AZADLIQın mühacirləri

Həmin gün Amsterdam bizi mehribancasına qarşıladı. Xəfif külək orta əsrlər romantikasının qoynuna sığınan şəhərin şıltaq iqlimindən danışırdı, amma hələ üşüməyə imkan tapmamışdıq. Sonradan yağış köynəyimizi islatdıqca Amsterdamın dar küçələrində daldalanmağa yer axtaranda başa düşdük ki, burda təbiət insanların üzünə həmişə gülümsəmir. Bu şəhər təkcə azadlıq yox, həm də yağış qoxuyur… Yazı ideyası Bakıda doğulmuşdu; Hollandiyada Fikrət Hüseynli, Fransada Aqil Xəlil ilə görüşəcəkdik, “Azadlıq” qəzetinin mühacirətdə olan sevimli simalarının həyat tərziylə maraqlanacaqdıq, bu günündən xəbər tutacaqdıq. Görüşdük. Əvvəlcə Fikrətlə. Hiss olunurdu ki, hava limanında nigaran baxışlarını naməlum nöqtəyə zilləyən Fikrət yolumuzu səbirsizliklə gözləyir…

Hollandiyanın “Ağsaqqal”ı

Keçən il ailə həyatı quran Fikrətin evi Amsterdamın lap yaxınlığında, cəmi 73 min əhalisi olan Hoofddorp şəhərində yerləşir. Şəhər hava limanına çox yaxındı, rahat avtobuslarla ora uzağı 14 dəqiqəyə çatırsan. Fikrət bunu taleyin işi sayır: “Bakıda da aeroporta yaxın yaşayırdım, Hollandiyada da”.
Hoofddorpun sehrli aurası var. Yaşı 150-ni ötən şəhərin küçələrinə qəribə bir sakitlik çöküb. Ara-sıra yerli sakinlərlə üz-üzə gəlirsən; qayğısız görünürlər, sanki təbəssüm insanların çöhrəsində özünə əbədi yer eləyib…

Fikrət etiraf eləyir ki, həyatına növbəti dəfə təhlükə olandan sonra Norveçə üz tutubmuş. Hollandiyanın liman şəhəri Rotterdamda bir türklə qarşılaşır. Həmin adam məsləhət görür ki, uzağa getmək lazım deyil, əbədi rahatlığı bu ölkədə tapmaq mümkündü. Fikrət, beləcə, Hollandiyada siyasi sığınacaq alır… “Zanbaqlar ölkəsi” çox əcnəbilərə qucaq açıb. Bura pənah gətirən surinamlıların, somalililərin sayı-hesabı yoxdu. Hollandiya hökuməti çalışır ki, səmimi motivi olanlara “yox” cavabı verməsin. Ölkəsində bir tikə çörəyə möhtac qalan afrikalılar Niderland krallığında rahat evlərdə yaşayır. Burda heç kim acından ölmür, ən pis halda ayda 842 avro alacaqsınız.

Fikrət Hoofddorpdakı kitabxanaya tez-tez baş çəkir. Bizə Yoav Karninin “Qafqaz” kitabını göstərir. Müəllif erməniləri məzlum xalq kimi təqdim eləməyə çalışıb. Onların mövqeyindən çıxış eləyib, azərbaycanlılar ittiham olunub: “Bura həm də ona görə tez-tez gəlirəm ki, kitabı dərin yerdə gizlədim, heç kim tapıb oxuya bilməsin. Bu haqda səfirliyi, diasporu məlumatlandırmışam, bir nəticəsi yoxdu. Məsləhət gördüm ki, biz də bura həqiqəti əks elətdirən kitablar gətirək”. Sonradan buna bənzər əhvalatı Aqildən də eşidəcəkdik. “Fransız” dostumuz deyir ki, Parisdə Senanın sahilində erməni soyqırımı haqda kitabı alan kimi satıcının gözü qarşısında çaya tullayıb…

Hollandiya haqda yalnız xoş sözlər yazmaq olar. Ölkənin istənilən şəhərində tarixi abidələrə rast gəlmək mümkündü. Hollandlar bu məsələyə həssas yanaşır, hər addımda keçmişə qayğı hiss olunur. Buna görə də şəhərlər orta çağ görünüşünü itirməyib, təravətini saxlayıb, hətta bir az da gözəlləşib. Fikrət Rotterdamı çox sevir. Burda müasirliklə keçmişi bir araya gətirə biliblər. Tarixi binaların fonunda uca göydələnlər yetərincə gözəl görünür. Əlbəttə, bu gözəllikdə Reyn çayının payı da az deyil. Reynin suları gecə-gündüz Rotterdama lay-lay çalır…

Özümüzünkü olduğuna görə yazmırıq, həqiqətən də, Fikrət Hollandiyada yaşayan siyasi mühacirlərin arasında fəallığına görə xüsusilə seçilir. “Azadlıq”da hamı onu əbəs yerə “Ağsaqqal” adlandırmırmış; telefonu gün ərzində susmur, heç kimə köməyini əsirgəmir, məsləhət verir. Azərbaycanla əlaqəsini kəsməyib, onu yaddan çıxaranlar da var, çıxarmayanlar da. Bir şeyi dəqiq demək olar: Fikrət buraları unutmayıb…

Parisə getmək vaxtıdı. Amsterdam yağışı yenə küçələrin əl-üzünü yuyur. Fikrətin çətiri havanın şıltaqlığının güdazına gedir, sıradan çıxır. Kefini pozmur: “Mən istənilən halda Amsterdam yağışını çox sevirəm…”

Parisdə məhəbbət

Fransızların haqqında necə düşünməyindən asılı olmayaraq, Paris ziddiyyətlər şəhəridi. Bir tərəfdə xüsusi arxitektura mədəniyyəti ilə seçilən tarixi binalar, digər tərəfdə şəhərin ümumi romantik mənzərəsinə xələl gətirməyə çalışan ərəb kvartalları. Parisin gözoxşayan hissəsi – Sena çayının sahilləri, Yelisey meydanı, Luvr muzeyi, Notr-Dam kilsəsi ərəbləri, Afrika insanını maraqlandırmır. Halbuki şəhərin elə bu hissəsi tarixin yaddaşını vərəqləməyə kömək eləyir. Monmartr ucalığından Parisə baxanda anlayırsan ki, başqa dünyaya gəlmisən. Paris ayrı şəhərdi. Paris məhəbbət şəhəridi…


Aqilin həyatında yeni mərhələ başlayıb. Keçən il Sarbon Universitetində təhsil alan azərbaycanlı tələbə Səidə xanımla ailə həyatı qurub. İndi Parisin sakit guşələrindən birində birotaqlı mənzildə yaşayırlar. Türkiyədə evləniblər. Venesuelalı fotoqrafın onlara hədiyyə elədiyi albomdakı şəkillərdə çox xoşbəxt görünürlər…
Parisdə olduğumuz ilk gündəcə Aqil bizi şam yeməyinə dəvət eləyir. Balıq yeyəcəyik. Səidə xanım narahatdı: birdən yemək xoşumuza gəlməz. Hiss olunur ki, Aqil “Azadlıq”ın uşaqları üçün çox darıxıb. Hamını soruşur, xatirələr bir-bir yada düşür. Lətifəyə çevrilmiş əhvalatları ard-arda düzürük: “Səidəyə ora haqda çox danışmışam”. Axırda məlum olur ki, narahatlığa heç əsas yox imiş. Yemək çox dadlı alınmışdı…
Aqillə söhbətləşəndə çalışırıq ki, həssas məqamlara toxunmayaq, başına gələnlərdən nəyisə xatırladıb onu yaralamayaq. Birdən mən ehtiyatsızlıq eləyirəm: “Aqil, anan telefonla danışanda nə deyir?”. Aqilin fikri uzaqlara gedir, kiçik pauzadan sonra cavab verir: “Nə deyəcək?! Anadı da, narahatdı. Hərdən kövrəlir. Bütün analar kimi istəyər ki, uşağı yanında olsun. Axırıncı dəfə onu keçən il toyda görmüşəm”.
Qaldığımız otel ərəb kvartallarından birində yerləşir. Burdan küçə rəssamlarının yığışdığı Tertr meydanına uzaq deyil. Əzəmətiylə Parisə gözəllik verən Sakre-Kör abidəsinə isə lap yaxındı. Otelin yerləşdiyi Dorsel küçəsində hələ də çadralı qadınlara rast gəlmək mümkündü. Səidə xanım danışır ki, tələbəliyi məhz bu kvartalda keçib: “Mənzillərdən hansındasa səhərdən axşama qədər Edit Piafa qulaq asırdılar…” 
Aqil olub-keçənlər haqda özü danışır. Deyir ki, onu məhv eləmək istəyənlər haqda daha düşünmür, hər şey geridə qalıb. Parisə gəldiyi günü yaxşı xatırlayır. Uşaqlıqda ən çox sevdiyi oyuncağı da özüylə gətiribmiş… Parisi Aqillə birlikdə gəzirik. Şəhərin məşhur yerlərini bir-bir geridə qoyuruq. Aqil çalışır ki, Parisə çirkli ərəb kvartallarına görə qiymət verməyək. Sen-Lui adasına baş çəkirik. Aqil bizi latın kvartalından aldığı dondurmaya qonaq eləyir. Lüksemburq bağında təbiətin gözəlliyindən zövq alaraq, dondurma yeyirik. Aqil rahat görünür; Paris xoşumuza gəlib…
Açıq-aşkar hiss olunur ki, Fransa Aqilin ürəyincədi. Parisi xüsusilə sevir. Bəlkə də, ona görə ki, məhəbbətini məhz bu şəhərdə tapıb. Səidə xanım xatırlayır ki, Aqillə tanış olduqları gün Monmartra gəliblər, Sakre-Körün yaxınlığında polşalı küçə musiqiçisinin gitarada ifa elədiyi həzin mahnıya qulaq asıblar. Birlikdə ora gedirik, səssizliyi yenə həmin polşalı pozur. “Şape” restoranında şam yeməyindən sonra Parisin qədim hissəsinin dar küçələrində gəzişirik. Hardansa uzaqdan Edit Piafın səsi gəlir…

Coşqun Eldaroğlu