“İstəyirəm Azərbaycan ordusu günü sabah gedib torpaqları alsın”

Vəfa Quluzadə: «Əgər hər hansı sazişdə bir bənd açıq qalırsa, o saziş imzalana bilməz»

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bugünlərdə bildirdi ki, Qarabağ münaqişəsində danışıqlar zamanı açıq qalan məsələlərə toxunmadan, sülh sazişinə getmək olar. Bu fikrin siyasi praktikaya nə dərəcədə uyğun olub-olmadığına dair suallarımızı politoloq Vəfa Quluzadə cavablandırır:

 

– Diplomatiyada ola bilərmi ki, hansısa məsələ ətrafında beş kriteriyadan üçü açıqdırsa, qalan ikisilə bağlı sülh sazişinə getmək mümkün olsun?
– Bu, mümkün olmayan məsələdir. Diplomatiyada belə bir prinsip var. Əgər hər şey razılaşdırılmayıbsa, deməli, heç bir şey razılaşdırılmayıb. Əgər hansısa sazişdə bir bənd açıq qalırsa, o saziş imzalana bilməz və o, saziş hesab olunmur. Bu günə qədər o prinsiplər əsas olub. Kazimirovun, həmsədrlərin, Kerri Karananın iştirakı ilə çox danışıqlar olub. Ki-Uestdə, Parisdə olan görüşlər… Nə vaxt beş prinsipin hamısı tam razılaşdırılsa, onda sülh sazişinə imza atmaq olar.

– Elmar Məmmədyarovun bəyanatını razılaşdırılmamış məqamlardan imtina kimi başa düşmək olarmı?
– Gəlin, Məmmədyarovun bəyanatına çox böyük əhəmiyyət verməyək. Çünki məsələ aydındır. Rusiyanın mövqeyində cüzi də olsa, dəyişiklik olmayıb. Rusiya nə hərb-nə sülh vəziyyətini hələ də uzadıb saxlamaq istəyir. Bundan başqa, həm Minsk qrupunun digər həmsədrləri, həm də Rusiyanın özü ictimaiyyətə belə bir saqqız verməkdə maraqlıdılar ki, ictimaiyyət bir müddət də onu çeynəsin. Bunları çox görmüşük. Dəfələrlə bəyanatlar olub ki, artıq sülh sazişi hazırdır. Yəni, 90 faizi hazırdır, qalıb 10 faizi, o da heç bir şeydi. 10 faiz də nədi? Qarabağ kimindi; Kəlbəcər azad olunacaq, ya yox; Laçın nədir – dəhliz, yoxsa Azərbaycanın rayonu… Hələlik bu məsələlərdə heç bir işıq yeri görünmür. Fələstin xalqına altmış ildi saqqız atırlar, indi də deyirlər ki, bəlkə humanitar aksiya sülh bağlamağa imkan yaratdı. Yaratmayacaq, çünki dövlətlərin mövqeyi dəyişməyib. Gərək ABŞ bəyanat versin ki, “mən Israili dəstəkləməyəcəm”. Onda demək olar ki, sülh sazişi prosesi başladı.

– Belə çıxır ki, Məmmədyarovun bəyanatının özü də qeyri-ciddidir…
– Xarici işlər nazirinin bəyanatını qeyri-ciddi adlandırmaq olmaz. Ancaq müəyyən diplomatik oyun ola bilər.

– Bu diplomatik oyuna getməkdə dövləti marağımız nə ola bilər?
– Gedib neynəmişik axı?! Bu sözü demək, heç bir oyuna getmək demək deyil. Görün, Qarabağ ətrafında nə qədər söz deyilib. Qarabağın azad olunmasından başlayaraq, müharibəyə qədər… Amma hanı? Ortada heç nə yoxdur.

– Danışıqlar prosesinin hansısa mərhələdə yeni bir naməlum istiqamətə yönəldilməsi, danışıqların ayrı kriteriyalar üzrə davam etdirilməsini necə başa düşmək olar? Bu, vaxtın uzadılması və Qarabağın ermənilərdə qalmasını təmin etmirmi?
– Qarabağ məsələsinin həlli artıq beynəlxalq problemə çevrilib. Burada Amerikanın öz marağı var. Rusiyanın marağı da göz qabağındadır – işğalı və atəşkəsi davam etdirmək. Burada Iranın da öz marağı var. Baxın, müsəlman Iran xristian Ermənistanın ən yaxın dostudur, onunla əməkdaşlıq edir. Eyni zamanda onun-bunun adı ilə məni ittiham edir.
Qarabağ məsələsi böyük problemə çevrilib. Fələstin probleminə oxşayır. Altmış ildə Fələstin məsələsində dörd dəfə müharibə olub. Bütün ərəb dövlətləri birləşib Israilə hücum edib. Israil də qabaqlayaraq, birinci zərbə endirib. Buna baxmayaraq, yenə də hamı deyir ki, danışıq masasına oturun, danışıqlar kəsilməməlidir. Artıq fələstinlilər və ərəblər tələb edirdilər ki, ərəblərin bütün torpaqları qayıtsın. Amma indi fələstinlilərin özləri də razıdır ki, 1967-ci il sərhədlərində Fələstin dövləti qurulsun.
Bu böyük dünya bədbəxtlikləri gəlib bizim də başımızda çatlayıb. Indi Rusiya and-aman eləyir ki, “bizim ermənilərə heç bir təsirimiz yoxdur. Əvvəllər var idi, kömək etmişdik, indi situasiya dəyişib”. Mən buna inanmıram, yalan hesab edirəm. Eyni zamanda, görürsünüz ki, ABŞ da bu məsələnin həllinə böyük maraq göstərmir. Ancaq elə bizə deyir ki, gəlin oturun, hansı prinsip olursa olsun, qəbul edin. Madrid prinsipləri, Ki-Uest prinsiplərini qəbul edin. Amma böyük fəallıq göstərmir.

– Onların mövqeyi Azərbaycanın dövlət maraqları ilə uzlaşmaya bilər. Bəs Azərbaycanın rəsmi siyasəti bu vəziyyətə nə qədər adekvatdır?
– Azərbaycanın siyasəti budur ki, beynəlxalq hüquq normaları əsasında torpaqlarımız işğaldan azad edilsin. Amma kim bunu azad edəcək? Deyirlər, müharibə etməməlisiniz. Müharibə etsəniz, özünüz darmadağın olacaqsınız. Bunu böyük dövlətlər açıq şəkildə üzümüzə deyir. Özləri beynəlxalq hüquq normalarına hörmət etmirlər, ermənilərə demirlər ki, “siz işğalçısınız, işğal olunmuş ərazilərdən çıxın. Deyirsizsə ki, Dağlıq Qarabağ mübahisəlidir, o zaman yeddi rayondan çıxın”. Bunu deyən yoxdu. Bütün dünya ermənilərin dediyi prinsiplərə hörmət edir.

– Qarabağın statusu ilə bağlı referendum məsələsi danışıqlar prosesinə sonradan daxil edildi?
– Mən bunun əleyhinəyəm. Hesab edirəm ki, heç bir     referendum ola bilməz. Qarabağdan qovulmuş, əzilmiş, bayıra atılmış azərbaycanlılar yenidən erməni hakimiyyəti altında gəlib oturacaqlar Dağlıq Qarabağda azlıqda və referendum keçiriləcək. Bu referendum mütləq ermənilərin xeyrinə olacaq.

– Bəs rəsmi siyasətdəki qeyri-ardıcıllıq diplomatiyadakı böhranı dərinləşdirmirmi?
– Böhran olduğu kimi qalır. Çünki böhranı bundan artıq dərinləşdirmək mümkün deyil. Bundan artıq dərinləşdirmək o deməkdir ki, biz Bakıdan da durub çıxıb gedək. Artıq iyirmi ildir ki, müstəqil dövlətin iyirmi faiz torpağı işğal altındadır. Bir məsələ var, bu fikri işlədəndə, Iranın fitvası ilə məni ittiham edirlər ki, Vəfa Quluzadə deyir, “Azərbaycan milləti, xalqı formalaşmayıb”. Formalaşmış xalqın iyirmi faiz torpağı işğal altında ola bilər? Fələstin xalqı millət və xalq kimi formalaşmayıb. Çünki ömründə dövlət olmayıb. Ona görə də altmış ildi onların torpaqları işğal altındadı. Amma baxın Türkiyəyə. Böyük imperiya idi. Imperiyadan sonra döyüşlərlə Anadolunun, Türk dövlətinin azadlığını, müstəqilliyini qoruyub saxlayırlar. Kiprdəki türklərə zülm olunanda da türk ordusu ora girib işini gördü. Ona görə ki, millət, dövlət, xalq – hamısı formalaşıb. Ingiltərəyə baxın. Nə qədər güclü, qüdrətli dövlətdir. Almaniya darmadağın, yerlə-yeksan olmuşdu. Indi Avropanın ən güclü, varlı, mötəbər dövlətinə çevrilib. Ancaq onun üzərində qələbə çalan Rusiya bərbad vəziyyətdədir. Bunu heç kim başa düşmür.
Mən demək istəyirəm ki, bizim iqtidar həmin xalqdır. Bizim xalq da həmin iqtidardır. Bunu başa düşmək lazımdı. O iqtidar gedəndən sonra yerinə kim gəlsə, yenə də bu xalqın təmsilçisi olacaq. Bəzən düşünürük ki, bu iqtidar getsə, göydən mələklər düşüb vəziyyəti tamamilə dəyişəcək.
Mən buna çox təəssüf edirəm, ancaq bizim xalq hələlik budur.

– Məmmədyarov xoşagəlməz bəyanat verirsə, bunun günahı xalqdadır?
– Elmar Məmmədyarov da Azərbaycan xalqının içindən çıxıb. Göydən düşməyib ki… Mən istəyirəm ki, Azərbaycan ordusu günü sabah gedib torpaqları azad etsin. Amma diplomat Vəfa Quluzadə deyir ki, sən boş şey danışırsan. Çünki Azərbaycan ordusu birinci addımını atanda Rusiya qüvvələri bizi vuracaq, özümüzü də təcavüzkar elən edəcək. Xalq nümayəndəsi Vəfa Quluzadə ilə diplomat, dövlətçi, böyük təcrübəyə malik Vəfa Quluzadə arasında belə mübahisə gedir. Bu məsələyə müxalifət, xalq mövqeyindən yanaşmaq olmaz. Çünki bu, artıq elə problemə çevrilib ki, biz bunun rıçaqlarını əlimizdə saxlamamışıq. Dəhşət bundan ibarətdir.
Bu cür bəyanatlar da olacaq, bunun əksinə olan bəyanatlar da. Hətta yenidən müharibə bəyanatları da olacaq. Həmsədrlər düşəcək üstümüzə ki, bəli, belə bəyanatlar vermək olmaz. Bütün bunlar təkrar olunacaq.

Seymur Həzi