Nəqliyyat nazirinin «vurulması» komandada mərkəzdənqaçma meyllərini gücləndirib
Nəqliyyat naziri Ziya Məmmədovun komandası panika içindədir. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, nəqliyyat nazirinin hədəfə gəlməsi onun yaxın ətrafında ciddi təlaş yaradıb. Artıq komandada mərkəzdənqaçma meylləri güclənib.
“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, Ziya Məmmədovun hədəfə gəlməsi onun Beynəlxalq Banka olan kredit borcu ilə bağlıdır. Məlumatda deyilirdi ki, nazir “Azərinşaatservis” üçün Beynəlxalq Bankdan 500 milyon manat kredit götürüb. Həmin vəsaitə “Azərinşaatservis” üçün 6000 adda texnika alınıb. Bu texnika yol layihələrində Nəqliyyat Nazirliyinə icarəyə verilib və nəticədədə “Azərinşaatservis” xeyli gəlir əldə edib. Lakin bununla belə kredit borcu qaytarılmayıb. Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı” gündəmə gələndə bu barədə ölkə başçısı Ilham Əliyevə məlumat verilib. Bundan sonra Ziya Məmmədovun qara günləri başlayıb. Ondan qısa müddətdə götürdüyü krediti qaytarmaq tələb olunub.
Qeyd edək ki, Ziya Məmmədovun səlahiyyətlərinin bir qismi əlindən alınıb. Həmçinin nazir ölkə başçısının yanında etimadını itirib. Bir neçə gün əvvəl Qolf klubun açılışında Anar Məmmədovun görünməməsi də Ziya Məmmədovun “vurulması”nın tərkib hissəsi kimi qiymətləndirilir.
Dünən əldə etdiyimiz məlumata görə isə ölkə başçısı Ilham Əliyevin Ziya Məmmədovun qeyri-rəsmi kuratoru olduğu rayonlara – Ucar, Göyçay və Zərdaba səfəri də bununla bağlıdır. Hər üç rayona səfərdə Ziya Məmmədov ölkə başçısının yanında görünməyib. Hətta Ilham Əliyev birbaşa nəqliyyat nazirinin nəzarətində “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksində görülən işlərlə tanış olarkən belə Ziya Məmmədov orada olmayıb.



