Lalə Şövkət “Azadlıq”da xalqı təbrik etdi

ALP lideri müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar təbrikində xalqı mübarizəyə səslədi.

“Ədalətsizliyə qarşı mübarizə hər kəsin Allah, Vətən, Xalq, Tarix və övladları qarşısında borcudur” 

Əziz həmvətənlər!

Azərbaycanın Müstəqilliyinin bərpasının 20 ili tamam olur. Bu tarixi hadisə münasibəti ilə bütün xalqımızı, hər birinizi səmimi qəlbdən təbrik edir və ölkəmizin müstəqilliyindən ən dolğun şəkildə bəhrələnməyinizi arzu edirəm. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi XX əsrin əvvəlindən maneələr dolu əzablı yollar keçir, ağlasığmaz çətinliklər, ağır məhrumiyyətlər, ağrılı itkilərlə müşayiət olunur. Nəhayət, 1918-ci ildə Azərbaycan Şərqdə ilk dəfə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə müstəqil demokratik cümhuriyyətini yaradır. Lakin, 1920-ci ildə bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini işğal edir və qanla qazanılmış milli müstəqilliyimizə son qoyur. Buna baxmayaraq məhz bu tarixi mərhələ imkan verdi ki, Azərbaycan SSRİ tərkibində də heç olmasa dövlət kimi

qalsın, ayrı-ayrı quberniyalara təzədən bölünməsin, öz dilini qoruya bilsin. 23 aylıq müstəqillik millətimizin tarixi təfəkküründə belə dərin iz buraxmışdı ki, 70 illik sovet dövrü bolşeviklərin bütün mənfur səylərinə baxmayaraq, onu heç cür yaddaşlardan silə bilmədi.

Milli azadlıq hərəkatının böyük fədakarlığı

Əsrin əvvəllərində Azərbaycanda cərəyan edən milli azadlıq hərəkatının böyük şəxsiyyətlərinin fədakarlığı həqiqətən millət üçün qəhrəmanlıq örnəyinə çevrildi, bizim tarixi yaddaşımızda dərin kök salıb, milli özünüdərk və milli şüurun formalaşmasına təkan verdi, müstəqilliyimizi itirdikdən sonra da istiqlaliyyət uğrunda açıq və gizli mübarizəyə sövq etdi. Məhz bu tarixi yaşadığımıza görə XX əsrin sonunda yaranmış şərait, millətin idrakı və istəyi, xalqın mübarizəsi nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu tarix bizim üçün faciə, fəlakət, üsyan, 
ölüm-qan və mənəvi zəfərdən ibarət zaman kəsimidir.

Artıq müstəqilliyimizin bərpasından 20 il keçir. Bu illərdə dövlətimiz xeyli möhkəmlənmiş, müəyyən uğurlara imza atmışdır. Ölkəmiz dövlət atributlarını qəbul etmiş, BMT, ATƏT, Avropa Şurası və bir sıra başqa nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuşdur, Avropa Birliyi ilə “Şərq Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq edir, dünyanın əksər dövlətləri ilə diplomatik əlaqələr qurmuş və 60-dan çox xarici dövlətdə səfirliklər açmışdır. Ölkəmizdən xarici qoşunlar çıxarılıb, Milli Ordu qurulub.Neft kontraktları işə düşüb və neft-qaz satışından milyardlarla dollar gəlir əldə edilir. Bu gəlirlər hesabına Azərbaycanın ÜDM və büdcəsi dəfələrlə artıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın Avroatlantik məkana iqtisadi inteqrasiyasına təkan verib. İncəsənət və idman sahəsində bir sıra uğurlar əldə edilib. Paytaxtımızın siması müasirləşib və zahirən müsbət dəyişib.Bununla bərabər, məhz bu illərdə 20 faiz torpağımız Ermənistan tərəfindən işğal olunub, Dağlıq Qarabağ problemi öz həllini hələ də tapmayıb. ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistanla danışıqlar həm dünya ictimaiyyətinin ikili standart siyasəti nəticəsində, həm də iqtidarın səhvləri ucbatından uğursuzluğa düçar olub.

Azərbaycan korrupsiya üzrə “dünya çempionu”dur

Təəssüf ki, bu 20 ildə biz zamanın çağırışlarına adekvat cavab verə bilmədik- azad, demokratik, sivil ölkə qura bilmədik. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan qeyri-azad avtoritar ölkələr sırasındadır. Siyasi məkanda institusional heç bir sistem yaranmadı. Seçkilər daim saxtalaşdırıldı, müxalifət partiyalarının fəaliyyəti demək olar ki, qadağan edildi, sovetsayağı bir-partiyalı parlament yaradıldı, rəqabət üçün heç bir şərait nəinki yaradılmadı, əksinə sıfıra endirildi.

İqtidar qəsdən xalqı “özününkülərə” və “özgələrə” böldü, “cəmiyyətdaxili aparteid” yaratdı. Təəssüf ki, bu illərdə günbəgün artan sistemli korrupsiya artıq dövlət ideologiyasına çevrildi. Yuxarıdan aşağı bütün dövlət strukturlarını bürümüş korrupsiya, rüşvətxorluq milyardlarla manat məbləğində dövlət əmlakının talanması və büdcədən gizlədilməsi dövlətin iqtisadi kursuna çevrildi. “Özəlləşdirmə” nəticəsində dövlət əmlakının böyük əksəriyyəti bir ovuc məmurun əlində cəmləşdi. Bütün beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan korrupsiya üzrə “dünya çempionu”dur. Məmurların aqressiv tamahkarlığı, acgözlüyü və vulqarlığı ucbatından misli görünməmiş korrupsiya və talançılıq xalqı zəif və şikəst vəziyyətinə saldı. Şəffaflıq və məmurların hərəkətlərinə ictimai nəzarət olmayan sistemdə korrupsiya mütləq baş verməli idi. Rüşvətxorluq dövlətçilik səviyyəsinə qalxan ölkədə isə islahatlardan, siyasətdən, mədəniyyətdən, əxlaqdan danışmaq əbəsdir. 

Hakimiyyət pul mənbəyi deyil, millətə xidmətdir

Burada dövlətin zəifliyi yüksək səviyyədə korrupsiya ilə mübarizə aparmaq bacarıqsızlığı ilə təsdiqlənir.

Məhz bu misli görünməmiş korrupsiyanın, talançılığın nəticəsində xalqın böyük əksəriyyəti, ələlxüsus elm, təhsil, səhiyyə işçilərinin, zabitlərin, tələbələrin və təqaüdçülərin əməkhaqqı və sosial təminatı acınacaqlı vəziyyətdədir. Təhsil və səhiyyənin keyfiyyətinə görə dünyada ən axırıncılar sırasındayıq. 
Müharibə vəziyyətində və torpaqların 20 faizi işğal altında olan ölkədə vətən uğrunda döyüşmüş şəhid və əlil əsgərlərimiz, veteranlarımız unudulmuşdur.Məhz bu misli görünməmiş korrupsiyanın, talançılığın nəticəsində ictimai mənəviyyatın aşılanması gedir. İctimai mənəviyyatın böhranı isə daha mürəkkəbdir və onun belə həddi var ki, milləti məhv edir. Tarixə nəzər salsaq millətin intiharı əxlaq və mənəviyyatın məhvi ilə başlayır. Bu gün biz həmin təhlükə qarşısındayıq. Bu gün Azərbaycanın ən ağır itkisi- mənəvi dəyərləridir. Biz artıq nəinki milli dəyərlər sisteminin, həm də ümumbəşəri dəyərlər sisteminin ölçülərini alt-üst etməkdəyik, “xeyir” və “şər” anlayışlarını qarışıq salmaqdayıq. Faciədir ki, bu gün hər şey cəmiyyətimizdə pul ilə ölçülür. Bütün dəyərlər, hətta insani münasibətlər pulun köləsinə çevriliblər və pulu hər şeyə qadir hesab edən adamlar özləri pul üçün hər şeyə qadirdirlər. “Hər şey alınır və satılır” prinsipi və ondan doğan alver psixologiyası bütün sahələri bürüyüb: təhsili, səhiyyəni, və onları məhv etməkdədir. Və faciə ondan ibarətdir ki, bu psixologiya bütünlüklə siyasətə də sirayət edib. İnsanların psixologiyasına hakim kəsilən meyar hakimiyyəti də pul mənbəyi kimi dəyərləndirməkdir. Lakin hakimiyyət biznes və pul mənbəyi deyil, millətə xidmətdir. (Yəqin ki, bu sözlərdən sonra siz ürəyinizdə məni sadəlövh adlandıracaqsınız. Amma, inandırıram sizi, millətə xidmətdən dünyada böyük dəyər yoxdur. Bir tarixə nəzər salın: hər bir siyasətçinin qiyməti pulu ilə deyil, yalnız millətə xidməti ilə ölçülür.) Bu gün müasir dünyada dövlətin dəyəri humanist nöqteyi-nəzərdən, yəni insanın inkişafı üçün verilən imkanlarla, insan hüquqlarının təminatı ilə ölçülür. 
Burada əsas amil insandır, onun təhlükəsizliyi, azadlığı, inkişafı üçün şəraiti və rifahıdır.

İnsan faktoru “kölə faktoruna” çevrilib

Təəssüf ki, son 20 ildə bu yöndə bizim üçün dövlətin dəyəri adi insan üçün əhəmiyyətini itirib. İnsan faktoru “kölə faktoruna” çevrilib. İnsan hüquqları, siyasi və iqtisadi azadlığı, mülkiyyət hüquqları dövlət tərəfindən təmin olunmur. İctimai nəzarətsiz olan, vətəndaşları ilə hesablaşmayan hakimiyyət insana yalnız resurs kimi, kölə kimi baxa bilər.
Lakin, bütün bu bəlaların məsuliyyəti tək iqtidarda deyil, hərçənd səlahiyyət sahibi məsuliyyət sahibidir. Bu məsuliyyət bizim hər birimizə də aiddir. Köləliyin anası olan qorxu hissi hələ də canımızdan çıxmır. Müstəqil ölkədə biz hələ də özümüzü müstəqil vətəndaş kimi hiss etmirik. 

Biz hələ də öz hüquqlarımızı dərk edib, onların uğrunda mübarizə aparmırıq. Bu bizim hər birimizin borcudur. Yenə də təkrar edirəm, hər birimizin! Tək müxalifətin, jurnalistlərin, ziyalıların yox.
Mübarizəmiz davam etməlidir   

Əzizlərim! Bütün bu mənfi tendensiyalara baxmayaraq müstəqillik özü hər bir millət üçün böyük nemətdir. Ona görə bu günü bayram kimi qeyd etmək üçün böyük səbəbimiz var. Amma mübarizəmiz davam etməlidir. Bizim amalımız və məqsədimiz Azərbaycanda sivil, azad və demokratik ölkə qurmaqdır. Bu hər birimizin qəlbində olan arzumuzdur!Məhz demokratiya korrupsiyanı, məmur özbaşınalığını, talançılığı, ədalətsizliyi istisna edir.

Məhz demokratiya mədəni münasibətlər üzərində qurulur.
Məhz demokratiya insan hüquqları, azadlıqlarının təminatıdır, şəffaf seçkilərdir, müstəqil məhkəmələrdir, şəffaf idarəetmədir.Məhz demokratiya insana ləyaqətlə yaşamağa imkan yaradır.Mən ümidvaram ki, bizim böyük Millətimiz bu amala yetişəcək və biz ölkəmizdə demokratiyanın triumfunu görəcəyik.
Tərəddüd etdiyimiz hər an vəziyyətimizi ağırlaşdırır   
Əzizlərim! Unutmaq olmaz ki, ədalətsizliyə qarşı mübarizə hər kəsin Allah, Vətən, Xalq, Tarix və övladları qarşısında borcudur. Allah müsəlmanlara “qullarıma qul olmayın” əmr edir. Unutmaq olmaz ki, tərəddüd etdiyimiz hər an bizim onsuz da ağır vəziyyətimizi daha da ağırlaşdırır. Düzgün və vaxtında seçiminizi edin!
Unutmaq olmaz ki, sizin taleyiniz, ölkəmizin gələcəyi sizin əlinizdədir!Sizi bir daha Millətimizin Böyük Bayramı münasibəti ilə təbrik edirəm. Hər birinizə mənalı həyat, doğma Vətənimizin tərəqqisi naminə apardığımız haqq işində uğurlar arzulayıram. Hər birinizə Azərbaycanın taleyinə biganə qalmamağınızı arzulayıram. Vətənimiz uğrunda, onun gələcəyi uğrunda, onun azadlığı və demokratiya uğrunda mübarizənizdə cəsarətli, prinsipial, həmrəy olmağınızı arzulayıram.

Allah köməyini bizdən əsirgəməsin!