Abdin Fərzəliyevin qanunsuzluqlarından bezən 90 ailə Ilham Əliyev və xanımına açıq məktub ünvanladı
Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 61 və 63 saylı binanın sakinləri dövlət başçısı Ilham Əliyev və onun xanımı Mehriban Əliyevaya açıq məktub yazıblar. Bina sakinlərinin bu addımı atmasına səbəb isə onların Ilham Əliyev də daxil olmaqla, rəsmi şəxslərə ünvanladıqları müraciətlərin cavabsız qalmasıdır. Dövlət başçısı və xanımına ünvanlanan növbəti məktubda sakinlər Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda olmaqla, icra strukturlarının qanunsuz əməlləri barədə məlumat veriblər.
Abdin Fərzəliyev “Xocalı qaçqını”nın binasına əl qoydu
Qeyd edək ki, iki binanın arasında sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazi zəbt olunaraq yerində hündürmərtəbəli binanın tikintisi gedir. Binalarda yaşayan 90 ailə də buna etiraz edir. Narazılığın əsas səbəbi isə tikinti işlərinin təhlükəsizlik və inşaat qaydalarına zidd həyata keçirilməsidir. Sakinlər deyir ki, Rayon Icra Hakimiyyətinin nümayəndələri onlara inşa olunan binanın Xocalı şəhərindən olan məcburi köçkün, erməni əsirliyində olmuş müharibə əlili Əli adlı şəxsə məxsus olduğunu bildiriblər. Ancaq sakinlərin narazılığını görən adıçəkilən şəxs inşa olunan binadan imtina edib və ona başqa ərazidə tikinti aparılması üçün yer ayrılmasını istəyib. Sonradan məlum olub ki, ərazinin sahibi kimi təqdim olunan Əli adlı şəxs əslində Xocalı sakini deyil. O, əslən Qərbi Azərbaycanın Qafan rayonundandır.
Bina sakinlərinin etirazından sonra ərazidə aparılan tikinti işləri dayandırılıb. Lakin 4 gündən sonra tikintiyə yenidən start verilib. Əli adlı şəxs isə sakinlərlə əlaqə saxlayaraq, artıq tikinti işlərindən imtina etdiyini və ona Nərimanov Rayon Icra Hakimiyyəti tərəfindən başqa yer ayrıldığını bildirib.
“Əli bizə xəbər göndərdi ki, haqqınızı tələb edin. Mən o ərazinin sahibi deyiləm. Mənə başqa yer ayırıblar. Amma icra hakimiyyəti mənə tez-tez əraziyə gəlməyi və özümü binanın sahibi kimi təqdim etməyi tapşırıb”, – deyə sakinlər bildirdilər.
Icra başçısının tamahı insanların həyatını təhlükəyə atır
Sakinlərlə söhbət zamanı o da məlum oldu ki, ilk günlər 6-7 mərtəbəli bina tikiləcəyi deyilsə də, əslində, 12 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulubmuş. Əli adlı şəxsin yeni tikiləcək binadan imtina etməsindən sonra bütün işlər tamamilə Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin nəzarətinə keçib. Sakinlərin sözlərinə görə, artıq binanın yeni və tək sahibi Abdin Fərzəliyevdir. Məhz onun binaya sahiblənməsindən sonra tikilinin mərtəbələrinin sayının 12-yə qədər artırılmasına qərar verilib.
Sakinlər onu da əlavə etdilər ki, tikinti işlərinə Fərzəliyevin “sağ əli”, faktiki, özünü birinci müavin kimi aparan icra hakimiyyətinin hüquqşünası Nurlan Həsənov rəhbərlik edir. O, ərazidə görünməsə də, hər kəs bilir ki, Nurlan Həsənov Fərzəliyevin “sağ əli” olmaqla, onun bütün “işlərilə” şəxsən özü məşğul olur.
Sakinləri narahat edən başqa bir məqam isə ondan ibarətdir ki, ilk günlər bünövrəsi 6-7 mərtəbəli bina üçün nəzərdə tutulan tikintinin sonradan 12 mərtəbəli yaşayış binasıyla əvəzlənməsi müəyyən təhlükələrdən xəbər verir. Çünki həmin binanın bünövrəsinin hündürmərtəbəli tikintiyə tab gətirməyəcəyi aydındır. Bu isə o deməkdir ki, yeni binanın uçmaq təhlükəsi kifayət qədər böyükdür. Eyni zamanda, bu, təkcə binada yaşayanların yox, həm də qonşu binaların sakinlərinin həyatının risk altında qoyulmasıdır.
Fərzəliyev FHN-nin qərarını necə tapdalayıb?
61 və 63 saylı binaların sakinlərinin Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığı məktuba nazirliyin cavabından aydın olur ki, Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev hətta Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumun qərarını da saya saymayıb. Belə ki, bina sakinlərinin FHN-nin Böhran Vəziyyətlərində Idarəetmə Mərkəzinin “112 zəng mərkəzi”nə müraciətindən sonra nazirliyin 28 sentyabr 2011-ci tarixli cavab məktubunda qeyd olunur: “Tərəfimizdən aparılmış müvafiq araşdırmalar zamanı, müraciətinizdə qeyd olunan məsələ ilə əlaqədar həmin ünvanda – 61 və 63 saylı yaşayış binalarının yaxınlığında aparılan tikinti işlərinin dayandırılması və binalara yanğın avtomobillərinin yaxınlaşması üçün nəzərdə tutulmuş yolun bərpa edilməsi məqsədilə Nərimanov rayon Icra Hakimiyyətinin başçısı adına 28 sentyabr 2011-ci il tarixli 25/22-0638 saylı məktub göndərilmişdir”.
Biz ərazidə olarkən tikinti işlərinin davam etdiyini gördük. Bununla o qənaətə gəlmək olar ki, Fərzəliyev, hətta “fövqəlnazir”i də vecinə almır.
Ilham Əliyevə ikinci müraciətin aqibəti necə olacaq?
Indi 90 ailə başçısının imzaladığı açıq məktubda Ilham Əliyev və xanımından yardım istənilir: “Biz nə edək, kimə müraciət edək? 90 ailənin harayını eşidərək tikintini dayandırmaq və günahkarları cəzalandırmaq üçün bütün səlahiyyətlər sizin əlinizdədir. Deyilənə görə, biz demokratik ölkədə yaşayırıq. Lakin hazırda heç bir demokratiyadan söhbət gedə bilməz. Çünki bir qrup şəxs demokratiya adı altında özlərinə səltənət yaradır”.
Ilham Əliyevə növbəti dəfə müraciət edən sakinlər onun səlahiyyətlərinin icrasına başladığı gün içdiyi anda əməl etməsini gözləyirlər: “Siz prezident seçiləndə ”Qurani-Kərim” və Konstitusiyaya əl basaraq, dediniz ki, “hər bir vətəndaşın problemi mənim problemim olacaq və mənim borcum bu problemləri aradan qaldırmaqdır”. 90 ailə təxminən 300 nəfərə yaxın vətəndaş deməkdir. Indi bu vətəndaşlar sizin bizim qarşımızdakı borcunuzun yerinə yetirilməsini gözləyir”.
Sakinlər ölkə başçısına ünvanlanan ikinci müraciətin də aqibətinin birinci kimi olmayacağına ümidlərini itirmədiklərini deyirlər.
Turan