“Haqq mübarizəmizi qələbə ilə sona çatdıracağıq”

AXCP yetkilisi Məhəmməd Məcidlinin məhbəsdən müstəqillik günü hədiyyəsi

1911-ci ilin oktyabrında Bakıda Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsuloğlu, Abbas Kazımzadə və Tağı Nağıoğlunun qurduğu Müsavat partiyasının 100 yaşı tamam olur.
8 saatlıq iş günü, tətil və həmkarlar ittifaqları azadlıqları, qadınların hüquq bərabərliyi, insan hüquq və azadlıqlarının bərqərar olması, milli-mənəvi dəyərlərimizin proqram halına salınması, müasir Azərbaycan düşüncə tərzinin formalaşması, ən başlıcası, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsi və onun dünya miqyasında tanınması 100 il öncə M.Ə.Rəsulzadənin liderliyi ilə qurulmuş Müsavat partiyasının adı ilə bağlıdır.
Müsavat partiyası tək Azərbaycanda deyil, Qafqazada və bütün müsəlman dünyasında demokratik prinsiplər üzərində qurulmuş cümhuriyyətçilik ideyasının banisidir.
Azərbaycanın bütün dünyada tanınmasında istər Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə, istərsə də Cümhuriyyətin işğalından sonrakı dövrlərdə Müsavat partiyasının çox böyük xidmətləri olmuşdur.
1920-ci ilin aprel ayında Azərbaycanı işğal edən Sovet Rusiyası işğalın ilk günlərindən başlayaraq öz imperiya xislətinə uyğun şəkildə, müsavatçılar başda olmaqla bütün demokratik düşüncəli insanları məhv etməyə başladı. Öz hüquqları uğrunda mübarizə aparan insanlar sovet hökumətinə qarşı düşmən mövqeyində olmaları əsas göstərilərək, siyasi orqanlar tərəfindən “müsavatçı”, “millətçi”, “əks-inqilabçı” və s. adlandırılırdı və əsasən ermənilərdən təşkil olunmuş sovet cəza dəstələri tərəfindən silahlı basqınlara məruz qalır, sürgünə göndərilir, güllələnirdi.
Sovet rejiminin mövcud olduğu 71 ildə, əsasən də, Türk-islam dünyasının qatı düşməni, qaniçən Stalinin amansız repressiyaları dövründə də Azərbaycanda həbsə, sürgünə, güllələnməyə məruz qalanların əksəriyyəti Müsavat partiyasının üzvləri və bu ideologiyanın daşıyıcıları olmuşlar. Amma bütün bunlara baxmayaraq Müsavat partiyası, bu ideologiyanın daşıyıcıları mühacirətdə və gizli də olsa Azərbaycanda da milli-azadlıq mübarizəsini davam etdirmiş, onu yaşatmışlar.
Məhz bu mübarizənin nəticəsi idi ki, Əbülfəz Elçibəyin liderliyi və müsavatçılıq prinsipləri üzərində qurulmuş Azərbaycan Xalq Cəbhəsinin fəal mübarizəsi, rejimə təzyiqləri öz bəhrəsini verdi: Parlament 1991-ci il oktyabr ayının 18-də “Azərbaycanın müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktı” qəbul etdi və bununla da Azərbaycan özünün tam dövlət müstəqilliyini elan etdi.
Çox təəssüflər olsun ki, bu gün də Azərbaycanda xalqımızın bu 100 illik şərəfli mübarizə tarixinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Xalq Cəbhəsinin tarixi uğurlarına kölgə salmaq istəyənlər var. Amma o şəxslər anlamaq istəmirlər ki, əvvəla Azərbaycan bir respublika kimi müstəqilliyini elan etmədən Sovet Rusiyası tərəfindən işğal edilsəydi, XX əsrin sonlarında SSRI dağılarkən ölkəmiz ən yaxşı halda digər muxtar respublikalar kimi Rusiyanın tərkibində qalacaqdı. Ikincisi, torpaqlarımızın müdafiəsi üçün qeyrətli oğullarımızın Qarabağ və ətraf bölgələrində, azadlıqsevər insanlarımızın meydanlarda, istiqlalçı deputatlarımızın parlamentdə apardıqları şərəfli mübarizənin nəticəsi idi ki, milli liderimiz M.Ə.Rəsulzadənin dediyi “bizim başladığımız bu mücadilə mütləq davam edəcək” kəlamı reallaşdı və 1992-ci ildə demokratik qüvvələrin lideri Ə.Elçibəy xalqın halal səsini qazanaraq prezident seçildi.
Bir illik Azərbaycan Xalq Cəbhəsi – Müsavat hakimiyyəti dövründə bütün məsələlərdə demokratiya ön plana çəkildi və Azərbaycan dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən demokratik ölkə kimi qəbul edildi.
Çox təəssüflər olsun ki, Azərbaycanın milli-demokratik hakimiyyəti cəmi 1 il mövcud oldu. 1993-cü ilin iyun ayında Rusiyanın planına uyğun olaraq, hərbi qiyam təşkil edildi və bu qiyam nəticəsində yeni Azərbaycan bolşevikləri hakimiyyəti ələ keçirdilər. Bununla da Azərbaycanda yeni formalı diktatura rejiminin əsası qoyuldu.
Bu rejimin 18 illik antidemokratik siyasətinin nəticəsidir ki, siyasi baxışlarına görə müxaliflər, onların ailə üzvləri, yaxınları təzyiqlərə, təqiblərə və son vaxtlar isə həbslərə məruz qalırlar. Azadlıq, demokratiya tələb edən insanlara mövcud rejim repressiv addımlarla cavab verir.
Ötən əsrin 30-cu illərində olduğu kimi, bu gün də Azərbaycanda azad, firavan, ədalətli cümhuriyyət, öz hüquqları uğrunda mübarizə aparan insanlar qeyri-insani formada cəzalandırılır, qurama ittihamlarla həbs olunur və işgəncələrə məruz qalır. O vaxt olduğu kimi bu gün də bu məqsədlə “işverənlər ordusu”ndan istifadə edilir və yenə də repressiyaya məruz qalanlar Azərbaycanın yüksəlişi, inkişafı üçün çalışan ziyalılar, azad düşüncəli insanlardır.
Amma tarixin hər hansı bir dönəminə nəzər saldıqda onun  şahidi oluruq ki, repressiyalar həyata keçirən bütün hakimiyyətlər süquta uğramış, ən qatı diktatura rejimləri belə xalqın mübarizəsi qarşısında tab gətirməmiş və məhvə məhkum olmuşlar.
Milli liderimiz M.Ə.Rəsulzadənin 100 il öncə söylədiyi “millətlərə istiqlal, insanlara hürriyyət” şüarı bu günümüzdə də, dünyanın bütün demokratik dövlət və cəmiyyətləri tərəfindən meyar kimi qəbul olunmaqdadır.
Islam tarixinin, millətimizin milli-mənəvi dəyərlərindən olan müsavatçılıq ideyasının yaranmasından 100 il, bu ideya daşıyıcılarının Azərbaycanın müstəqilliyini bərpa etməsindən 20 il ötür. Bu münasibətlə dahi M.Ə.Rəsulzadə başda olmaqla, bu tarixi nailiyyətlərimizdə rolu olmuş dünyasını dəyişən bütün insanlara uca Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm.
Azərbaycanda hakimiyyəti hiylə yolu ilə ələ keçirmiş bu antimilli, antidemokratik avtoritar rejimə qarşı mübarizə aparan, Azərbaycanın müstəqilliyini bərpa etmiş Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyası başda olmaqla, bütün demokratik qüvvələri təbrik edirəm. Əminəm ki, bu haqq mübarizəmizi qısa zaman kəsiyində qələbə ilə sona çatdıracağıq və Azərbaycanın bütövləşməsinin, demokratikləşməsinin şahidi olacağıq.
Böyük ehtiramla, Məhəmməd Məcidli, Kürdəxanı həbsxanası, 15 oktyabr 2011-ci il