Pentaqondan Kremlə ultimatum

pentagon«Bu, məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır»

Rusiyanın döyüş təyyarələrinin oktyabrın 3-dən bu yana ard-arda Türkiyənin hava məkanını pozması ABŞ-ı hərəkətə keçirib. Pentaqon dünən Moskvaya ultimativ tonda müraciət ünvanlayıb.

Müraciətdə Rusiyadan Suriyadakı hava əməliyyatlarında iştirakla bağlı anlaşmanın mətnini Vaşinqtona təqdim etmək tələb olunur.

ABŞ müdafiə naziri Eşton Karterin imzası ilə gedən müraciət barədə “Reuters” agentliyi məlumat yayıb: “Biz Rusiyadan təcili reaksiya gözləyirik. Onlar bizə dərhal cavab verməlidilər”.

Eşton Rusiyanın savaş təyyarələrinin Türkiyənin hava məkanını pozmasını Kremlin məsuliyyətsizliyi və qeyri-peşəkarlığı kimi qiymətləndirib: “Bu, açıq-aşkar məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır. Rusiyaya müraciətimizin səbəbi də bu məsuliyyətsizliyə aydınlıq gətirməkdir”.

Pentaqon rəhbərinin dediyinə görə, anlaşma ilə bağlı təşəbbüs Rusiya tərəfindən gəlib. Indi qaydaları da pozan elə Rusiyadır: “Rusiya ABŞ-dan bu istiqamətdə danışıqların aparılmasını xahiş etdi. Amma indi özü anlaşmanın qaydalarına riayət etmir”.

ABŞ dövlət katibi Con Kerri hadisə ilə bağlı açıqlamasında bildirib ki, bu cür addımlara qarşılıq olaraq Türkiyə həmin təyyarələri vurmaq hüququna malikdir.

Qeyd edək ki, Türkiyə və bəzi Qərb ölkələri Rusiyanın Suriyadakı münaqişədə hərbi iştirakını pisləyən bəyanatlar veriblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın iştirakını səhv adlandırıb və bunun Rusiyanın daha çox təcridinə səbəb olacağını bildirib.

Rusiyanın savaş təyyarələrinin son dörd gündə iki dəfə Türkiyənin hava məkanını pozması NATO-nun da ciddi narazılığına səbəb olub.

NATO baş katibi Yens Stoltonberq Rusiya tərəfinin insidentlə bağlı verdiyi izahatların inandırıcı olmadığını bildirib.

Baş katibin fikrincə, Moskva alyansa heç bir real izahat vermir. NATO da baş verənlərin təsadüf olmadığını düşünür: “Motivlə bağlı spekulyasiyaya yol vermək istəmirəm. Amma NATO baş verənləri təsadüf kimi qəbul etmir. Son günlər ard-arda iki pozuntu halı müşahidə olunub. Biz bunu ciddi qəbul edirik. Alyansÿüzvü olan Türkiyə də Kremldən bu məsələ ilə bağlı lazımi izahatı ala bilməyib”.

Xatırladaq ki, Türkiyə dünən ikinci dəfə Rusiya səfirini Xarici Işlər Nazirliyinə çağıraraq izahat istəyib.

Hələlik Moskva ikinci insidentə aydınlıq gətirməyib. Birinci pozuntu ilə bağlı isə bildirilmişdi ki, bu, hava şəraitinin əlverişsiz olması və hava limanının yerləşdiyi ərazi ilə bağlıdır.

Gültəkin