Oktyabrın 13-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin doğum günüdür. Bu münasibətlə Milli Şuranın sədri, professor Cəmil Həsənli facebook səhifəsindən Gültəkin xanımı təbrik edib. Cəmil bəy yazır:
“Bu gün əzizimiz Gültəkin xanımın ad günüdür. Gültəkin xanım Milli Şura yaranandan onun rəhbər heyətində təmsil olunur. Ölkəmizdə baş verən həssas məqamlara həmişə sağlam, doğru, dürüst mövqeyi ilə seçilib Gültəkin xanım. Vətən sevdalısıdır. Doğma Vətənini sevmək hər kəsin borcudur. Amma o, bu borcu iman kimi qəbul edir. Vətəni sevmək imandandır anlamında Gültəkin xanımın Vətən sevgisi hər kəsə örnək ola biləcək bir sevgidir. İçində böyük türk sevgisi var Gültəkin xanımın. O, bu sevgini hər şeydən üstün tutur. Əminliklə deyə bilərəm ki, “Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyimini içdən yaşayan bir xanımdır. Dostluqda sabitqədəm və sədaqətlidir. Haqqın yanında duran hər kəsi özünü dost bilir. Son illərdə özü məhkəmələr burulğanında ola-ola nahaqdan həbs olunmuş heç kəsi diqqətsiz buraxmadı. Haqqı pozulmuş hər kəsin yanında olmağa çalışır. Ətrafında baş verən bütün haqsızlıqları yumorla qarşılayır. İti ağlı, sərrast hazırcavablılığı var. Zorən cəlb olunduğu məhkəmə proseslərinin birinə gecikmişdi. Az sonra səliqəli bir görkəmdə zala daxil oldu. Hakim niyə gecikdiyini soruşduqda gözəllik salonundan gəlirəm dedi. Bundan bərk əsəbləşən hakim tamaşaya gedirsən? – dedi. Gültəkin xanım isə bundan yaxşı tamaşa harada ola bilər cavabını verdi. Məhz hüquqi və intellektual səviyyəsinə görə o, haqqında quraşdırılan saxta işləri mənəvi qələbə ilə arxada qoya bildi.
Hər şeyə öz baxışı, öz yanaşması var. Bir dəfə parlamentdə Türkiyə əleyhinə qərəzli kampaniya başlayanda həyəcanlı idi. Onun fəallığı ilə biz o kampaniyanı poza bildik. Blogerlər həbs olunanda Avropa Şurasında təmsil olunan bir millət vəkili kimi onların əleyhinə məqalə ilə çıxış etməsi təklif edildi. Əslində, məqalə hazır idi və onu imzalamaq qalırdı. Çox yüksək səviyyədə edilən bu təklifə Gültəkin xanım yox deməyi bacardı. Hadisələrin içində olan biri kimi dəqiq deyə bilərəm ki, ona olan “etimadın” azalması, içindəki türk sevgisi və belə sifarişləri yerinə yetirməməsi ilə bağlı idi. Amma siyasi təmənna üzərində qurulmuş “etimadı” itirsə də, o, prinsipial vətəndaş mövqeyi ilə xalqın etimadını və etibarını qazana bildi. Gültəkin xanım bu gün siyasi çalarları mənəvi çalarları ilə tamamlanan milli və demokratik mübarizənin önündədir.
Geniş dünyagörüşü sahibidir Gültəkin xanım. Bu dünyagörüşü onun yüksək intellektindən cilalanıb. Beynəlxalq aləmdə ölkəmiz haqqında gedəm meylləri incəliklərinə qədər tuta bilir, millətimiz üçün xeyirli olan məqamları həssaslıqla duyur. Dünya siyasətində onun belə yüksək duyum qabiliyyətinə malik olması bir tərəfdən ilk gənclik illərindən dövlət orqanlarında topladığı zəngin təcrübə ilə bağlıdırsa, digər tərəfdən yüksək təhsil və intellektual göstəriciləri ilə bağlıdır. Sözün tam mənasında mükəmməl təhsil alıb Gültəkin xanım. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrində oxuyub. Filologiya sahəsində elmi dərəcə alıb. Ruhuna sığındığı Azərbaycan türkcəsi ilə yanaşı ingilis, fransız, rus, ərəb və fars dillərini yaxşı bilir. Belə böyük dünya dillərini bilmək ona intellektini nümayiş etdirmək üçün yaxşı bir vasitədir. O, həm təhsil səviyyəsinə, həm milli və mənəvi keyfiyyətlərinə, təmsil etdiyi millətin ruhunu ifadə etmək qabiliyyətinə görə Azərbaycan xanımlarının sayılıb-seçilən bir obrazıdır.
Sözün tam mənasında oğlu Toğrulla nəfəs alır. Toğrulun timsalında içində bütün Azərbaycan uşaqlarına çata biləcək sevgi payı gəzdirir. Haqsızlığa, baxımsızlığa düçar olmuş uşaqlara görə özünü oda yaxır, onların dərdini ictimailəşdirməkdən çəkinmir. Ancaq içində haqqa tapınan adam belə mənəvi keyfiyyətlərin daşıyıcısı ola bilər. Bu həm də ailədən gələn bir ənənədir. Yunis müəllimin başçılıq etdiyi bu ailəni mən ötən əsrin 70-ci illərindən tanıyıram. Onun haqqında deyiləsi çoxlu sözlərimiz var. Yalnız həmin sözlərin kiçik bir hissəsini ifadə edə bildik. Bu ad günündə Gültəkin xanıma uzun ömür, can sağlığı, milli və mənəvi dəyərlər üzərində köklənmiş fəaliyyətində uğurlar arzu edirik”.