“Ey cahanda həmişəlik qalan Təbrizim, Təbrizim!..”

Düşmənlərdən öc alası, millətimin ər balası!..

Tarix XX əsrin sonlarında bizi neçə-neçə sınaqlara çəkdi. Biz 20 Yanvar qırğınından, Xocalı soyqırımından keçdik, Vətən torpaqları uğrunda gedən döyüşlərdə saysız-hesabsız şəhidlər verdik. Onlardan misilsiz rəşadət göstərən, qəhrəmanlıq zirvəsinə ucalanlar az olmadı. Onlar ölümün üstünə yürüdülər, döyüşlərdən-döyüşlərə atıldılar, son damla qanlarına, nəfəslərinəcən vuruşdular. Əbədiyyətə qovuşanları da oldu, gələcək günlərin əlini sıxanları da!Belə qəhrəmanlarımızdan biri də azadlıq mücahidi, unudulmaz şairimiz Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir.

Təbriz Xəlilbəyli 1964-cü il fevral ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Ana laylasından daha çox haqqı, ədaləti, el-obamızı təsvir, tərənnüm edən, bəzən qaya kimi sərt, bəzən də ipək kimi yumşaq misralar eşitmişdi. Hələ 4-5 yaşlarında atası, unudulmaz şair, saf-sağlam əqidəsindən dönməyən, əsərləri ilə Azərbaycanımızı poetik zirvəyə ucaldan atası Xəlil Rzanın şeirlərinin əksəriyyətini əzbər bilirdi.

Vaxt yetişəndə o, Mikayıl Müşfiq adına 18 saylı orta məktəbə getdi. Müəllimləri onun daxili zənginliyindən, güclü yaddaşından, ədəbiyyata, sözə, sənətə marağından qürur hissi keçirərdilər. Fərəhlənərdilər ki, Müşfiq, Cavid, Mirzə Cəlil, Üzeyir bəy kimi qüdrətli yaradıcılar haqqında tam, dolğun təəssüratı olan şagirdləri var. Günlərin birində Təbriz müəllimindən icazə istəyib C.Cabbarlının “1905-ci ildə” pyesindən bəzi monoloqları əzbər söylədi. Hətta özünün əlavəsini də etdi: “Erməni milləti yaxşılıq başa düşən deyil. Millətimizdən gördükləri mərhəmətin əvəzində torpaqlarımıza ayaq basan gündən xalqımızın başına bəlalar açıblar”. Ədəbiyyat müəllimi şagirdinin qənaətindən sevindi. Amma fərəhini gizlətdi. Çünki zaman, dövran onda başqa idi. Yaxınlaşıb Təbrizin qulağına pıçıldadı: “Sus, oğlum, aqressiv olma” – dedi. Atasına da xəbər göndərdi ki, bəs oğlunuz az yaşında yamanca üsyankardır. Nəzarət edin ki, belə hallara yol verməsin. Öz dövrünü yox, məhz bu günümüzü-müstəqilliyimizi, azadlığımızı düşünən, arzulayan Xəlil müəllim isə demişdir: “Palıd ağacının sonrakı ömrünü onun kökündən boy atan pöhrə yaşadır”.
Rejissor olmaq istədi…
Təbriz orta məktəbi uğurla bitirən ili hazırkı Azərbaycan Mədəniyyət və Incəsənət Universitetinin rejissorluq fakültəsinə daxil oldu. Rejissor Lütfi Məmmədbəyovun kursunda oxuyurdu. Onun dünyagörüşü, seçdiyi sənətə məhəbbəti ilk gündən həmyaşıdlarına, müəllimlərinə bəlli oldu. “Ögey ana” məşhur bədii filmində Ismayıl rolunun ifaçısı Ceyhun Mirzəyevlə, xalq artistləri Həsən Məmmədov, Həsənağa Turabov, Tariyel Qasımov və başqa xarakterik obrazlar yaradan sənətkarlarla dostluq əlaqəsi saxlayar, hörmət bəslədiyi peşənin sirlərini onlardan öyrənərdi. Hələ tələbəlik illərində “Azərbaycanfilm” kinostudiyasında işıqçı vəzifəsində əmək fəaliyyətinə başladı. Çəkilişlər zamanı onun diqqəti, səriştəsi istər aktyorlar, istərsə də rejissorlar tərəfindən rəğbətlə qarşılanardı. Görənlər tam əmin idilər ki, bu gənc gələcəyin görkəmli kino xadimlərindən biri olacaq. Amma…

1988-ci ilin əvvəllərində ermənilər yenidən əzəli yurd yerlərimizin işğalı həvəsinə düşdülər. Təbriz ön cəbhəyə getmək qərarına gəldi. 1991-ci ilin son aylarında o, Qarabağ uğrunda ölüm-dirim mübarizəsinə qatıldı. Ifaları, insanları, obyektləri, taleləri yaşadacaq kinokameranın əvəzinə sinəsinə silah sıxdı. Tez-tez də öz-özünə pıçıldayırdı: “Müharibə – səhnə deyil. Müharibə – xalqı qorumaq üçün reallıqdır!”.

Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır, Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində fəal iştirak etmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü. Ölkəmizin hər bir ərazisi Təbriz üçün doğma, əziz idi. O, bəlkə də üzünü görmədiyi, təbiəti ilə tanış olmadığı Şuşanı, Laçını, Kəlbəcəri daha çox sevirdi. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xramort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dönə-dönə qəhrəmanlıq nümunəsi göstərmişdi. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DIN-nin “Boz qurd” mükafatına layiq görülmüşdü.

Silahdaşlarını dözümlü, cəsarətli olmağa ürəkləndirərdi. Onun qanında, varlığında düşmənə nifrət, kin vardı. Cəbhə bölgəsinə gəlməsindən az müddət keçmiş kəşfiyyat əməliyyatlarına, hücum döyüşlərinə qoşuldu. Xidmətlərinə görə mükafatlar aldı. Adı hörmətlə çəkildi. Övladının cəsarətindən qürur duyan atası demişdir: “Azərbaycan bizim anamızdır. Ata-bala onun xoşbəxt gələcəyi uğrunda ölümə hazırıq”.

1992-ci ilin 31 yanvar günü Təbriz Xəlilbəylinin son döyüşü oldu. Düşmən gülləsi onun xoşbəxt, işıqlı sabahlar arzusu ilə döyünən ürəyini əbədi susdurdu. Həmin vaxtdan 16 il keçməsinə baxmayaraq, o, yaddan çıxmır. Vaxt-bivaxt ehtiramla xatırlanır. Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Əbədi ünvanı Şəhidlər xiyabanıdır. Bakı şəhərində adına geniş küçə verilib. Ömrünün davamını isə iki övladı yaşadır. Onlar da bilirlər ki, Vətən, el-oba sevgisi atalarının canında, qanında idi…Xalq qəhrəmanı olduXəlil Rza Ulutürkün “Ağı”, “Bacım Arifənin oxşamaları”, “Azərbaycanın Milli Qəhrəmanı” kimi şeirləri şairin qəhrəman oğlu Təbriz Xəlilbəylinin, bütün şəhidlərin xatirəsinə ithafdır, elegiyadır.  Bu parça da “Ağı” şeirindəndir:Sevincin, başda tacın var,Türkayın var, Gültacın var.Milyon qardaşın, bacın varMən qoymaram, solmaz baharSolan Təbrizim, Təbrizim!Qanlı köksü dəlik-deşik,Xocalıda bir qəsr tik.Ey cahanda həmişəlikQalan Təbrizim, Təbrizim!..Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanım:“Erməni vəhşiliyinin tüğyan etdiyi vaxtar idi. Şuşaya, Laçına, Kərkicahana ardı-arası kəsilməz basqınlar olurdu. Azərbaycanın üstünü qara buludlar almışdı. Bəziləri öz uşaqlarını döyüş cəbhəsindən xaricə gəndərirdilər. Bu faktlar Xəlilin gözü qarşısında olduğu üçün o həmin ailələrə qarşı çıxırdı: Çörək də tapılar,  ət də, balıq da,Məhəbbət, sədaqət  çəkilib ərşə.Çoxdur məmləkətdə  başıpapaqlı,Kişilik, dəyanət  çəkilib ərşə…Bir dəfə Təbrizim əsgər geyimində evə gəlib dedi:- Ata mənə xeyir-dua ver, mən gedər oldum.Xəlil xeyli ona baxıb:- Uğur olsun, oğlum! – dedi.Mən ağladım, dedim ki, Təbrizim, axı sənin iki körpən var, niyə gedirsən? Qurban olum ay Təbriz, özünü qoru, mənim sizdən başqa heç kəsim yoxdur…Təbriz mənə təsəlli verdi, Xəlilin Lefortovoda yazdığı şeirdən iki misranı özü bildiyi kimi dedi:Bütün dərdi, ələmi  dişlərimlə sıxacam,Dəmir kimi gedirəm,  polad kimi gələcəm…Xəlil Rza bütün əsərlərində azadlıq ideyalarını, vətənpərvərlik eşqini cücərəcək toxum kimi ürəklərə səpmişdi, həmin toxum oğlu Təbrizin qəlbində, təbii ki, daha gözəl boy vermişdi. Məhz həmin hisslərin təsirilə Təbriz cəbhəyə yollanmışdı”…
Onların həyatı, rəşadəti bizə ana Vətəni, ana torpağı -Azərbaycanımızı necə sevməyi, lazım gəlsə onun yolunda canımızdan keçməyi öyrədir. Bir məktəbdir, universitetdir bu igidlərin həyatı, rəşadəti, döyüş hünəri! Onların hər birinin adı ürəyimizin başındadır…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir