Insan hüquqlarının pozulması Azərbaycanın BMT TŞ-də yer almaq şanslarını sarsıdır
Amerika rəsmiləri və analitikləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilmək şanslarına şübhə ilə yanaşır, bu barədə “Turan”ın Vaşinqton müxbiri xəbər verir.
“Hesab edirik ki, Azərbaycanın geostrateji mövqeyi və enerji təhlükəsizliyi sistemindəki yeri böyük rol oynayır, lakin insan hüquqlarının pozulması və qeyri-demokratik təcrübə şansları sarsıdır”, – deyə adının açıqlanmasını istəməyən rəsmi mənbə bildirib. Qeyd edək ki, bu gün BMT-də TŞ-nin 5 qeyri-daimi üzvü seçiləcək və bununla əlaqədar olaraq, namizəd ölkələr seçilmək üçün səylərini fəallaşdırır.
Seçilənlər 1 yanvar 2012-ci ildən 2013-cü ilin sonuna qədər TŞ tərkibində olacaqlar. Onlar dekabrın 31-də fəaliyyət müddəti başa çatan Livan, Bosniya və Herseqovina, Braziliya, Qabon və Nigeriyanı əvəz edəcəklər.
Amerika universitetinin beynəlxalq münasibətlər üzrə professoru Coşua Goldşteyn hesab edir ki, rəqabət Azərbaycan, Sloveniya və Macarıstan arasında yaranır.
“Son vaxtlar Kolumbiya Azərbaycanı dəstəkləməyə başlayıb”, – deyə o, bildirib.
Lakin Azərbaycan AI-nin Şərqi Avropa ölkələrindən olan namizədlərinin rəqibinə çevrilir ki, bu da onun şanslarını azaldır. “Century” Fondundan Ceff Lorenti də hesab edir ki, Şərqi Avropa ölkələrinin şansları daha üstündür.
Macarıstan və Sloveniya Baş Assambleyada səslərin 78%-nə ümid edə bilər, Azərbaycan isə 25%-ə.