Cəbrayılın icra başçısı şikayətçiləri işdən və ağıllı adam siyahısından çıxarır
“Məmurlardan olan şikayətinizi mənə xəbər verin, korrupsiya ilə mübarizə təkcə dövlətin işi olmamalıdır, bütün vətəndaşlar bu işdə öz köməkliyini etməlidir” – dövlət başçısının bu kimi fikirlərinə sadəlövhlüklə inanıb özünü bəlaya salanlar az olmayıb. Az qala 20 ildir eyni yalanlarla aldanılmaqlarına baxmayaraq, vətəndaşlarımızdan hələ də ümid edənləri var ki, ölkədə baş verən qanunsuzluqdan “Çar baba”nın xəbəri yoxdur”.
Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvarda salınan 11 saylı qəsəbədə yaşayan Bəhruz Mürvət oğlu Məmmədov da əsassız ümidə bel bağlayıb başını bəlaya salanlardandı.
“Yetiş, ya prezident”
Mürvət müəllim qəzetimizə 2 sənəd tədqim edib. Bu iki sənəd ölkədə anarxiyanın, məmur özbaşınalığının pik həddə çatdığını çox sadə və anlaşılan formada izah edir.
Birinci sənəd 06 oktyabr 2011-ci il tarixdə dövlət başçısı Ilham Əliyevə göndərilən teleqramdır. Teleqramda Bəhruz müəllim dövlət başçısından kömək istəyir, qeyd edir ki, icra başçısı rayonda şəxsi prinsip və intriqaları ilə düşmənçiliklə məşğuldur. Icra başçısının qanunsuz hərəkətlərinə dur deyilməsə, rayon əhalisi arasında daha ciddi problemlərin yaranacağını anons edən Bəhruz müəllim teleqramına 5 gündən sonra operativ reaksiya alır.
Üzqarası olacaq əmr
Ikinci sənəd elə bu reaksiyaya aiddir. Cəbrayıl Rayon Təhsil şöbəsinin 11 oktyabr 2011-ci il tarixli 226 saylı əmri: “Cəbrayıl RTŞ mühasibi vəzifəsini yerinə yetirərkən ciddi nöqsanlara yol verdiyinə, dəfələrlə əmək intizamını pozduğuna görə Bəhruz Məmmədov tutduğu vəzifədən azad edilsin”.
Buna da şükür?!
Əlavə şərhə ehtiyac varmı? Şikayətlənmək bu ölkədə qadağan olunub. Şikayət edəcəksən, işini, lazım gəlsə, həyatını da itirəcəksən. Bəhruz müəllim işdən azad edilməsi barədə əmri qanunsuz və əsassız sayır. Buna görə o, bütün beynəlxalq təşkilatlara və məhkəmələrə üz tutacağını deyir. O, icra başçısına onu yalnız işdən çıxardığına görə təşəkkürlərini də çatdırır və bunun izahını verir. B.Məmmədovun sözlərinə görə, Cəbrayılın icra başçısının qəribə xüsusiyyəti var. Başçının ondan şikayət edənləri məhkəmə yolu ilə “dəli” çıxarmaq kimi pis vərdişi var. “Çox şükür ki, o hələ məni dəli etdirmək niyyətinə düşməyib”- deyə B.Məmmədov “Azadlıq”a bildirib.
Əsərin “qəhrəmanı” kimdir?
Quliyev Mahmud Nayfalı oğlu 22 iyul 1952-ci ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı Institutunu bitirib. 18 dekabr 2000-ci ildə Cəbrayıl Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Natiq


