2 telekanal haqda cəza qərarı

ANS daha 25 min cərimələndi; ATV-nin teleserialına isə qadağa qoyuldu

Bu gün  MTRŞ-in növbəti iclası keçirilib. İclasında da bir sıra sərt qərarlar qəbul edilib. “ATV” və “ANS” televiziyasının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb. Qərara əsasən, ATV qanunun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı “SOY” Prodakşn tərəfindən hazırlanan “Qaynanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq adı çəkilən serialın yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılacaq.

Həmçinin iclasda “Televiziya və radio yayımı haqqında” qanunun 35.5-ci maddəsinin, “Reklam haqqında” qanununun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə, ANS televiziyasının efirində 25.09.2015-ci il tarixdə saat 23.32-də başlayan “Hobbit: Smauq xarabalığı” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 04.10.2015-ci il tarixdə saat 05.46-da başlayan “Saflaşma gecəsi” bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 09.10.2015-ci il tarixdə saat 22.54-də başlayan “Dünya müharibəsi” bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 02.10.2015-ci il tarixdə saat 23.00-da başlayan “Ulduzlar arası” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 10.10.2015-ci il tarixdə saat 14.17-də başlayan “Üç qardaş” bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, ümumilikdə 25 000 (iyirmi beş min) AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edilib.