Qaçaq naxçıvanlılar
Naxçıvandan didərgin düşmüş qohum-qardaşla görüşmək üçün Istanbula getdim. Əsrarəngizliyi ilə dünyanı heyran qoyan Istanbul barədə bir şey yazmaq fikrində deyiləm. Nədən ki, bu şəhərdə məskunlaşan və çox ağır şərtlər altında çörəkpulu qazanan qohum-qardaşla, həmyerlilərlə görüşdən sonra keçirdiyim hisslər “dünyanın baş kəndi” adlandırılan Istanbulun gözəlliklərini arxa plana keçirdi.
Millət sahibsiz olanda topluma çevrilir. Sürüyə də çevrilir, yazsaq, səhv olmaz.
Millətin də ki, sahibi DÖVLƏTdir.
Dövlət millətin üstündən əlini çəkəndə faciə başlayır.
Dövlətin olduğu halda, vətənin olduğu halda başqa bir dövlətdə qaçaq yaşamaq, hüquqsuz qul kimi yaşamaq faciə deyil, nədir?
Naxçıvan Istanbula köçür.
5-10 nəfər yox, 500-1000 nəfər yox, minlərlə, on minlərlə naxçıvanlı Istanbula köç edir.
Və bir aylıq viza müddəti bütün parametrlərdən sərfəli olmadığı üçün geriyə dönüş baş vermir. Qaçaq yaşamağa üstünlük verilir.
Yaxşı ki, qardaş Türkiyə Cümhuriyyətini idarə edənlər Azərbaycanın mövcud durumunu dərk edib qaçaq çalışan naxçıvanlıları Istanbuldan deportasiya etmir. Allah eləməsin, deportasiya qərarı verilsə, ailəliklə köç etmiş naxçıvanlıların durumu çox acınacaqlı olar.
Istanbulun 500 evlər və Ikitelli yaşayış rayonlarında 10 mindən artıq naxçıvanlı ailəsinin yaşadığı təxmin edilir. Minlərlə naxçıvanlı Türkiyənin digər şəhərlərində məskunlaşıb. Və bu köç dayanmadan davam etməkdədir. Bilirəm ki, hakimiyyətdə olan naxçıvanlıların bu yazıya münasibəti yaxşı olmayacaq. Ancaq əlahəzrət FAKT ortadadır və hakimiyyətin yuxarı eşelonundakı naxçıvanlılar onu asanlıqla araşdıra bilərlər.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin başçısı Əli Həsənov cənabları üçün doğulduğu Tənənəm kəndindən neçə ailənin Türkiyəyə köç etdiyini öyrənmək nə çətin işdir ki?
Istəsə, bir günün içində öz kəndliləri bir yana, şefi Ramiz Mehdiyevin doğulduğu Qarxun kəndindən belə neçə nəfərin ailəliklə Istanbula köçdüyünü öyrənə bilər.
Naxçıvanın kəndləri boşalır. Əslində bu prosesdən vilayətin mütləq-hakimi olan Vasif Talıbovla yanaşı özlərini naxçıvanlı hesab edən hər bir yüksək vəzifə sahibinin və millət vəkilinin xəbəri var.
Yəni Ramiz Mehdiyevin, Əli Həsənovun, Kəmaləddin Heydərovun, Eldar Mahmudovun, Əli Abbasovun, Hacıbala Abutalıbovun, Siyavuş Novruzovun, Qüdrət Həsənquliyevin, Fazil Mustafanın, Fərəc Quliyevin və digərlərinin bu köçdən xəbəri var.
Sadəcə, reaksiya vermirlər. Iki səbəbdən:
1. Kəndiləri firavan yaşadığından kəndlilərinin necə yaşaması onları maraqlandırmır.
2. Vasif Talıbov faktoruna görə.
Öz aramızdır, hansı vəzifə sahibi cəsarət edib Vasif Talıbovun idarə etdiyi Naxçıvanda yaşamın zor olduğunu və elə bu səbəbdən də evlərinin qapısını qıfıllayaraq Türkiyəyə köç etdiyini dilə gətirə bilər?
O zaman Vasif Talıbovun Naxçıvanı cənnətə çevirdiyi barədə əfsanələrin aqibəti necə olar?
Kəsəsi, Naxçıvan camaatının vilayəti tərk etməsindən bu rejimi idarə edənlərin hamısı xəbərdardır. Və mümkün deyil ki, bu köçdən prezident Ilham Əliyevin xəbəri olmasın.
Belə olduğu halda köçün qarşısı nədən alınmır?
Nədən Azərbaycan vətəndaşları üçün açılan vizanın müddəti artırılmır?
Nə üçün Türkiyədə qaçaq yaşayan naxçıvanlıların taleyi bu iqtidarı maraqlandırmır?
Bütün bunların səbəbləri var.
Və o səbəblər barədə növbəti yazıda…