Azərbaycan – imperiya dövləti (I yazı)

Qəzza bölgəsinə yardım aparan “Mavi Mərmərə” olayı. Israil ordusunun yardım komandasına basqını, 9 türk əsgərinin öldürülməsi. Türkiyə ilə Israil arasında hələ də səngimək bilməyən konflikt nədəni. Kimlərsə bununla bağlı Bakıda konfrans keçirmək istəyiblər. YAP rejimi bacardığı əngəlləri törədib. Əngələ nədən Azərbaycanla Türkiyəni qardaşlaşdıran ortaq anlayış – TÜRK anlayışıdır. Indiki hakimiyyət genetik baxımdan Türklüyə düşmən hakimiyyətdir. Bizim indiki bir çox problemlərimiz birbaşa bu faktorla bağlıdır.
Tanınmış yetkin politoloq Vəfa Quluzadə “biz hələ nə xalq, nə də millət kimi formalaşmışıq” deyə durartutmaz, ansızın ilginc bildirgədə bulunub: “Bu da təbiidir. Ömrümüz boyu bizim nə dövlətimiz, nə dövlətçiliyimiz olub. Bizim xalq da hər zaman qul vəziyyətində olub. Rus imperiyası, ondan əvvəl Iran imperiyasının tərkibində olmuşuq”. Bunu bir YAP-çı desəydi, anlamaq olardı – H.Əliyevin, əliyevçi hakimiyyətin xalqı inandırmağa çalışdığı bu, xalqa sırımağa çalışdığı tarix də budur: Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi Heydər Əliyevdən başlayır. V.Quluzadə bu yerdə istər-istəməz düşmən dəyirmanına su tökmək nədi, bütöv bir çay axıdır; özü də Bakıdan Irəvanadək uzanıb gedən bir düşmən dəyirmanına!
“Xalq, millət kimi formalaşmadığımızdan”, “ömrümüz boyu dövlətimiz, dövlətçiliyimiz olmadığından”, “bizim xalqımız hər zaman” olduğu kimi, indi də QUL durumundadır. Bildiyiniz kimi, “Rus imperiyası, ondan əvvəl Iran imperiyası”. Indi də… uzun illərin praktik görsənişlərindən bilirik: V.Quluzadənin politologiyası, politoloji dəyərləndirmələri Azərbaycanın sınırlarınadəkdi: xaric-maric, NATO-mato. V.Quluzadənin demədiyini, ola bilsin, demək istədiyini mən deyirəm: Azərbaycan indi də Əliyevlər imperiyasının QULudur! Yoldaş, politoloq, bunu demək istəyirsən, buyur, de. Deyə bilmirsən, sus, dünyanın o başından bu başına bir-birindən güclü imperiyalar, özü də çağına görə doğru-düzgün, qanunçu imperiyalar yaratmış xalqı aşağılama, alçaltma, gözdənsalma yolu tutma!
Rusiyanın güclü dövlət olaraq ortaya çıxmasınadək, başqa cür desək, Qafqazın tutulmasınadək, Azərbaycan tarixi yaşı min illəri keçən imperiya tarixidir. Elə bizim, Azərbaycan Türklərinin xarakterində bizə çatışmazlıq kimi görünən bir sıra görsənişlər yaşı min illəri keçən imperiya düşüncə-davranış stereotiplərinə bağlıdır (Etnopsixoloji faktora üstünlük verməklə, bu yöndə neçə-neçə sanballı doktorluq işi yazmaq olar, gərəkdir – red.). “Iran imperiyasının tərkibində olmuşuq” deyən politoloq, o imperiya yaranışından (Maday-Manna-Atropaten-Iran) yıxılanadək (1925-ci il) Azərbaycan – Türk imperiyası deyildimi? Birinci Dünya Savaşından üstünlüklə çıxan anqlosaks birliyi dünyanın yenidən bölüşdürülməsi planlarına uyğun olaraq, üstəlik, regionda Türk üstünlüyünü aradan qaldırmaq üçün Iranda dəyişiklik etdi: Türkün hakimiyyətini yıxıb, yerində fars hakimiyyəti qurdu. Bununla da Iranda imperialist dövlətlərin geopolitik maraqlarına uyğun olaraq fars şovinizmi axarında antitürk siyasətlərinə start verildi. Bu siyasətlərə reaksiya olaraq bu gün Iranda Azərbaycan Türklüyü “Haray, haray, mən Türkəm!”; “Hər kim ki bitərəfdi, farsdan da bişərəfdi!” kimi çağırışlarla ayağa qalxır, ulusal dirəniş sərgiləyir.
“Ömrümüz boyu bizim nə dövlətimiz, nə dövlətçiliyimiz olub”, deyən adam, çox uzağa getmirəm: sınırları indiki Iranın, Quzey Azərbaycanın sınırlarını qat-qat aşan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Qacarlar dövləti kimin olub? 16-cı yüzildə dilimizə dövlət dili statusu qazandıran şah babamız Şah Ismayıl kim idi? Bir belə imperiyası olan xalq necə “hər zaman qul durumunda” ola bilərdi? Bu nə absurddu belə?! Sözsüz, tarixdə bizim yenildiyimiz çağlar olub, ancaq yendiyimiz çağlar ondan qat-qat artıq olub!