Daha 2 məhbus ailəsi aclıq aksiyasına qoşuldu

Oktyabrın 19-da ölkədəki siyasi məhbusların azad olunması tələbi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyasına daha iki nəfər qoşulub. Onlar 2 aprel aksiyaçılarından Babək Həsənovun və Arif Alışlının ailə üzvləridir. Səhhətindəki problemlərə görə 3 nəfər aksiyanı dayandırıb. Hazırda aclığı 5 nəfər davam etdirir.

Aksiya iştirakçılarından biri, AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, aksiya uzunmüddətli olacaq: «Çünki hakimiyyət strukturlarından hər hansı bir reaksiya yoxdur. Ölkə vətəndaşının son addım kimi atdığı bu addıma laqeydlik göstərirlər. Biz də bu ölkənin vətəndaşıyıq. Niyə bu addıma əl atmışıq? Münasibət olmalıdır. Ona görə aksiya uzunmüddətli olacaq».

Aclıq aksiyası oktyabrın 14-də başlanıb.