Vasif Talıbov və əyanları qara siyahıda

Avropa Birliyi Naxçıvan dəhşətlərinə görə sanksiyaya əl atır

Avropa Birliyi oktyabrın 10-da Iranda insan hüquqlarının pozulmasında birbaşa rolu olan Iranın daha 29 rəsmisinə qarşı sanksiya tətbiq edib. Sanksiyaya əsasən, sözügedən 29 nəfərin Avropa Birliyinə üzv ölkələrə səfərinə qadağa qoyulub və onların bu ölkələrdəki bütün əmlakı dondurulub.
“Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Iran məmurlarının məsələsi müzakirə olunarkən onların Azərbaycandakı “kolleqalarının” da işi nəzərdən keçirilib. Lakin Avropa Birliyi Azərbaycanın yuxarı eşelonunda təmsil olunan hakim ailəni və bir sıra nazirləri “qara siyahı”ya salmaqda ehtiyatlılıq nümayiş etdirib. Bunun əsas səbəbi isə “NABUCCO” layihəsilə əlaqədar bir sıra dövlət məmurlarının Avropaya dəvət olunmasıyla bağlıdır.
Bununla belə, artıq xəbər var ki, Avropa Birliyi Naxçıvan Muxtar Respublikasının 4 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq etmək barədə yekdil qərara gəlib. Söhbət Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, onun qardaşı Məhərrəm Talıbov, Muxtar Respublikanın milli təhlükəsizlik naziri Vəli Məmmədov və daxili işlər naziri Əhməd Əhmədovdan gedir. Qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Naxçıvanın 300-ə qədər ziyalısının ötən ay keçirdikləri toplantıda Avropa Birliyi və bir sıra başqa beynəlxalq təşkilatlara müraciət ünvanlanmışdı. Sözügedən müraciətdə yuxarıda adı çəkilən şəxslərə qarşı sanksiya tətbiq edilməsi istənilmişdi.

Natiq