Panamanı Azərbaycanla hansı tellər bağlayır
Son çağlar bu ölkənin adı yalnız hakim ailənin biznesi ilə bağlı hallanıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panamaya rəsmi səfərə getməsi bir sıra suallar doğurdu. Belə bir səfərdə məqsəd nə ola bilər? Panama Azərbaycanın üzləşdiyi xarici problemlərin çözümündə hansı rolu oynaya bilər? Elmar Məmmədyarovun bu ölkəyə səfərinin səbəbləri bəlli olmasa da, Panamanın ofşor zona olması haqlı olaraq bəzi mülahizələrə səbəb olub.
Qəzet olaraq son sayımızda bu məsələyə toxunaraq qeyd etmişdik ki, Elmar Məmmədyarovun səfərinin kökündəÿ məhz hakimiyyət təmsilçilərinin burada ciddi maliyyə vəsaitlərinin olması dayanır.
Dünən E.Məmmədyarovun Panamaya rəsmi səfəri ilə bağlı rəsmi məlumatlar yayıldı. Məlumatlara əsaslanaraq irəli sürülən versiyanın həqiqətə yaxın olduğunu söyləmək olar. Səfər çərçivəsində Məmmədyarov Panamanın vitse-prezidenti və xarici işlər naziri xanım Isabel de Sant Malo de Alvarado ilə görüşüb.
XIN-nin Mətbuat Xidmətindən “Trend”ə verilən məlumata görə, Panamanın xarici işlər naziri səfərin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.
Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyən xanım Isabel de Sant Malo de Alvarado iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin təsis edilməsinə xidmət edəcəyini nəzərə çatdırıb.
Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən panamalı nazir Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulayıb.
Görüşün sonunda Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi və Panama Xarici Işlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalanıb.
Ekspertlər hesab edir ki, siyasi posta rəhbərlik edən bir şəxsin bu tip tapşırıqları icra etməsi bir sıra məqamlardan xəbər verir. Bu o anlama gəlir ki, hakim ailə Panamadakı biznesi ilə bağlı məsələləri iqtisadiyyatla məşğul olan şəxslərə deyil, məhz siyasi post tutan şəxslərə həvalə edir. Hakim ailə Panamadakı biznes maraqlarını məhz bu yolla qorunmağa və idarə etməyə çalışır.
Hikmət