrəndik. O dedi:
“Mərdanovun ”Bizə təqdimat verildi, biz də qərar qəbul etdik” formasında şərhi olduqca düşündürücüdür. Sual olunur: Məgər təhsil nazirinin funksiyası oturub hansısa dövlət qurumlarının təqdimatlarını gözləməkdən ibarətdir? Ciddi çatışmazlıqlarla istifadəyə verilmiş həmin məktəblərin vəziyyəti barədə doğrudanmı nazirin xəbəri yox idi? Xəbəri yox idisə, niyə bu biabırçılıqları ondan gizlədən məktəb rəhbərlərini, eləcə də Bakı Şəhəri üzrə Təhsil Idarəsinin müvafiq strukturlarının əməkdaşlarını da işdən qovmur? Necə olur ki, nazir məktəb tikintisindəki rəzalət haqqında ölkə prezidentindən sonra xəbər tutur?!Şəxsən mənə görə real vəziyyət heç də belə deyil. Çünki hamı kimi mən də ölkə mətbuatında bu cür biabırçılıqlarla bağlı çoxlu sayda məlumat və şərhlərlə rastlaşmışam. Mətbuatın yazdıqlarına, ictimai rəyə vaxtında reaksiya verməməyin sonu nəzarət orqanlarının təqdimatına boyun əyməkdir…
Sözün düzü, bu gün məni düşündürən tamam başqa məsələlərdir. Əlbəttə, məktəblərin tikintisində və təmirində yol verilən nöqsanlar aradan tezliklə qaldırılacaq, günahkarlar cəzalandırılacaq. Son illərdə Azərbaycan təhsilinin məzmununa vurulan zərbəni kim araşdırmalıdır? Bu ziyanı kim hesablamalıdır? Məgər Mərdanov bununla bağlı yazılan saysız-hesabsız məqalələri, cild-cild kitabları da görmür? Görürsə, bəs təhsilin məzmununun bu günə düşməsinin baiskarları niyə indiyədək cəzalandırılmayıb? Cəzalandırılmaq nədir, hətta onlar nazir tərəfindən mükafata da təqdim edilir. Bunlar üçün də yeni təqdimat lazımdır?”.
Ramin DEKO


