Əliyevin «Əl-Cəzirə» kanalına dediklərini rəsmi statistika təkzib edir
Nemət Əliyev: «Neft pulları korrupsiya, rüşvətxorluq, monopoliyanın güdazına gedir»
Dövlət başçısı Ilham Əliyev “Əl-Cəzirə” telekanalına verdiyi son müsahibəsində ölkədəki iqtisadi inkişafdan və əldə edilən uğurlardan danışıb. Eyni zamanda müstəqilliyin 20-ci ilinə həsr olunmuş tədbirdə də analoji fikirlər səsləndirib. Lakin, hətta rəsmi statistik məlumatlar Əliyevin fikirlərini təkzib edir. Belə ki, rəsmi məlumatlara görə, 2008-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 54,9 mlrd. dollar təşkil edib. 2009-cu ildə bu göstərici 20,8 mlrd. dollar, 2010-cu ildə 27,9 mlrd. dollar, bu ilin ilk yeddi ayı ərzində 20,6 mlrd. dollar təşkil edib. Bu da ötən 3 ildə xarici ticarət dövriyyəsinin təxminən iki dəfə azaldığını göstərir.
Bu günlərdə Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumat da iqtisadi artım barədə deyilənlərin yalan olduğunu bir daha sübut edib. Belə ki, ilin yanvar-sentyabr aylarında ölkədə ÜDM-in artımı ötən illə müqayisədə cəmi 0,5% təşkil edib. Bu da MDB-də ən aşağı göstəricidir. Rəsmi statistika nədən xəbər verir və ölkədə uğurlu iqtisadi inkişafın getdiyini demək olarmı?
Iqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, rəsmilərin bir qayda olaraq iqtisadi inkişaf, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı səsləndirdiyi bəyanatlar ölkə iqtisadiyyatında, əhalinin həyat səviyyəsində özünü göstərmir. Bu bəyanatlar tamamilə reallığa uyğun deyil.
Ekspertin fikrincə, rəsmi statistik məlumatlardan belə nəticəyə gəlmək olur ki, ötən müddət ərzində hakimiyyət dayanıqlı, rəqabət qabiliyyətli iqtisadi sistem qura bilməyib. Ölkənin nəqliyyat, aqrar sektoruna, emal sənayesini nəzər yetirəndə, bu sahələrdə tənəzzül proseslərinin başlandığını demək olar.
N.Əliyev hakimiyyətin neftdən əldə edilən vəsaitləri də yalnız görüntü yaratmaq üçün xərclədiyini deyir. Vəsaitlər korrupsiya, rüşvətxorluq, monopoliyanın güdazına gedir. Məşğul əhalinin əhəmiyyətli hissəsinin çalışdığı qeyri-neft sektoru, sahibkarlıq inkişaf etməyib: “Neft pulları müəyyən qrupun maraqlarının təmin olunmasına yönəldilib. Bunun nəticəsidir ki, iqtisadiyyatın davamlı inkişafına nail olunmayıb, ölkədə ancaq hasilat sənayesi formalaşdırılıb. Emal sənayesi və aqrar sektor dağılmış vəziyyətdə qalıb. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılmayıb. Yoxsulluq səviyyəsi daha böyük sürətlə artıb”.
Ekspertin sözlərinə görə, əhalinin pul gəlirlərinin artımı az sayda insanın gəlirlərinin fantastik dərəcədə artması hesabına şişib. Ona görə də bunu əhalinin ümumi gəlirlərinin artması kimi qələmə vermək olmaz.
N.Əliyevin fikrincə, vəziyyətin yaxşılaşdırılması üçün məqsədyönlü proqramların həyata keçirilməsinə nail olmaq lazımdır. Bunu etməyən hakimiyyət, sadəcə olaraq, ictimai rəyi çaşdırmağa yönələn fikirlər səsləndirir.
Fizzə


