Taleh Xasməmmədov barəsində hökm qüvvədə qaldı

xasmemmedovv“Heç olmasa, imkan versinlər, onu əməliyyat etdirək”

Oktyabrın 13-də Şəki Apellyasiya Məhkəməsində “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədovun apellyasiya şikayətinə baxılıb. Hakim Rafael Əliyevin sədrliyi ilə keçən məhkəmədə T. Xasməmmədovun özü də iştirak edib və son söz söyləyib. O çıxışında həbsinin siyasi motivlərlə bağlı olduğunu və hüquq müdafiə fəaliyyəti ilə məşğul olduğuna görə həyata keçirildiyini bildirib. O məhkəmədən prosesin uzanmamasını, onsuz da hər hansı müsbət qərar gözləmədiyini və səhətində problem olduğuna görə etap olunmasından əziyyət çəkdiyini bildirərək tez qərar verilməsini istəyib.

Məhkəmədə hüquq müdafiəçisinin çox saylı vəsatətlərindən heç biri qəbul olunmayıb. Məhkəmə hadisənin əsas şahidlərindən olan onun anası Gülbuta Xasməmmədovanı dinləməkdən və hadisə yerinə quraşdırılmış video görüntülərə baxış keçiməkdən imtina edib.

Məhkəmədə Göyçay rayon polis şöbəsinin rəis müavini Faiq İlyasov başda olmaqla 4 əməkdaşı iştirak edib və onların hamısı T. Xasməmmədovdan şikayətçi olduqlarını bildiriblər. Polislər məhkəmədə ifadə verərək bildiriblər ki, Xasməmmədov onları təhqi edib, döyüb və paqonlarını söküb yerə atıb. Nəticədə polis əməkdaşları xəsarət alıb. Polis əməkdaşlarından bədən və cüssəcə xeyli zəif olan Taleh Xasməmmədovun 4 polis əməkdaşını eyni vaxtda döyməsindən təəccüblənən hakim hüquq müdafiəçisnə maraqlı sual verib; “Siz karate üzrə qara kəmər sahibsinizmi?” Xasməmmədov isə hakimə cavabında idmançı olmadığını, polislərin onu şərlədiklərini və sifarişlə ona böhtan atdıqlarını bildirib.

Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon məhkəməsinin Taleh Xasməmmədovun 3 il müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarını dəyişmədən qüvvədə saxlayıb.

Taleh Xasməmmədovun yaxın günlərdə Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına etap olunacağı və ordan da Cəza Çəkmə Müəsisəsinə göndəriləcəyi gözlənilir.

T. Xasməmmədov bu ilin 24 fevralında Göyçayda ailə üzvləri ilə mebel salonundan çıxarkən şərlənərk həbs olunub. Onun səhətində ciddi problemlər mövcuddur və müalicə olunmasına ehtiyac var.

T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova “Azadlıq” radiosuna deyib ki, oğlunun vəziyyəti ağırdır və əməliyyata ehtiyacı var:

“Talehin vəziyyəti ağırdır. Belində yara var. Başağrısı səngimir. Həkimlər bir müddət öncə Talehlə görüşmüş, təcili əməliyyat edilməsinə ehtiyac olduğunu bildirmişdilər. Heç bir günahı olmadan oğlumu həbsdə saxlayırlar. Nə istəyirlər Talehdən? Yalançı şahidlərlə onu həbs ediblər. Belə şey olar? İndi oğlum xəstədir, heç olmasa, imkan versinlər onu əməliyyat etdirək? Bu gün məhkəmədə Talehi görəndə, tanımadım. Vəziyyəti çox ağırdır. Körpə uşaqlarını atasız qoyublar. Bir ailəni məhv ediblər. Hara gedək, kimə müraciət edək ki, haqq-ədalət yerini tapsın?”.