Bu gün Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Fransada keçirilən günün mərkəzi oyunu meydan sahibləri üçün uğursuz olub. “Arsenal” son dəqiqədə qələbə topunu vura bildi və “Marsel”i cari mövsümdə ilk yenən komanda oldu. Bu, londonlulara liderliyi ələ keçirməyə imkan verdi. Cari mövsümdə uğursuz çıxış edən Dortmund “Borussiya”sı növbəti məğlubiyyətini Yunanıstanda autsayderdən alıb. Nəticədə “Olimpiakos” axırıncı pilləni son Almaniya çempionuna təhvil verib.
“Barselona” ilə “Milan” evdə gözlənilən qələbələri qazanıb bu, eyni hesablı olub. “Çelsi” autsayder “Genk”i İngiltərəyə gəlməyə peşman edib. Londonlular 5:0-lıq darmadağında 4 qolu hələ ilk hissədə vurub. “Bayer” “Valensiya” üzərində əzmkar qələbə ilə 2-ci pillədə mövqeyini daha da möhkəmlədib və ən yaxın izləyicisi olan ispanları artıq 4 xal qabaqlayır.
Avropada APOEL sensasiyası davam edir. Məğlubedilməz Kipr təmsilçisi Avroliqanın son qalibi olan “Porto”ya da uduzmadı və ardıcıl 2-ci səfər oyunu 1:1 hesabı ilə nəticələndi. Onunla bərabərliyə qalan “Şaxtyor” isə yenə öz meydanında heç-heçə oynadı. Halbuki donetsklilər “Zenit”lə görüşdə 2 dəfə hesabda irəli çıxsa da, üstünlüyünü qoruya bilmədi.