Vəfa Quluzadəyə ölüm!

“Biz hələ nə xalq, nə də millət kimi formalaşmışıq”, – ağsaqqal politoloq Vəfa Quluzadənin dilə gətirdiyi bu fikir kinorejissor Şeyx Əbdül Mahmudbəyovu qəzəb atına mindirib.

Şeyx Vəfa Quluzadəni xalqımıza qarşı təhqiramiz ifadələr işlətməkdə suçlayıb.
Bəri başdan deyim ki, hasil olan ilk qənaət budur: Əbdül qardaş milləti və xalqı Vəfa Quluzadədən çox istəyir. Hətta lap çox. Ölçüyə gəlməz dərəcədə. Onun milləti daha çox istəməsini necə müəyyən eləmək olar bəs? Çox rahatca. Millətlə bağlı işlədilən fikirdən qəzəblənməsindən. Müəyyənləşdirmənin bundan gözəl yolu ola bilərmi? Hər halda Azərbaycanın urvatlı ziyalıları bundan urvatlısını bilmirlər. Hətta Əli Həsənov da deyib ki, Sabirə, Mirzə Cəlilə toxunmaq olmaz. Çünki ölüblər. Sağ olsaydılar, Əli müəllim özü onları şərlətdirərdi.
Şeyx Əbdül deyib ki, Quluzadənin söylədiklərinə ya millət vəkilləri reaksiya verməli, ya da deputat mandatından imtina etməlidirlər: “Mən tələb edirəm ki, dövlət səviyyəsində bu məsələyə cavab verilsin”.
Deməli, belə. Şeyx həzrətləri “Nəsimi”ni hamımızdan yaxşı tanıyır. O zaman Şeyx hələ “Dərviş” idi. Şairin dərisini onun gözünün qabağında soyublar. Niyə? Çünki Allah haqda alternativ fikir demişdi. Insanı böyütmüşdü. Insanda Allahdan zərrə və sifət nişanələri olduğunu söyləmişdi. Şeyxlər Allahı bəşərdən böyük sayarlar adəta. Bizim Şeyx də eləcə. Ancaq Şeyxin filmdə olduğu kimi, həyatda da Nəsiminin dərisinin soyulmasını haqsızlıq hesab elədiyinə əminəm. Di gəl, indi özü Vəfa müəllimin cəzalandırılmasını tələb eləyir. Vəfa müəllim Allahı söyməyib, allahsızlıq eləməyib. Keşkə eləyəydi və belə qəzəbə də tuş gəlməyəydi. Çünki hamı şahiddi ki, bu ölkədə dövlət başçısını, onun mərhum atasını (indi və sağlığında) “Allah”, “Peyğəmbər” adlandıranlar olub, sonra canım sizə desin, bu “Allah” və “peyğəmbərlərin” necə allahsızlıqlar elədiyini Şeyx əfəndimiz kimsədən pis görməyib, görmür, ancaq onların dara çəkilməsini, dərilərinin soyulmasını “dövlət səviyyəsində” heç vaxt tələb eləməyib, deputatlara ultimatum verməyib. Özü də xalqın mandatını almadan MM-də oturanlara heç xalqın gücü çatmır (ya da xalqın heç vecinə deyil (belə toplumun xalq kimi formalaşdığını demək olarmı?)), müxalifətin parlamenti buraxmaq tələbinə fikir verən yoxdu, indi Şeyx deyir, mandatlarını qoyub getsinlər. Ona görə getməsinlər ki, onları xalq seçməyib, onlar xalqın səsini – yəni namusunu tapdayaraq orda oturublar, bütün fəaliyyətləri milləti, xalqı təhqir eləməkdi, “tülkü kimi pusquda duran” ermənilər onların əməllərinə, fikir və fəaliyyətlərinə baxıb, “dünyaya göstərirlər ki, budur Azərbaycan”.
Yox, ona görə yox, ona görə getməsinlər. Ona görə getsinlər ki, Vəfa müəllim ağzından bir gerçək söz qaçırıb. Demək istəyib ki, tam formalaşmış millətin haqqını yemək, səsini oğurlamaq, başından basmaq, gözünü çıxarmaq, dilini kəsmək, övladlarını ölkədən didərgin salmaq, söz deyən ziyalılarının ağzına güllə sıxmaq, türmələrə doldurmaq, Putinin sözüylə desək, “prezident vəzifəsindən ötrü öl”düyünə görə konstitusiyasını asanlıqla dəyişdirmək olmazdı.
Ya Şeyx, bəlkə millətin adının yox, özünün, insanlarının, qurumlarının, təsisatlarının da qayğısına qalasan… Demirəm ki, “bizim millət bir əsrdə iki kərə istiqlalını havadan qazanıb” deməklə milləti yeddi arxadönəninə kimi təhqir eləyən Ilham Əliyevi hədələ. Heç olmasa, haqq sözü deməyə çalışan bir qəzetin əmlakını müsadirə eləyənlərə təpinsənə! “Xural” qəzetini deyirəm.
Hə, bir də mənə çatmadı. Kimsəyə də çatmayıb yəqin. Şeyx deputatlardan Vəfa müəllim haqda hansı ölçü götürmələrini tələb eləyir? Hansı qanunu qəbul eləsinlər? Həbs-qəti imkan tədbiri seçsinlər, ya politoloqun cibinə heroinmi tullasınlar? Bəlkə impiçmentdən gedir söhbət? Yox, yaxşısı, elə dərisinin soyulmasıdı. Lap şeyxanə olar. O dəridən də “Xural”ın məhkəmə sənədlərinə yaxşı cild hazırlayarlar…