Böyük Britaniyanın məşhur rəssam və dizaynerləri azərbaycanlı fəal Cabbar Savalanlının dərhal azadlığa buraxılmasını tələb edib. Xəbər “Turan”a “Amnesty İnternational”dan məlum olub.
Rəssam və dizaynerlər Londonda Cabbar Savalanlının müdafiəsi ilə bağlı etiraz aksiyasına qatılıblar. Aksiyanın təşkilatçısı “Amnesty İnternational” olub. Etirazçılar Azərbaycan səfirliyinə təqdim ediləcək nəhəng poçt açıqcasına öz imzalarını atıblar.
Onların arasında rəssamlar Syu Vebster, Arun Nayar, “Keane” rok qrupunun üzvü Riçard Xyus, dizayner Patrik Koks və başqaları var.
“Amnesty İnternational” təşkilatının Böyük Britaniya üzrə direktoru Keyt Allen qeyd edib ki, Azərbaycanda kimsə hökumətə qarşı danışmağa cəhd edirsə, müntəzəm şəkildə cəzalandırılır: “Elə Cabbar da belə cəzanın qurbanıdır. O, Azərbaycan hökumətinə tənqidi mövqeyini azad şəkildə ifadə etdiyinə görə həbsxanada cəza çəkir. Bu, insan haqlarının açıq şəkildə pozulmasıdır. Cabbar dərhal azad edilməlidir. Heç kimsə mövqeyini dinc şəkildə ifadə etdiyinə görə təqib oluna və həbs edilə bilməz. Buna görə də Britaniyada tanınmış şəxslərin Cabbarın azad edilməsi çağırışına qoşulması bizi sevindirir”.