Indi olmasın, bir dəfə hansısa məclisdə Əkrəm Əylisli mənə “sağa-sola ki, bu qədər atəş açırsan, bu qədər quyruqları tapdayırsan, bir gün gözünü açıb görəcəksən, ətrafında heç kim yoxdur, hamı səndən üz çevirib”, – demişdi. Sonra kiçik bir pauza vermiş və əlavə etmişdi: “Mən bunu həyatımda yaşamışam. Və bunun nə qədər dəhşətli bir şey olduğunu görmüşəm. Eyni hissləri sənin də yaşamağını istəmirəm”.
Mən həmin sözlərin alt qatında nələr yatdığını o vaxt da anlamışdım. Indi isə daha aydın anlayıram. Əkrəmlər üçün bir insanın titullu, mənsəbli, imtiyazlı dostlarının, tanışlarının olmaması doğrudan da, böyük dəhşətdir. Mənim və dostlarımın isə belə bir kompleksimiz yoxdur. Biz insanları aldığı orden-medalların çəkisinə görə qiymətləndirmirik. Bizim üçün insanların düşüncə və davranış tərzi, ruhu, qəlbi, ağlı, xarakteri önəmlidir. Deputatdır, deputat deyil, xalq yazıçısıdır, xalq yazıçısı deyil deyə insan dəyərləndirilməz. Necə ki, varlıdır, varlı deyil deyə də insan dəyərləndirilməz. Insanı dəyərləndirməyin yolu birdir: o insan yaltaqdır, ya yaltaq deyil, kölədir, ya kölə deyil, qorxaqdır, ya qorxaq deyil, nadandır, ya nadan deyil, cahildir, ya cahil deyil.
Illərdir Azərbaycan cəmiyyətinə bunu anlatmaq istəyirik. Bu mövzuda minlərlə yazı yazmışıq. Çoxlarının kənardan qibtə ilə baxdığı insanlarla çörək yeyib, araq içsək də, bu, bizə həmin insanların yalanlarını, yanlışlarını söyləmək üçün heç vaxt mane olmayıb. Biz onlarla içdiyimiz araqlara xəyanət etmiş ola bilərik, amma həqiqət anında bunun heç bir mənası qalmır. Biz həqiqəti arağa dəyişməmişik. Azərbaycan cəmiyyətində isə bir sürü insan hələ də bu cür adamların maskasını yırtdığımıza görə bizi bağışlamır. “Dejurnı ziyalı”ların ikibaşlı, üçbaşlı oyunlarını ona bağışlayanlar, bu adamın gerçək mahiyyətini ortaya qoyan yazılarımıza görə bizə nifrət edirlər. Bizi qınayırlar. Inanın ki, anarların, əkrəmlərin, fikrət qocaların, ramiz rövşənlərin hansı cəfəngiyyatları üyütdükləri çox vaxt zərrəcə vecimə olmur. Çünki mənim bu merkantil ordusundan, bu psevdo-ziyalı yığnağından heç bir gözləntim yoxdur. Məni yandıran bu adamların indiyədək çıxdıqları hoqqalara, elədikləri riyakarlıqlara rəğmən, onları hələ də qəhrəman gözündə görənlərin olmasıdır. Onlara hələ də qibtə və heyranlıq hissi ilə yanaşanların olmasıdır. Onlardan hələ də ümidini üzməmiş insanların olmasıdır.
Ən pisi odur ki, belələri heç də savadsız, kütbeyin, proseslərdən uzaq adamlar deyillər. Üstəlik, özlərini ölkədəki anti-demokratik rejimə müxalif hesab edirlər. Yaptokratiyanı sevmədiklərini söyləyirlər. Indi gəl bunları başa düş! Ay bacılar, ay qardaşlar, ay xanımlar, ay bəylər, mən indi burda “kar və kərən” haqqında məşhur lətifəni bəlli səbəblərdən yaza bilmirəm, amma sizdən soruşuram: axı bu adamlar sizi, bizi, bütün xalqı daha nə qədər aldatmalı, daha nə qədər ictimai maraqları şəxsi mənafelərinə qurban verməlidirlər ki, nəhayət kimin kim olduğunun fərqinə varasınız? Axı çıxın biriniz mənə anladın görüm, bəy dediyiniz nədir, bəyənmədiyiniz nə? Hakimiyyəti sevməməyiniz nədi, sinənizi Anara, Əkrəmə sipər eləməyiniz nə? Rejimə nifrət etməyiniz nədi, onun “vintcik”lərinə, “təkərcik”lərinə heyranlığınız nə? Deyə bilərsinizmi, siz ümumiyyətlə, bunların hansında səmimisiniz: yaptokratiyaya nifrətinizdəmi, Əkrəm Əylisliyə sevginizdəmi? Hakimiyyətə müxalif olmağınızdamı, Anar Rzayevə buyruqululuğunuzdamı?
Əgər siz, eyni bədəndə bu hisslərin hər ikisini daşıya, yaşada bilirsinizsə, onda məndən inciməyin, bunun adı riyakarlıqdan, ikiüzlülükdən başqa bir şey deyil. Axı niyə anlamırsınız, anlamaq istəmirsiniz ki, əgər bu ölkədə “Viloş”ların vəzifəsi insanları fiziki olaraq sındırmaq, sıradan çıxarmaqdırsa, anarların, əkrəmlərin, fikrət qocaların, ibrahimbəyovların missiyası cəmiyyəti mənəvi olaraq, sarsıtmaqdır. Axı niyə başa düşmürsünüz, başa düşmək istəmirsiniz ki, əgər bu ölkədə DIN-in “bandotdel”inin işi insanları butılkaya oturub, onların barmaqlarını qapı arasında qoyub, bədənini toka verib susdurmaqdırsa, Yazıçılar Birliyinin və ona oxşar “yaradıcı təşkilatlar”ın da görəvi insanların ruhunu zorlayaraq, mənəviyyatına təcavüz edərək, onları qula, mütiyə çevirməkdir. Indi sizin ağlınızca, məntiqinizcə, “bandotdel” pisdirsə, AYB yaxşı ola bilərmi? Bunlar ki, bir medalın iki üzüdür!
Mən indi buradan “niyə başa düşmürsünüz, başa düşmək istəmirsiniz?”, – deyə boğazımı dağıdıram, amma əslində bu sualın cavabını çox yaxşı bilirəm: nə qədər büruzə verməməyə çalışsanız da, sizin də qəlbinizin bir yerində köləlik hissi yatır. O hiss əvvəl-axır sizi də yeni bir Zəlimxan Məmmədliyə çevirəcəkdir, yeni bir Fazil Qəzənfəroğluya dönüşdürəcəkdir. Sadəcə, geci-tezi var.Məni əsəbləşdirdiyi qədər ağrıdan həm də odur ki, siz bu ikiləşməyə məcbursunuzmu? Rejimə nifrət etdiyinizi deyib, onun əlaltısına, qılverəninə çevrilmiş riyakarları, satqınları, ləyaqətsizləri, maddiyyat hərislərini sevməyə məcbursunuzmu? Özünüzü yaptokratiyanın əleyhdarı kimi göstərib, amma onun “vintcik”lərinin, “təkərcik”lərinin qulu olmağa məcbursunuzmu?Qısası: nökərin nökəri olmaqdansa, gedin birbaşa ağanın nökəri olun, biz də işimizi bilək.