Kazanda millətçilərin aksiyası keçirilib
Tatarıstanın paytaxtı Kazanda “Ittifaq” partiyasının fəallarının və tatar gənclər birliklərinin yaratdığı “Azadlıq” hərəkatının təşkilatçılığı ilə millətçilərin ənənəvi illik etiraz aksiyası keçirilib. Aksiya 1552-ci ildə Kazan şəhərinin Ivan Qroznının başçılıq etdiyi dəstə tərəfindən işğal edilməsinin ildönümünə həsr olunub. Millətçilərin aksiyasında 200-dən artıq tatar iştirak edib. Aksiyaya qonşu Başqırdıstan və Mariy El muxtar respublikalarından gəlmiş millətçilər də qatılıb. Etiraz askiyası hökumət binasından 100 metr aralıda yerləşən paytaxtın Azadlıq meydanında keçirilib. Etirazçılar “Tatarıstana azadlıq” və “Biz müstəqillik tələb edirik” şüarları səsləndiriblər. Aksiyada diqqət çəkən məqam isə millətçi fəalların bəzilərinin NATO silahlı qüvvələrinə aid hərbi qoruyucu-papaq (kaska) geyməsi olub. Kaskaların üzərində ingiliscə “Cəhənnəm olsun Rusiya” şüarı yazılıb.


